AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin işi üzrə zərərçəkmiş qismində tanınan, dəfələrlə məhkəmə iclaslarına çağırılsa da, prosesdə iştirak etməyən Məhəmməd Qurbanov nəhayət ki, yanvarın 29-da məhkəmə iclasına gəlib çıxıb. Ilk baxışdan idmançı təsiri bağışlayan, boyu təxminən 1.90 metr olan Qurbanov iddia edir ki, sentyabr ayında “Gənclik”dən “Nərimanov”a tərəf gedərkən davanın şahidi olub: “Yaxınlaşıb ayırmaq istədim, mənə dedi ki, ”sənlik deyil”. Məni söydü. Amma məni vurmayıb”.
O, əvvəlcə Məmməd Ibrahimə qarşı hər hansı şikayət və tələbinin olmadığını desə də, sonradan sözünü dəyişib: “Məni söyüb də… Tələbim yoxdur, şikayətim var”.
Məmməd Ibrahim isə bu adamın yalan danışdığını, onu ilk dəfə istintaqda üzləşmə zamanı gördüyünü bildirib: “Allaha and olsun, mən bu adamı ilk dəfə istintaqda üzümə duranda görmüşəm. Sənə nə düşüb ki, gəlib burada yalandan üzəduranlıq eləyirsən? Nə qədər ki, gec deyil, çəkil bu yoldan, balaların var. Mənim üzümə durmusan, heç olmasa, bundan sonra başqalarını bədbəxt eləmə. Iki metr boyun var, boyundan utan…”
Polisin adamı
Məmməd Ibrahimlə bir müddət əvvəl AXCP-dən uzaqlaşdırılmış Mikayıl Quliyev arasındakı insident sentyabrın 29-da baş verib. Məhəmməd Qurbanov da onları ayırarkən söyüldüyünü iddia edir. Amma polisə ərizəsi bundan üç gün sonra – oktyabrın 2-də meydana çıxıb. Və özü də məhkəmədə etiraf edib ki, polisə söyüldüyünə görə şikayət etməyib: “Məni söydüyünə görə getməmişəm polisə. Mənə dedilər ki, get, şikayət elə, birdən sonra sənin üstündə qalar…”
Məhəmməd Qurbanov dindirmə zamanı heç vaxt barəsində cinayət işi olmadığını bildirsə də, Məmməd Ibrahimin vəkili Yalçın Imanov bunun əksini sübut edən sənədi məhkəməyə təqdim edib. Məlum olub ki, Məhəmməd Qurbanov barəsində CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, sonradan qarşı tərəflə barışıq əsası ilə işə xitam verilib. Vəkil məhkəməyə yalan ifadə verdiyinə görə zərərçəkmiş barəsində tədbir görülməsini istədi.
“Məmməd Ibrahim dörd aydır ki, siyasi baxışlarına görə həbsdədir. Bu fikri həm də iş materiallarında yazılanlara əsaslanaraq deyirəm. Iş materiallarında dəfələrlə onun AXCP sədrinin müşaviri olduğu qeyd olunur. Əgər Məmməd Ibrahimin həbsində siyasi mənsubiyyətinin rolu yoxdursa, niyə bu məsələ təkrar-təkrar vurğulanır? Məmməd Ibrahim hələ istintaqdakı üzləşmədə demişdi ki, bu adam yalan danışır, onu ilk dəfə indi görür. Biz hesab edirik ki, bu adam Məmməd Ibrahimin işində zərərçəkmişlərin sayını artırmaq və beləliklə də vəziyyətini ağırlaşdırmaq məqsədilə işə əlavə olunub. Hesab edirik ki, iş üzrə digər zərərçəkmiş Oruc Vəliyev də, Məhəmməd Qurbanov da polisin qeyri-rəsmi əməkdaşlarıdır. Barəsindəki cinayət işinə müəmmalı şəkildə xitam verilməsi də bu şübhələrimizi artırır”, – deyə Yalçın Imanov bildirib.
“Artıq adamın həyatı”nı oxu…”
Vəkil Məhəmməd Qurbanovun barəsində cinayət işi başlandığını təsdiqləyən sənədin iş materiallarına daxil edilməsi və iltizama imza atmasına baxmayaraq, yalan danışdığına görə onun barəsində tədbir görülməsi haqda vəsatət qaldırıb. Lakin hakim Turqay Hüseynov vəsatəti təmin etməyib.
Məhəmməd Qurbanovun dindirilməsinin sonunda vəkil Yalçın Imanov ona belə bir sual ünvanlayıb:
– Maksim Qorkinin “Artıq adamın həyatı” əsərini oxumusan?
– Xeyr.
– Get, mütləq oxu, sənə lazımdır…
Daha sonra vəkil bu iş üzrə ibtidai istintaqı aparmış müstəntiq Mübariz Süleymanovun məhkəmədə əlavə şahid qismində dindirilməsi haqda vəsatət qaldırıb. Vəsatət baxılmamış saxlanılıb. Hakim Turqay Hüseynov bildirdi ki, əsas şahidlərin dindirilməsi başa çatandan sonra bu məsələyə baxılacaq.
Məhkəmə prosesi fevralın 1-də davam edəcək.
Xatırladaq ki, Məmməd Ibrahim AXCP-dən uzaqlaşdırılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd Ibrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanovun da şikayətləri ortaya çıxıb və Məmməd Ibrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. Bu maddə iki ilədək islah işləri və ya beş ilədək həbs cəzası nəzərdə tutur.
Aytən Məmmədova