Samir Şərifov: «Bank xeyriyyə cəmiyyəti deyil»
Maliyyə naziri Samir Şərifov dollar kreditləri olanların probleminin həll edilməyəcəyini bildirib. Nazir söyləyib ki, dollarla kredit borcu olanlar gözləmə mövqeyindədir və borcları qaytarmaq istəmir.
S.Şərifov daha sərt danışaraq qeyd edib ki, hər bir adam borc götürəndə saf-çürük etməlidir: “Bank xeyriyyə cəmiyyəti deyil. Bir tərəfdən borc verirsə, digər tərəfdən də əmanət saxlayır. Biz çalışırıq ki, sosial ədalət prinsiplərini pozmayaq. Biz nəyə görə bir borc alanı digərindən fərqləndirməliyik. Dövlət özəl bankla müştəri münasibətlərinə niyə müdaxilə etməlidir? Banklar çox yüksək faizlə kredit verəndə dövləti axtarmırdı. Indi niyə axtarırılar? Mənim yanaşmam bundan ibarətdir”.
Xatırladaq ki, keçən il baş verən devalvasiyalar sonrası hökumət dollarla krediti olan əhalini sakitləşdirmək və gərginliyi azaltmaq üçün kreditlərin köhnə kursla ödəniləcəyini bildirmişidi. 5 min manatadək kreditin ödənilməsi üçün vəsait axtarışında olduğunu, 10 min manata qədər olan borcların isə dolların 1.05 kursuyla qaytarılacağını bəyan etmişdi. Lakin qısa vaxtdan sonra, necə deyərlər, ara sakitləşəndən sonra hökumət kredit güzəştlərindən geri çəkilmək mövqeyi tutdu.
Məsələylə bağlı fikirlərini “Azadlıq”a bildirən iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, banklar kredit təşkilatı olmadığı üçün onların əhaliyə hansısa güzəştə gedəcəyini söyləmək sadəlövhlük olardı. Ekspert bankların xalqın çiyinlərində qərar tutduğunu və bütün gəlirlərini onların sayəsində əldə etdiyini bildirir. Bu mənada əhalinin çətin günündə onların yanında olmaq şərəfli sayılmalıydı:
“Dollarla kredit borcunun yaranmasının bu dərəcədə kəskinləşməsinin səbəbkarı banklar deyil, hökumət, Mərkəzi Bankdır. Mərkəzi Bank birbaşa hökumətə tabedir və onun tapşırıqlarıyla oturub-durur. Dollarla kredit borcunun süni şəkildə şişirdilməsinin, əvvəlcə 34 faiz, sonra isə 50 faizdən artıq yüklənməsinin əsas səbəbkarı hökumətin göstərişiylə Mərkəzi Bankın devalvasiya qərarı oldu. Illərdir böyük maliyyə vəsaitlərinin xərclənməsi adı altında vəsaitlər təyinatından yayındırılır və ölkə böhran girdabına salınır. Odur ki, problem birinin üzərindən digərinin üzərinə atılır. Sadəcə olaraq xalq ayağa qalxanda, etiraz səsini ucaldanda Mərkəzi Bank, daha doğrusu hökumət hansısa güzəşt məsələsini ortaya gətirərək manipulyasiya edir, əhali sakitləşən kimi əvvəlki ampluasına qayıdır. Yəni real gerçəklikdə əhalinin maraqlarını ödəmək sahəsində hökumət əməli iş görmək istəmir”.