«Ziyalı polemikası»nda yeni cinah açıldı
Tarix satqınlığı gizlədə bilməz
Uzun illərdi ki, Cəmil Həsənlini tanıyıram. Hələ Sovet dönəmində Cəmil müəllimin demokratik düşüncələri, rejimə qarşı barışmaz münasibətinə bələd idim. Heç kəs düşünməzdi ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan Cəmil Həsənlilər SSRI-nin süqutunun belə tez olacağını bilirmişlər…
Hörmətli Cəmil müəllim, ancaq bir məsələni görə bilməmişdiniz. Bilmirdiniz ki, gözlədiyimiz müstəqillik Azərbaycan xalqına qismət olsa da, yenidən onun sükanı arxasında yer alanlar qatı kommunistlər olacaq. Müstəqillik illərimiz Sovet rejiminin davamı olacaq. Insani dəyərlər polis zorakılıqları altında əziləcək.
Səmimi deyirəm, düşünməzdim ki, Azərbaycan xalqının azadlığı, haqları, firavanlığı və bərabərliyi uğrunda yorulmadan, qorxmadan, çəkinmədən, bir çoxlarından fərqli olaraq, cəsarətlə mübarizənizi davam etdirəcəksiniz.
Qədim Sparta hökmdarı Aqesilyadan “Insan üçün nə üstündür – ədalət, yoxsa cəsarət”” soruşduqda, o, “Ədalət olan yerdə cəsarətə nə ehtiyac”, deyə cavab vermişdi. Bəli, bu gün qanun anlayışının, haqq-ədalətin olmadığı Azərbaycan adlı ölkədə sizin kimi tanınmış alimin, əsl vətəndaşın, hamımızın sevdiyi ziyalının cəsarətinə çox böyük ehtiyac yaranıb.
Obyektivlik naminə qeyd etməliyəm ki, ölkədə heç də hamı indiki vəziyyətdən narazı deyil. Iqtidara yaxın olanlar, iqtidar partiyası və onun himayəsinə sığınanlar, rüşvət və zorakılıq aləmində xüsusi canfəşanlıq edənlər bu dövrün əbədiliyə çevrilməsini arzu edirlər. Onlar güman edirlər ki, xalq nə qədər itaətkar, qul psixologiyasında, səbrli, talelərinin hökmü ilə barışıb yaşasalar ümumi xoşbəxtliyə qovuşacaqlar. Onlar xalqın alın təri və zəhmətləri bahasına qazandıqları sərvətlərə asanlıqla sahib olub, dəbdəbəli həyat sürməyi bir Tanrı payı kimi qəbul edirlər.
Ölkəni idarə edənlər belə hesab edirlər ki, Azərbaycan xalqı qismətdən, taledən qaçmağın mümkün olmadığını dərk edib, yer üzünün allahı kimi onları qəbul etməlidir.
Voltermi, Ramiz Mehdiyevmi?
Dünyanın görkəmli filosoflarından biri (əlbəttə Ramiz Mehdiyevdən sonra) Volter XVIII əsrin əvvəllərində, çox cavan vaxtında mütləqiyyətə qarşı öz etiraz səsini ucaltmışdı. Bu vaxt özünün qeyri-adi uzaqgörənliyindən və əsrlərin “gələcək tarixinə” nüfuz etməsindən xəbər verən bir məqalə çap etdirmişdi. Məqalə “Mən gördüm ki…” adlanırdı. Məqalədə deyilirdi: “Mən gördüm ki, Bastiliya və minlərlə digər həbsxanalar mərd vətəndaşlarla, dindar təbəələrlə doldurulmuşdur. Mən gördüm ki, xalq qatı köləlikdən qəzəblənmişdir. Mən gördüm ki, əsgərlər aclıqdan, susuzluqdan və hiddətdən həlak olurlar.
Mən gördüm ki, Pop Royal dağıdılmışdır.
Mən gördüm ki, qadın sifətində olan şeytan məmləkəti idarə edir.
Mən gördüm ki, bütün bunlar yezuitləri valeh edir. Mən bu şər əməlləri görəndə mənim hələ 20 yaşım yox idi”.
Əsərdə qadın sifətində olan şeytan dedikdə Volter XIV Luinin ölümündən sonra (1715-ci il) reket kimi ölkəni idarə edən Orlean hersoqunu, Pop Royal dedikdə katolitsizmin xüsusi cərəyanı olan yansenistlərin mərkəzini nəzərdə tuturdu. Yansenistlər katolik dünyasında mühüm rol oynamağa başlayan yezuitlərə qarşı kəskin çıxışlar edirdilər.
Doğrudan da az qala 300 il əvvəlin Fransasını müşahidə edən Volterin iti nəzərləri sanki, yaşadığımız Azərbaycana da yönəlmişdir. Biz onun hər ifadəsini araşdırsaq, Fransa mühitinin o vaxtkı konkretikasından ayrılıb, bir qədər dərindən düşünsək görərik ki, dahi filosof elə bizim bugünkü Azərbaycan həyatını təsvir edib.
Niyə Cəmil Həsənli?
Bəlkə də yazdıqlarım təəccüb doğuracaq ki, nəyə görə Cəmil müəllimə müraciət edirəm. Səbəb Cəmil müəllimin yüksək ləyaqətinə olan hörmətim və onun 15 noyabr 2011-ci ildə “Azadlıq” qəzetində “Rejimin yararsızlığı göz qabağındadır” başlıqlı müsahibəsidir.
Cəmil müəllim “Azərbaycan” qəzetində Ramiz Mehdiyevin yazdırdığı məqaləyə 1948-ci ildə Ermənistandan gəlmiş kənd müəlliminin imza atmasına təəccüb və təəssüf edir. Bəs 2005-ci ildə onlar həbs edildikdən sonra Əli Insanovu, Akif Muradverdiyevi nüfuzdan salmaq üçün yazılan məqalələrə imza atanlar kimlər idi? Kənd müəllimləri səviyyəsində saxta yolla professor və akademik olan Ermənistan “ziyalıları” deyildilər? Təzə nə icad olunub ki?
Gedər-gəlməzə göndərən “ziyalılar”
Cəmil müəllim, yaxşı bilirsiniz ki, 1937-ci ildə Azərbaycanın görkəmli ədəbiyyat və dövlət xadimlərini sıradan çıxarmaq üçün bir qrup həmşəridən (Iran azərbaycanlılarından), bir də Qazax mahalından olan bəzi ziyalılardan istifadə ediblər. Onların verdikləri ifadələrlə çoxlarını gedər-gəlməzə yola salıblar. Indi xalqın var-dövlətini talayanlar içərisində həmin o Iran Azərbaycanından olanlar da var. Yazdığınız “Siyasi rəhbərlik və ziyalılar 1954-1959” adlı fundamental tədqiqat əsərinizdə o məqamlar açıq-aydın qələmə alınıb.
Çox təəssüflər olsun ki, tarix o əxlaq sahiblərini arxivdə qoyub. Ancaq heç bir tarix satqınlığı və saxtakarlığı gizlədə bilməz.
O fəhlə qadın Ziya Bünyadovu necə ittiham edirdi?
Sonradan bu “şərəfli” vəzifəni Ermənistan və Qarabağ qaçqınlarına “etibar” etdilər. Hazırda onlara “ağsaqqal” yolu göstərən təhsil naziri Misir Mərdanov və “Qaçqınkom” sədri Əli Həsənovu hamımız yaxşı tanıyırıq.
Xatirimdədir, mərhum akademik Ziya Bünyadov 1989-cu ildə SSRI Ali Sovetinə deputatlığa namizədliyini verəndə “Bakinski raboçiy” qəzetində onun əleyhinə bir məqalə yazılmışdı. Qəzetin ikinci səhifəsini bütövlükdə əhatə edən məqalədə qədim Göyçə mahalından qaçqın düşmüş Abşeron rayonunun Mehdiabad üzümçülük sovxozunda məskunlaşan bir fəhlə qadının adından yazılırdı: “Azərbaycan xalqının tarixini 60 ildə yaza bilməyən tarixçi alim akademik Ziya Bünyadov xalqımızın üzləşdiyi Qarabağ problemini Moskvada SSRI Ali Sovetinin Qurultayında necə müdafiə edəcək. Onun prinsipiallığına və tarixi həqiqətləri ortaya çıxara bilməsinə inanmıram”.
Hələ bu azmış kimi, həmin o zavallı qadını məcbur da etmişdilər ki, akademikin seçicilərlə görüşündə ona sual versin ki, “Bakinski raboçiy” qəzetində dərc olunan məqaləni oxuyubmu, oxuyubsa orada ona “ünvanladığı” suallara cavab versin.
Həmin vaxt Ziya Bünyadovun o sovxozçu qadına verdiyi cavabı da yaxşı xatırlayıram: “Bacı, çox şadam ki, Mehdiabad sovxozunun fəhləsi rus dilində ”Bakinski raboçiy” qəzetində elə riyakarlıqla məqalə yazıb. Artıq bu bizim sovxozlarda zəhmət çəkən qadınların səviyyəsinin “yüksəlişindən” xəbər verir. O ki qaldı “Azərbaycan tarixini” yaza bilməməyimə, sizə deyə bilərəm ki, mən o kitabı 1971-ci ildə tamamlayıb o vaxt Mərkəzi komitənin birinci katibi Heydər Əliyevə təqdim etmişəm. O mənə demişdi ki, qısa müddətdə oxuyub tanış olacaq və kitabı nəşrə göndərəcək. Hələ də gözləyirəm ki, o kitabı mənə qaytaracaqlar”.
Bundan sonra başqa bir zəhmətkeş akademikdən soruşmuşdu ki, Heydər Əliyev 1982-ci ildən Azərbaycandan gedib, bəs bu illərdə o, niyə kitabını alıb çap etdirməyib. Akademik də cavab vermişdi ki, Heydər Əliyev öz yerinə “əlaltısını” (Kamran Bağırovu nəzərdə tuturdu) qoyub getmişdi, onun özbaşına belə məsələlərlə bağlı qərar verməyə cəsarəti çatmazdı.
Öz dədə-baba yurdundan didərgin düşmüş zəhmətkəş qadından bu cür istifadə etmək də indi gördüyümüz yaramaz əməllərin eyniydi. O qadının belə bir əmələ yol verməsi isə təkcə özünə yox, bütün Ermənistan azərbaycanlılarına baş aşağılığı idi.
(ardı var)
Əli Qaraqoyunlu