Artıq ilə yekun vurmaq vaxtı yetişir. Bir vaxtlar ilin sonunda adamlardan ötən ili qiymətləndirməyi və növbəti il üçün proqnozlar səsləndirməyi xahiş edirdilər. Indi bu ənənə bir qədər səngiyib. Görünür, insanlar daha illərdən də bir şey gözləmir. Mən bunu o qədər də ürəkaçan hadisə hesab etmirəm. Biz dəyişiklikləri baxıcıların, ekstrasenslərin dilindən eşitməyə alışırıq. Öz iştirakımız, hadisələrə təsirimiz getdikcə azalır. Amma ən azı ötməkdə olan bu il belə yanaşmanı rədd edir. Bu il neçə millət Azadlıq üçün ayağa qalxdı? O haqda da düşünməyə vaxtımız olacaq, hər halda, buna ümid edirik.
Bunu sadə bir irad kimi qəbul etməyin. Şagirdlər və tələbələr müstəqil təhsil, bilik almaq, yaşlı insanlar isə müstəqil hərəkət etmək vərdişlərini itirirlər. Bunun fəsadlarını artıq 18 ildir ki, yaşayırıq. Daha bir 18 il də belə yaşayaqmı? Mən sizi bilmirəm, özüm bu üzücü atmosferdən yorulmuşam və hətta bezmişəm!
Hətta bir vaxt Orta, indisə Mərkəzi Asiya dediyimiz regionda belə, süstlük və etinasızlıq yoxdur. Oralarda da insanlar hərəkətə gəlirlər, nəsə etmək istəyir və mübarizə aparırlar. Mən demirəm ki, bu mübarizə qüsursuzdur, onun bir sıra cəhətlərini mən də təqdir etmirəm. Amma əsas odur ki, dinamika var və bu dinamika artan istiqamətdə hərəkət edir. Mübarizə cəhdi, hətta bu günlər boğulsa belə, o yenə qısa bir zaman sonra özünü büruzə verəcək.
Insan məskən salır – bu cümləmi düzgün başa düşün. Mənə belə gəlir ki, biz hələ məskunlaşmamışıq, öz ölkəmizi özümüz üçün Evə, Vətənə çevirməmiş bir tərzdə yaşayırıq, onu hələ məskunlaşdırmamışıq! Biz hələ bu ölkələrdə yaşamaq, özü də axıra qədər yaşamaq qərarını verməmişik! Qərar verəndən sonra ölkə məskunlaşacaq və biz hər şeylə maraqlanmağa başlayacağıq. O gün ölkənin siyasi sistemi də, sosial-iqtisadi modeli də, qanunları da bizim üçün maraqlı olacaq. Mən indi bircə-bircə ərəb ölkələrinə baxıram. Misirli insanlar Mübarəkin, liviyalılar Qəzzafinin, yəmənlilər bir qeyrisinin əsiri idi. Indi onlar bu ölkədə məskən salmağa, onu məskunlaşdırmağa cəhd edirlər.
Ona görə harada Azadlıq Mübarizəsi gedirsə, oralar haqda mən bircə cümlə yazıram: Insan Məskən Salır! Belə yazdım, yadıma V.Havel düşdü…
Köhnə Absurdistanlı
Mənə elə gəlir ki, dünyada çoxlu fəlsəfəçilər var, amma çox az sayda filosof var. Bəli, ötən həftə bu dünyadan daha böyük bir insan getdi – V.Havel də vəfat etdi. Mən bunu dərin bir sarsıntıya çevirmək istəməzdim. Bu da Yoldur və hamı bu Yolu getməlidir. Insan yaşa dolduqca ölümü daha sakit tərzdə qəbul edir. Indi bu hadisə haqda çox şey yazmaq olar. Kimsə öləndə bir-bir sadalamağa başlayırlar: yazıçı, dramaturq, alim! Mən belə sadalamanın heç də tərəfdarı deyiləm. Bunu o insanlar haqqında demək lazımdır ki, onlar bir yazıçı, alim və yaxud başqa peşə sahibi kimi unudulublar, onları sanki yada salmaq istəyirlər: bəs belə də insan olub… Amma mən hesab etmirəm ki, bu adam – Havel unudulub. O, tarixə qarışdı. Onun ən böyük əsəri, bəlkə də elə ən gözəl pyesi həyatı idi. O, bu həyatı sözün böyük mənasında yaşadı!
O, düşündürə bilirdi. Əsl müdriklik də bu deyilmi? Özümün bu qısa həyatımda (mən özümü hələ də yaşlı hesab etmirəm) dərk etdiyim bircə şey var: bizləri düşündürə bilənlərdən bəzi adamlar, xüsusən də böyük siyasətdə olanlar, yaman ehtiyat edirlər! O da düşündürməyi bacarırdı. Mənə elə gəlir ki, Havel də bir gün Çexiyaya nəzər salanda ağlına gələn ilk fikir belə olmuşdu: insan məskən salır! Hə, o böyük insan da özünün sonuncu məskəninə yola düşdü – bizim Havel, əski absurdistanlı!
Çox az adamın haqqında belə sadə, “bizim filankəs” demək olur. Amma onun haqqında bunu demək çətin deyil, çünki hamımız onu oxuyur, başa düşməyə, öyrənməyə cəhd edirdik. Bəlkə o, heç nə etməsəydi belə, “Xartiya-77” bəs idi! O, cəhd etdi və bu cəhd də alındı! Biz də cəhd etsək, yəqin, alınar. Amma biz çox götür-qoy edirik, imitasiya edirik, hər işimizə qrant layihəsi kimi baxırıq. Ona görə də heç nə alınmır və hər şey düyünə düşür. Bəlkə belə deyil?..