Ilham Əliyev bir gündə iki dəfə kədərləndi. Əvvəlcə Şimali Koreyaya göndərdiyi məktubu açıqlandı əlahəzrətin. Orada deyilirdi ki, bizim möhtərəm Kim Çen Irin vəfatından dəhşətli dərəcədə kədərlənib, ona görə də öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir.
Aradan heç bir saat keçmədi, bu dəfə möhtərəmin Çexiya prezidentinə məktubu açıqlandı, orada da Ilham Əliyevin böyük demokrat Vatslav Havelin ölümündən bərk kədərləndiyi məlum olurdu. Hətta mən öz gözlərimlə oxuyub gördüm, hər iki başsağlığı məktubu sözbəsöz, cümləbəcümlə eyni idi, yalnız adları dəyişmişdilər.
Indi bunu necə başa düşək: öz xalqının haqlarını əzən, ondan qul düzəldən, tayfa hakimiyyəti quran bir adamın da ölümünə kədərlənirsən, ömrü demokratiya və azadlıqlar uğrunda mübarizədə keçən, həyatını Kim Çen Ir kimi despotların yer üzündən silinib getməsinə sərf edən bir adamın da ölümünə? Hansında səmimisən bu iki kədərin?
Axı necə ola bilər ki, sənin üçün Kim Çen Irin ölümü də ağır itki olsun, Havelin də? Bir-birinə daban-dabana zidd, bir-birindən 180 dərəcə fərqli dünyagörüşün, təfəkkürün sahibi olan iki adamın ölümü necə sənin üçün eyni anda ağır itki ola bilər? Eyni anda onların hər ikisinin ölümündən necə kədərlənə bilərsən?
Sualları uzatdıqca uzatmaq olar. Soruşmaq olar, məsələn: Havelin ölümünə kədərlənirsən, bəs Havelin bütün ömrü boyu uğrunda mübarizə apardığı dəyərləri niyə sevmirsən? O dəyərləri niyə bəyənmirsən? Havelin ölümünə doğrudan da kədərlənirsənsə, bəs Havelin müdafiə etdiyi dəyərlərə, prinsiplərə qarşı niyə çıxırsan?
Əslində, biz yaxşı başa düşürük ki, Azərbaycanı idarə edən bu orta çağ zehniyyətinin Havelin ölümündən kədərlənməsinin arxasında heç bir səmimiyyət dayanmır. Axı var gücü ilə demokratiyanı, insan hüquq və azadlıqlarını aradan qaldırmağa, qətl etməyə çalışanlar necə ola bilər ki, bir demokratın ölümündən kədərlənsinlər? Həm demokratiyaya qarşıdırlar, həm də demokratın ölümünə kədərlənirlər? Bəsdirin siz allah, güldürməyin bizi.
Guya bilmirikmi ki, əslində, bu saat bunlar yalnız Kim Çen Irin yasını saxlayır, onun ölümündən dərin sarsıntı keçirirlər. Axı nə də olmasa, hər despot bunların kisəsindən gedir. Hər yıxılan tiranla bunların da ürək-göbəyi düşür, keflərinə soğan doğranır, ayaqlarının altından yer, başlarının üstündən göy qaçır. Təklənmək qorxusu ağır dərddir. Sıranın gec-tez sənə də çatacağı əndişəsinə dözmək asan deyil.
Əslinə qalsa, bizim möhtərəm indi guya Havelin ölümünə kədərlənir, amma mən yüzdəyüz əminəm ki, Havel heç vaxt bir despotun yıxılmasından, bir tiranın çökməsindən, bir diktatorun məhvindən kədərlənməzdi. Məsələn, əcəl imkan versəydi, bəlkə Kim Çen Ir də Havelin ölümü ilə bağlı başsağlığı məktubu yazardı, ancaq həqiqət budur ki, Havel Kim Çen Irin ölümünə heç vaxt üzülməzdi.
Sevinərdi – demokratiya adına sevinərdi.
Dünyanın daha bir zəhərli nəfəsdən, ağılsız başdan, qanlı əldən, daşa dönmüş ürəkdən xilas olduğuna sevinərdi.
Odur ki, bundan sonra bir demokrat öldüyündə kədərlənməmişdən əvvəl yaxşı-yaxşı düşünün, məncə… Yaxşı-yaxşı fikirləşin…
Iki səfeh inam
BIR: Haracan pessimist olasan ki, dünyanı misli görünməmiş dəyişikliklər dalğasının bürüdüyü, demokratikləşmənin geridönüşü olmayan bir yola girdiyi vaxtda hələ də Azərbaycanın bu nəhəng prosesdən kənarda qalacağına və bu dəyişikliklərin bir parçası olmadığına inanmağa davam edəsən.
IKI: Haracan optimist olasan ki, ölkə 8 illik hakimiyyəti dövründə bir addım da irəli getməzkən, əksinə, hər gün bir az da feodalizmin dibsiz qaranlığına, orta çağların üfunət saçan bataqlığına gömülərkən hələ də Ilham Əliyevin Azərbaycanı uyğarlaşdırmaq, modernləşdirmək yolunda islahatlara gedəcəyinə inanmağa davam edəsən.