Mühafizəçilər narazı səhmdarları yığıncağa buraxmadı
Icraçı direktor Oktay Rəfiyev öz adamlarıyla zavodun ötənilki gəlirlərini talan etdi
“Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodlarının səhmdarlarının ötən gün toplantısı keçirildi. Iclas saat 11.00-a təyin edilmişdi. Saat 10-da zavodun qarşısında 80-dən çox səhmdar olsa da, mühafizəçilər onları ümumi yığıncağın keçiriləcəyi zala buraxmağa tələsmirdi. Bunun səbəbini aydınlaşdırmaq və ümumi yığıncaqda iştirak etmək üçün onlarla söhbətləşmək istədik. Mühafizəçilər zavodun rəhbərliyinin oturduğu binanı göstərib istədiyimizə orada nail ola biləcəyimizi söylədilər. Həmin binanı qoruyanlar isə rəhbərliklə əlaqə saxlayıb jurnalistlərin ümumi yığıncaqda iştirak etmək niyyətində olduğunu dedi. “Yox” cavabından sonra bayıra çıxıb səhmdarlardan ümumi yığıncağın gündəliyindəki məsələlərlə maraqlandıq. Məlum oldu ki, səhmdarlardan heç birinə bu barədə məlumat verilməyib.
“Bu, bizi ələ salmaqdır. Milli Depozit Mərkəzində bizə məktub göndəriblər ki, dekabrın 19-da saat 11-də səhmdarları olduğumuz ”Bakı Poladtökmə”də səhmdarların ümumi yığıncağı keçiriləcək. Biz də bura yığışmışıq. Lakin bizi içəri buraxmırlar” – deyə, səhmdarlar şikayətlənir.
Təxminən 12.30-da ümumi yığıncağa buraxılan 3-4 səhmdar zavodun binasından çıxıb narazı şəkildə onları gözləyənlərə üz tutaraq “bizi ələ salırlar” dedilər.
Səhmdar Zahir Beydullayev içəri buraxılan zaman artıq iclasın sonu olduğunu görüb: “Ləngidib 12-yə işləmiş zala buraxdılar. Zalda əsasən zavodun rəhbərliyində olan və bizim kimi 30-40 səhmi olanlar vardı. Nəyi müzakirə etdiklərini soruşdum. Yığıncaqda yeni icraçı direktor təyin olunan Oktay Rəfiyev dedi ki, zavodun 2010-cu ildə qazandığı gəliri müzakirə ediblər. Nəsə almaq istəyirlər. Ona görə də bizə dividend verilməyəcək. Ötən il zavodun gəliri 1 milyon 400 min manat olub. Bura toplaşan 180 nəfərin səhmlərinin cəmi 3 faizidir. 20 faiz Zülfüqarlı qardaşlarının, qalan 77 faiz isə kiməsə məxsusdur. Yəni 180 nəfər səhmdara 2010-cu il üçün gəlirin elə də böyük hissəsi verilməyəcəkdi. Ancaq vermədilər, bunu da bizə çox gördülər. Haqqımızı hüquqi müstəvidə həll edəcəyik”.
Hüquq müdafiəçisi Eynulla Fətullayevlə söhbət edən səhmdarların dediklərindən aydın oldu ki, zavodun gəlirlərinin az olmasına baxmayaraq, rəhbərlikdə təmsil olunanlar özlərinə 10 min manat maaş kəsiblər: “Icraçı direktor 10 min, mühasib 7 min, şöbə müdirləri 6-7 min manat maaş alır. Zavodu qeyri-rəsmi idarə edən Rasim Məmmədovun başçılığı ilə gəlirlər talan edilir. Zavodu Zülfüqarlı qardaşlarından alandan sonra ”Baku Stell Company”dən borca milyonlarla manatlıq mal alırlar. Halbuki zavodun anbarında 40 min tondan artıq metal vardı. Bir gecənin içində talan etdilər. Bunu ona görə edirlər ki, sonradan borcun əvəzinə bizim səhmdarı olduğumuz zavodu məhkəmədə “Baku Steel Company”ə peşkəş etsinlər. Bununla da zavodqarışıq bizim səhmlərimiz də itib-batacaq”.
Hüquq müdafiəçisi səhmdarlarla söhbətdən sonra yeni icraçı direktorla da əlaqə saxladı. Rəfiyevin Fətullayevlə söhbətindən məlum oldu ki, zavodun qarşısına yığışan səhmdarların yığıncağa buraxılmaması elə də “əhəmiyyətli məsələ” deyilmiş.
20 faizlik səhm paketinə sahib olan Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov səhmdarların iclasa buraxılmamasını özbaşınalıq adlandırdı: “Təsəvvür edin, mən öz evimə gəlmək istəyirəm, evə buraxmırlar. Səhmdarın yığıncaqda iştirak etməsi hüququdur. Onlara yığıncaqda iştirak etməsi üçün sənəd verilib. Yəni rəsmi bildirişlə səhmdarlar iclasda iştirak etmələri üçün dəvət olunublar”.
A.Ismayılov onu da bildirdi ki, “Bakı Poladtökmə”nin səhmlərinin 20 faizi Zülfüqarlı qardaşlarına məxsus “Birlik” MMC-yə aiddir: “20 faiz səhmləri olan ”Birlik”in təsisçilərinə də bildiriş verilməyib. Onlar yığıncağın qərarının ləğv edilməsi barədə iddia qaldırmalıdırlar. Iclas qanun pozuntusu ilə aparılıb. Həmin iclasda hansı qərarın qəbul edildiyi də bəlli deyil. Oradakı iclas protokolundan çıxarış səhmdarların tələbi ilə onlara verilməlidir. Lakin heç kimə sənəd verilməyib”.
Vəkil səhmdarların yığıncağı adlı toplantının 10 dəqiqə çəkməsinin də qanun pozuntusu olduğunu dedi.
Ramin DEKO