«Erməni soyqırımı» məsələsinin gündəmə gətirilməsi həm də Azərbaycana qarşı yönəlmiş bir addımdır»
Azərbaycan Liberal Partiyası Azərbaycan-Fransa münasibətlərinə böyük əhəmiyyət verərək, dövlətlərarası əlaqələrin gücləndirməsinə müsbət yanaşaraq, Fransa rəhbərliyini, parlamentini Azərbaycanla dost münasibətə zərbə vura biləcək uydurma “erməni soyqırımı”nı parlamentin gündəmindən dərhal çıxarılmasına çağırır.
Bu barədə ALP-nin bəyanatında deyilir.
ALP hesab edir ki, bu məsələ Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransaya Azərbaycan ictimai rəyində inamını kəskin şəkildə sarsıdaraq, hətta Fransanın həmsədrlikdən uzaqlaşdırılmasına dair məsələni gündəmə gətirə bilər.
Fransanın Xalq Hərəkatı Uğrunda Birliyi partiyası tərəfindən qondarma “erməni soyqırımının” tanınması və bunu inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair qanun layihəsi Fransa parlamentinə təqdim olunub.
ALP bildirir ki, məsələnin Fransada prezident seçkilərinin qızğın çağında gündəmə gətirilməsi göstərir ki, qondarma “soyqırım” bir tarixi hadisə kimi yox, yalnız daxili siyasi mübarizədə populist vasitə kimi istifadə olunmaqdadır. “Azərbaycan Liberal Partiyası qondarma ”erməni soyqırımı” məsələsinin Fransa parlamentində gündəmə gətirilməsini qəbuledilməz, ədalətsiz siyasi aksiya kimi dəyərləndirir və əmindir ki, bu, təkcə qardaş Türkiyənin deyil, həm də Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş bir addımdır”.