Qəsəbəyə daxil olanların kimliyi yoxlanılır, qonşu kəndlərin sakinləri təzyiqlə üzləşir
Balıqçılara «narkotik alverçisi» damğası vurulur; telekanallar da onlara qarşı kampaniyaya başladı
Lənkəranın Nərimanabad-2 qəsəbəsinin girişində polis postu qurulub. Sakinlər qorxu içində yaşayır. Qəsəbədə gərginlik hökm sürür. Ərazini Daxili Qoşunların və Sərhəd Qoşunlarının əsgərləri mühasirəyə alıb. Insanlar onların kəndə hücum edəcəklərindən ehtiyat edir. 5 mindən çox əhalisi olan Nərimanabad-2-nin əhalisinin cəmi bir dolanışıq obyekti var – o da balıqçılıqdır. Onu da camaata çox görürlər.
Olay necə baş verdi?
Dekabrın 15-də sərhədçilər qəsəbə sakinlərini balıq ovuna buraxmadıqları üçün tərəflər arasında qarşıdurma yarandı. Rəsmi qurumlar bir qrup sakinin dəniz sərhədlərini pozaraq qanunsuz balıq ovladığını deyirlər: “Bu zaman onlardan 9 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb. Həmin şəxslərin yaxınları, təxminən 150 nəfər kənd sakini sərhəd zastavasına gələrək hərbçilərə təzyiq göstərib, onların azad olunmalarını tələb ediblər. Ictimai qaydanı pozmuş və hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş 9 nəfər Lənkəran Polis Şöbəsinə gətirilib. Həmin şəxslərdən 3-nün izahatı alındıqdan sonra buraxılsa da, 6-sı saxlanıb”. Daha sonra bir nəfər də azad edilib. Digər beş nəfərə isə Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Qəsəbəyə yerləşdirilən Daxili Qoşunların və Sərhəd Qoşunlarının əsgərləri, hərbi texnika insanları vahimələndirib. Vətəndaşlar onlara atılan rezin güllələri belə təsvir edirlər: “Belə bir dəhşət görməmişdik. Sakinlər xahiş etdi ki, tutulanları buraxın. Bir də gördük ki, Daxili Qoşunlar kəndə girdi. Tutulanların arasında eləsi var ki, yolda həbs olunub. Yeməkxanadan çıxanı belə aparıblar. Guya balıqçılar dövlət əleyhinə çıxır”.
Hüquq-mühafizə orqanları balıqçıların 3 qayığını müsadirə edib. Bir qayıq isə hadisə zamanı batıb: “Hərbi gəmi qəfildən qayığın üstünə hücuma keçib. Nəticədə qayıq batıb. Qayıqdakılar özlərini güclə xilas edə biliblər”.
Tez-tez münaqişə
Son üç ildə su polisi və buradakı sərhəd zastavası əsgərləri ilə bir neçə dəfə konfliktlər yaşanıb. Hər dəfə də dövlət orqanları qərarları əhalinin əleyhinə qəbul etdiyindən narazılıqlar bir qədər də dərinləşib. Onların azad olunmasını tələb edən qəsəbə sakinləri bunun üçün rüşvət verməyə məcbur ediliblər. Ancaq onlar buna razı olmayıblar. Bunun əvəzində ilk gündə 9 nəfərin azadlığa buraxılması üçün Sərhəd Qoşunlarının komandirini girov götürüblər. Sakinlər girovu geri qaytarsalar da, əsassız yerə həbs olunan insanlar azadlığa çıxmayıb.
Qəsəbə sakinləri həm də informasiya blokadasındadır. Jurnalistləri və hüquq müdafiəçilərini əraziyə buraxmamaq üçün yeni metoda əl atılıb. Belə ki, ərazini mühasirəyə alan qoşunların başbilənləri bu işi elə sakinlərin əliylə görmək istəyirlər. Onlar insanlar arasında qarşıdurma yaratmaqla yanaşı mətbuatda, guya, tutulanların narkotik üstündə həbs olunduğunun yazıldığını deyirlər. Heç nədən xəbərsiz olan sakinlər bunu qəbul edə bilmir: “Indiyə qədər bu kənddən heç kim narkotik maddə saxlamaq ittihamıyla həbs olunmayıb. Bu, yalan məlumatdır”.
Sakinlər nə deyir, prokurorluq nə?
Qəsəbə sakinləri balıq tutmaq üçün onlara 2 mildən uzağa getməyə icazə verilmədiyini söyləyirlər: “2 mildə yalnız qurbağalar quruldayır. 7-8 mildən sonra nəsə tutmaq mümkündür. Üstümüzə ad qoyublar ki, narkotiklə məşğuluq. Halbuki hər gün balıq ovuna çıxanda yoxlanılırıq. 21 litr benzinimiz olanda icazə vermirlər. Bəzən elə olur ki, heç həmin gün dənizə buraxılmırıq. Artıq benzin götürdüyümüzü bəhanə edirlər. Bir litr artıq benzinlə narkotik əldə etmək olar? Iran sərhədinə getmək üçün 60 litrdən artıq benzin lazımdır”.
“Bəs bu camaat neyləsin, dərdin kimə desin? Əkdiyi məhsulu da meyvə-tərəvəz mafiyası qoymur satsın. Xərçəng, sonsuzluq xəstəliyi yaradan genetik modifikasiya olunmuş məhsulları gətirirlər. Biz öz halal məhsulumuzu sata bilmirik” – deyə, sakinlər kömək umurlar.
Telekanallar məlumat yayırlar ki, qəsəbə sakinləri iranlı alverçilərlə əlbirdirlər: “Ancaq bircə dənə də olsun fakt üzə çıxmayıb. Insanları şərləməklə özlərinin günahsız olduqlarını sübut etməyə çalışırlar”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Trend”ə açıqlamasında insident zamanı bir neçə polis əməkdaşı və kənd sakini Rahil Vəliyevin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyini və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıldığını deyib: “Hadisə zamanı Rahil Vəliyevin, guya, zirehli texnikanın altında qalması barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Qeyd etdiyim kimi, Vəliyev, eyni zamanda, bir neçə polis əməkdaşı hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda həmin xəsarətlərin hansı şəraitdə və kimlərin yetirməsi araşdırılır. Aparılmış ilkin araşdırmalarla ictimai qaydanı kobud surətdə pozmuş və hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş 4 nəfər – Əkbərov Xaliq Arif oğlu, Hüseynov Ismayıl Isa oğlu, Abbaszadə Kainat Ağamməd oğlu və Məmiyev Fərid Nizami oğlu qeyd edilən cinayətin törədilməsində şübhəli şəxs qismində saxlanılıblar”.
Günün sonunda isə…
Günün sonunda məlum oldu ki, polislər ərazidə gücləndirilmiş iş rejiminə keçiblər. Qəsəbə tamamilə mühasirəyə alınıb. Kəndə giriş-çıxış məhdudlaşdırılıb. Nərimanabad-2-yə təşrif buyuranların kimliyi yoxlanılır. Yalnız qəsəbə sakinləri kəndə daxil ola bilir. Hətta qonaq gələnlər belə, əziyyət çəkməli olurlar…
Ramin DEKO
HƏMÇİNİN BAX: