ABŞ və Birtaniya Liviyaya qarşı sanksiyaları dayandırdı
BMT-nin Təhlükəsizlik Şurası Liviyanın Mərkəzi Bankı və Liviya Xarici İnvestisiya Bankına qarşı tətbiq edilmiş sanksiyaları ləğv edib. Liviyanın nağd pul böhranının öhdəsindən gəlməsi üçün bu addım atılıb. Qərar Liviyanın yeni hökumətinə xaricdə saxlanan milyardlarla dollarlıq hesabları açmaq imkanı verəcək.
Liviyanın bankları və xaricdəki hesabları bu ilin əvvəlində ölkə diktatoru Müəmmər Qəzzafiyə qarşı sanksiyaların bir hissəsi kimi tətbiq edilmişdi. Liviyanın yeni hökuməti bu yaxınlarda Qərbə müraciət edərək xarici banklarda dondurulan 150 milyard dollar vəsaitin qaytarılmasını istəmişdi.
ABŞ və Böyük Britaniya dərhal BMT TŞ-nın qərarını yerinə yetirib. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Hoque bildirib ki, Liviya hökuməti ölkənin bərpası və sabitliyin bərqərarı üçün lazım olan vəsaitə tam çıxış əldə edəcək. O, Liviyanın Böyük Britaniyada saxlanılan 10 milyard dollar həcmində dondurulmuş hesabının açılacağını söyləyib. ABŞ maliyyə nazirliyi də Liviyanın 30 milyard dollarlıq hesabının aktivləşdiriləcəyini açıqlayıb. ABŞ Liviyaya qarşı tətbiq edilmiş siyasi sanksiyaları da aradan qaldırıb.