Ekspertlər bunu Qərbin Irana hücum edəcəyi ilə əlaqələndirir
Vəfa Quluzadə: «Rus qoşunlarının sərhəddə aktivləşməsi daha çox Azərbaycana təzyiq məqsədi daşıyır»
Regionumuzda geosiyasi gərginlik artmaqdadır. Iran ətrafında baş verən proseslərin fonunda Rusiyanın Cənub sərhədlərinə qoşun yığması situasiyanı bir qədər də qəlizləşdirib. Bundan başqa, ABŞ-ın vitse-prezidenti Cozef Baydenin ardınca müdafiə naziri Leon Panettanın Türkiyəyə səfər etməsi Vaşinqtonun regiondakı prosesləri diqqətlə izlədiyini göstərir.
Rusiyanın tanınmış media qrumu olan “Nezavisimaya qazeta” bu günlərdə sensasiya yarada biləcək material dərc edib. “Yeni Müsavat” qəzetində yer alan bu məqaləyə görə, Azərbaycanın sərhədləri boyu yerləşən Rusiya qoşun qruplaşmaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. “Nezavisimaya qazeta”nın yazdığına görə, bu addım Irana qarşı hərbi əməliyyatların tezliklə başlayacağı ilə bağlıdır. Rusiya Müdafiə Nazirliyindəki mənbələrdən qəzetə daxil olan məlumatda deyilir ki, Suriya və Iran ətrafında yaranmış geosiyasi vəziyyət Moskvanı Cənubi Qafqaz, Şimali Qafqaz, Aralıq və Qara dəniz, habelə Xəzər dənizindəki hərbi qruplaşmalarının döyüş hazırlığını yüksəltməyə vadar edib. Bildirilir ki, ABŞ-ın dəstəyi ilə Israilin Iranın nüvə obyektlərinə zərbələr endirəcəyi “X günü”nün yaxınlaşdığı barədə Kremlə məlumatlar daxil olmaqdadır. Bu məlumatlara görə, zərbə qəfildən endiriləcək. Qəzetin əldə etdiyi məlumatları şərh edən ekspertlər vurğulayırlar ki, Irana zərbələrin endirilməsindən sonra regionda nəticələrini proqnozlaşdırmaq mümkün olmayan irimiqyaslı müharibənin başlaması da mümkündür.
Mövzu ilə bağlı suallarımızı politoloq Vəfa Quluzadəyə ünvanladıq. Ilk sualımız Rusiyanın Azərbaycanla sərhəddə qoşun yığmasının səbəbləri ilə bağlı oldu. Çünki, məlumatlara görə, Dağıstanın Izberbaş rayonunda, Azərbaycan sərhədlərinin bilavasitə yaxınlığında yerləşən əlahiddə raket divizyonu da yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Həmin divizyon gəmi əleyhinə “Bal-E” raket kompleksləri ilə təchiz olunub, bu raketlərin zərbə məsafəsi 130 kilometrdir.
Rusiya Azərbaycana hücum etsə, qarşısında Türkiyəni görəcək
– Rusiyanın qərargahlarında Azərbaycana hücumla bağlı vaxtaşırı müxtəlif planlar gündəmə gəlir. Rusiya heç zaman bunu gizlətməyib ki, o, yenidən Azərbaycanı Rusiyanın tərkibində görmək istəyir. Rusiyanın hazırda Şimali Qafqazda arxalandığı əsas qüvvə Ramzan Kadırovdur. Hələlik Rusiyanın Azərbaycana açıq hərbi hücumu üçün nə regionda, nə də Moskvada əlverişli siyasi şərait var. Rusiya seçkidən sonra ciddi siyasi gərginlik yaşayır. Ona görə Azərbaycanın tam ram edilməsi ilə bağlı fikirlər hələ ertələnməlidir. Amma o da istisna edilməməlidir ki, Putin bütün əlverişsiz məqamlara baxmayaraq, Azərbaycana hücum haqqında düşünə bilər. Bəlkə də Putin düşünür ki, Gürcüstana hücum kimi Azərbaycana da hücum onun reytinqinin artmasına səbəb ola bilər. Ona görə Azərbaycan və onun müttəfiqləri olan Türkiyə və ABŞ Rusiyanın addımlarını diqqətlə izləməlidirlər. Putin Azərbaycanı özü ilə konfliktə cəlb etmək üçün müəyyən təxribatlara yol verə bilər. Amma bir məqamı da unutmaq lazım deyil ki, Rusiyanın Azərbaycana qarşı açıq aqressiyasını Türkiyə sükutla qarşılamayacaq. Ankaranın sakit qalması onun regiondakı nüfuzuna neqativ təsir edə bilər. Türkiyə artıq Ermənistanda sərhədlərin açılması barədə imzalanan sənədləri zibil qutusuna atıb. Bu isə o deməkdir ki, Rusiya Azərbaycana hücum etsə, qarşısında Türkiyəni görəcək.
Rusiya Azərbaycandan narazıdır
– Rusiyanın bu addımı Irana qarşı hücumun hazırlandığına dair konkret məlumatlar əldə etdiyinə görə atdığı bildirilir?
– Düşünmürəm ki, Rusiya Irana hücum olacağı halda bu məsələyə qarışsın. Rusiya artıq SSRI deyil. Rusiya slavyan qardaşları olan Yuqoslaviya vurulanda heç bir addım atmadı. Liviyaya qarşı müdaxiləyə sükutla yanaşdı. Rusiya artıq Yaxın Şərqdəki mövqelərini, silah bazarını itirsə də bunları sükutla qarşılayır. Qərb Iranı havadan zərbələr vasitəsilə diz çökdürmək istəyir. Irana qoşun yeridilməsi Qərbin planlarına daxil deyil. Ona görə rus qoşunlarının sərhəddə aktivləşməsi daha çox Azərbaycana təzyiq məqsədi daşıyır. Çünki hazırda Rusiyanın bir sıra gözləntiləri ilə bağlı Azərbaycanın mövqeyi məlum deyil. Rusiya Qəbələdə yeni RLS tikməyə hazırlaşır, amma Azərbaycandan heç bir cavab yoxdur.
– Amma məqalədə o da vurğulanır ki, Irana qarşı Qərbin quru əməliyyatı keçiriləcəksə, o zaman rus ordusu proseslərə müdaxilə edə bilər?
– Rusiya belə bir addım atmayacaq. Hazırda rus ordusunun onsuz da vəziyyəti bərbad gündədir və Rusiya tədricən müttəfiqlərini satmaqla məşğuldur. Rusiya BMT-yə indi Suriyanı cəzalandırmaq barədə qərar layihəsi göndərib.
– Amerikanın Israilin köməyi ilə Irana zərbə endirəcəyi ehtimalları yenə də irəli sürülür?
– Bu cür ehtimallar dəfələrlə irəli sürülüb və hər dəfə yalan olub. Amma bu cür informasiyalar yayılırsa, onların reallaşması da mümkündür. Hər bir halda, ABŞ Irana qarşı bununla psixoloji müharibəsini davam etdirir.
Rusiya Türkiyə sərhədinə qoşun yığır
– Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası tam optimallaşdırılıb. Hərbçilərin ailə üzvləri Rusiyaya köçürülüb, Irəvan yaxınlığında yerləşən Rusiya qarnizonu ixtisar edilib, həmin qarnizonda dislokasiya olunmuş hərbçilər Gümrüdəki bazaya, Türkiyə sərhədləri yaxınlığına köçürülüb. Belə ki, Rusiya hərbi çevrələrinə görə, ABŞ Türkiyə ərazisindən istifadə etməklə Irana zərbə endirə bilər…
– Türkiyə bir NATO ölkəsidir. Əgər Rusiya Türkiyəyə qarşı hər hansı hərbi qarşıdurmaya girməyi planlaşdırırsa, o zaman NATO ilə qarşıdurmaya gedə bilmə ehtimalını düşünməlidir. Rusiya bütün NATO ölkələri ilə əhatə olunub.
– Qəzetdə vurğulanır ki, Rusiya Ermənistandakı hərbi bazasının maddi-texniki təchizatı ilə bağlı narahatdır. Çünki Gürcüstan sərhədi bağladığından Rusiya 102-ci bazanı Iran vasitəsilə təchiz edirmiş. Iranda müharibə başlayarsa, Rusiya bu zaman Gürcüstandan təchizatını aparmaq üçün bu ölkəyə qoşun yeritmək məcburiyyətində qalacaq?
– Gürcüstan buna təbii ki, imkan verməyəcək. Digər tərəfdən, Rusiya ordusu hazırda böyük ruh düşkünlüyü yaşayır və Gürcüstanla toqquşma onlara baha başa gələ bilər. Gürcüstan ordusu da yenidən silahlandırılıb, təlim keçib. Inanmıram ki, rus ordusu bu dəfə Gürcüstana qalib gələ bilsin. Rusiya ordusunda döyüş qabiliyyəti olan yalnız Ramzan Kadırovun dəstələridir. Hətta bəzi informasiyalara görə, Moskvada təhlükəsizliyi təmin etmək üçün bu dəstələrin köməyindən istifadə olunması düşünülür. Rusiya Gürcüstana hücuma keçərsə və ya onun ərazisindən Gümrüdəki bazanın təchizatı üçün istifadə edərsə, o zaman ABŞ-ın sərt zərbəsinə məruz qala bilər. ABŞ-ın müdafiə naziri çox açıq şəkildə bəyan etmişdi ki, bir daha Rusiyaya belə addım atmağa imkan verməyəcək.
– Dekabrın 1-dən etibarən Rusiyanın Cənubi Osetiya və Abxaziya ərazisində yerləşdirilmiş hərbi qüvvələri də yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Bəs bu məqamı necə şərh etmək olar?
– Hazırda Abxaziya və Osetiyada Rusiyadan ciddi narazılıq var. Rusiyanın canişini Kakoytanı bu regiondan müxalifət qovub. Artıq hər iki bölgənin əhalisi ruslara qarşı çıxmağa başlayıb. Rusiyanın bölgədə zəif olduğu bir məqamda ordan hansısa əməliyyat reallaşdırması mümkünsüz olacaq. Ermənistan da həmişə Rusiyanın müttəfiqi olaraq qalmayacaq. Vaxt gələcək Ermənistan da Rusiyaya deyəcək ki, Gümrüdən bazanı geri çək. Rusiya bu reallıqları anladığından, görünür, hərbi yolla regiondakı mövcudiyyətini bəyan etmək istəyir.
Rusiyanın sərhədə qoşun yığması Ankaraya mesajdır
– Hərbi ekspert, istefada olan polkovnik Vladimir Popovun fikrincə, regionda vəziyyət gərginləşərsə, Azərbaycan revanş almaq üçün Qarabağa preventiv zərbələr endirə bilər. Əgər Azərbaycan Türkiyənin dəstəyinə arxalanarsa, o zaman Rusiya da Ermənistana yardım edəcək. Proseslərin bu ssenari üzrə inkişafı, sizcə, nə dərəcədə inandırıcıdır?
– Azərbaycanın Ermənistana hücum etməsi məsələsi rus KIV-ində bilərəkdən qabardılır. Çünki Rusiya Azərbaycana hücum edəcəyi təqdirdə məsuliyyəti Bakının üzərinə atmaq istəyir. Azərbaycan ordusunu gücləndirsə də, hələ Ermənistana hücum etmək fikrində deyil. Regionda Rusiyanın mövcudluğu olmasaydı, Azərbaycan Qarabağ problemini asanlıqla özü çözə bilərdi. Rusiya mətbuatında Türkiyənin adının hallanması isə Ankaraya mesajdır ki, bu region Kremlin nəzarəti altındadır. Elə sərhədə qoşunun yığılması da bu məqsədə xidmət edir.
Xəyal