Pakistan məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfə bəraət verib.
Müşərrəf 2006-cı ildə ölkənin Bəlucistan vilayəti millətçilərinin lideri Əkbər Buqtinin ölümündə təqsirli bilinərək barəsində cinayət işi qaldırılmışdı.
Rusiyanın RİA Novosti agentliyi bildirir ki, Pərviz Müşərrəf 2013-cü ilin oktyabrında zaminə buraxılıb. Bundan başqa, eks-prezidentin adı daha bir neçə cinayət hadisəsində də hallanırdı.
“Məhkəmə keçmiş prezident Pərviz Müşərrəfə və adları hallanan digər şəxslərə qarşı bütün ittihamları ləğv edib”, – deyə adı cinayət işində keçən sabiq daxili işlər naziri Aftab Şerpao deyib.
Pərviz Müşərrəf başqa bir cinayət işi ilə bağlı məhkəmə qarşısında cavab verəcək. Belə ki, o, 2007-ci ildə Pakistanda fövqəladə vəziyyət elan etdiyi və Ali Məhkəmənin sədrini həbs etdirdiyi üçün dövlət çevrilişində də ittiham edilir.
Xatırladaq ki, Müşərrəf 2001-2008-ci illərdə Pakistan prezidenti olub.