Nemət Əliyev: «Manatın məzənnəsi həm neftin qiyməti, həm də qeyri-neft sektorunun zəif inkişafı üzündən ağır zamanını yaşayır»
Martda dolların növbəti faiz artırımı gözlənilir. Iqtisadçıların çoxu FED-in əlində saxladığı aktivlərdən gəlirləri investisiyaya istiqamətləndirməyə 2017-ci ilə qədər davam edəcəyini təxmin edir.
Dünya bazarında neftin qiyməti 30 dollarlıq psixoloji həddi keçib. Ekspertlərin fikrincə, bu tendensiya neftin qiymətində enişin hələ bir müddət də davam edəcəyini deməyə əsas verir.
Mərkəzi Bankın dollar ajiotajının qarşısını almaq üçün atdığı addımlar isə hələ ki, kifayət etmir. Dünən Mərkəzi Bank müntəzəm hərracları vasitəsilə hərrac təşkil edib.ÿ Dövlət Neft Fondu 200 milyon, Mərkəzi Bank isə 100 milyon ABŞ dolları, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 35 banka satılıb. Amma maraqlı tərəf budur ki, bu vəsaitlərin böyük hissəsi hakim ailənin nəzarətində olan banklara verilib.
Eyni zamanda MB-də xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üzrə tender elan edilib.
“Marja” xəbər verir ki, tender proseduru martın 1-də saat 15:00-da MB-nin inzibati binasında keçiriləcək.
Iddiaçılar tenderdə iştirak haqqı kimi MB-nin hesabına 200 manat köçürməlidir.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, əgər dolların uçot dərəcəsi yenidən artırılacaqsa, bu, dolların dəyərini bir qədər də artıracaq. Bunun isə manata əlavə təzyiq yaradacağını deyən N.Əliyev vurğuladı ki, manatın məzənnəsi hazırda həm neftin qiymətinin düşməsi, həm də ölkənin qeyri-neft sektorunun zəif inkişafı üzündən ağır zamanını yaşayır. N.Əliyevin sözlərinə görə, dolların uçot dərəcəsinin artırılması manatın daha sürətlə dəyər itirməsinə səbəb olacaq: “FED-in qəbul etdiyi qərar Azərbaycan hakimiyyəti üçün bir siqnal olmalıdır. Hakimiyyət özünün fəaliyyətsizliyi ilə vəziyyəti daha da qəlizləşdirib. Yaranmış vəziyyət çox ağırdır. Bu vəziyyətin öhdəsindən gələ bilmək üçün ciddi islahatlara ehtiyac var. Hökumət isə həm bu ciddi islahatları həyata keçirmir, həm də gündə bir qərar verərək daha sonra həmin qərarı ləğv edir. Bunun özü onu deməyə əsas verir ki, ortalıqda siyasi iradə yoxdur. Bu yoxdursa, deməli, vəziyyətin düzələcəyinə ümidlər də azalır. Dollar qıtlığının fonunda Neft Fondunun 200 milyonu satışa çıxarmasının müəyyən faydalı tərəfləri olsa da, ziyanlı tərəfləri də az deyil. Əgər Neft Fondu bunu özünün aktivlərindən ayıraraq satışa buraxıbsa, bu yanlış addımdır. Dollarda saxlanılan bir valyuta ölməkdə olan valyutaya çevrilib. Onsuz da Neft Fondunun yürütdüyü yarıtmaz siyasət nəticəsində bir vaxtlar 37.9 milyard dollarlıq aktiv hazırda 35.7 milyarda qədər düşüb. Növbəti pis cəhət odur ki, bu vəsaitin çoxu özlərinin nəzarətində olan banklarda yerləşdirilib”.
N.Əliyev bildirdi ki, əgər ölkənin valyuta ilə təmini istiqamətində problem varsa, bunu Mərkəzi Bankın rezervləri hesabına ödəmək lazımdır. Çünki MB-nin rezerv fondunun əsas təyinatı məhz budur: “Dünya bazarında neftin qiyməti 29 dolları hədəfləyib. Bu onu deməyə əsas verir ki, neftin qiyməti yaxın zamanlarda daha da düşəcək. Ekspertlər deyir ki, bir azdan neftin qiyməti 20, hətta 10 dollara qədər enə bilər. Ona görə bu, hakimiyyətə ciddi siqnal olmalıdır. Hökumət illərdir gömrükdə, vergilərdə formalaşan rüşvəti, korrupsiyanı ləğv etməlidir”.
Xəyal