Rusiya diktatoru devrilsə, Azərbaycan hökuməti «NABUCCO»ya razılıq verəcək
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev açıqlama verib ki, “NABUCCO” ilə bağlı bu ilin sonunda verilməli olan qərar bir qədər ləngiyəcək. Azərbaycan hakimiyyəti bu addımı gələn ilin martına kimi təxirə salmağa qərar verib. Əcəb qərardır. Niyə məhz mart ayında? Bu suala da cavab verəcəyik. Amma əvvəlcə “NABUCCO”nun əhəmiyyəti və mahiyyəti barədə…
Bu layihə Rusiyanın Avropa üzərindəki enerji hegemonluğunu zəiflətmək məqsədilə düşünülüb və böyük resurslara malik Orta Asiya yataqlarının işlənməsi üçün nəzərdə tutulub. Yer kürəsinin əhəmiyyətli miqyasda təbii qaz resursları bu coğrafiyada olduğundan, bura nəzarət və ya işlətmə imkanlarına malik olan Rusiya ciddi təhdid və güc mərkəzi kimi öz varlığını sürdürür. Yeni dünya düzənində neft və qaz hesabına güc əldə etmiş diktatorlar isə həm öz xalqlarına, həm də dünya təhlükəsizlik sisteminə ciddi başağrısı olduqlarından, onlarla mübarizə qlobal xarakter almağa başladı. Bu situasiyada da enerji resurslarına daha çox nəzarət imkanı olanların müqaviməti bir qədər sərt olur.
Hazırda Rusiyada baş verən olaylar da göstərir ki, Putin öz caynaqlarını Rusiyanın ciyərlərindən çəkmək fikrində deyil. Ruslar isə daha bu şəraitdə yaşamaq istəmirlər. “NABUCCO” layihəsinin başlanğıc addımları isə həm rus xalqına dəstək, həm də Putin sisteminə psixoloji zərbə ola bilər. Ona görə psixoloji zərbədən danışırıq ki, bu layihənin faktiki zərbələrinin ağrısı Putin hökumətində bir neçə ilə özünü hiss elətdirəcək. Təbii ki, əgər Putin belə davam edə bilsə…
Ümumilikdə isə “NABUCCO” alternativ layihə kimi rus xalqına ciddi təkan olacaq. Putinin imperialist düşüncəsinin simasında Qərbdə ruslara qarşı olan aqressiya sıradan çıxacaq. Şübhəsiz ki, Rusiya böyük resurslara malik bir ölkədir və başqa heç bir dövlətin sərvətlərinə ehtiyacı yoxdur. Amma bu ölkənin çətin durumda olması da faktdır. Səbəb isə idarəçilərin dünya görüşünün xeyli geridə qalmasıdır.
Əliyev niyə tərəddüd edir?
Indi isə qayıdaq Azərbaycana. Bu layihənin başlamasına qərar vermək üçün daha üç ay düşünmək nəyə lazımdır? Görünür, Moskvada davam etməkdə olan etiraz mitinqləri rəsmi Bakıda belə bir fikir yaradıb ki, bir qədər gözləmək lazımdır. Əgər Putin bu sınaqdan çıxa bilsə, bu, “Ərəb baharı”ndan sonra post-sovet məkanında inqilabların baş verəcəyinə dair proqnozlara bir cavab olmaqla yanaşı, həm də başqa diktatorlar, o cümlədən Əliyev üçün yaxşı nümunə ola bilər. Bu zaman heç “NABUCCO”ya “hə” deməyə də ehtiyac qalmaz. Yox, əgər Putin bu selin gur yerindəki ən iri kötük kimi gedəcəksə, onda Qərblə əməkdaşlığı davam etdirmək olar. Aradakı vaxtı da, hesablama və düşünmə işlərini də saymaq mümkündür.
Əliyev neyləməliydi?
Ilham Əliyev əslində, Putinin başının özünə qarışmasından məharətlə istifadə etməli idi. O, sürətlə Qərbə yaxınlaşmalı və “NABUCCO” ilə bağlı da dərhal qərar verməli idi. Bunun, hətta Putin etirazları yatıracağı halda belə, müsbət tərəfləri var. Birincisi, Əliyevin dili uzun olardı ki, Rusiyanın başı özünə qarışanda ona kömək edə bilməyib. Ikincisi, bu addım ölkədə daha sabit və stasionar proseslərin getməsinə təkan ola bilərdi. Ilham Əliyevin özünə qarşı Qərbdə olan qıcıqlar xeyli səngiyər və cəmiyyət-hakimiyyət-beynəlxalq aləm arasındaki dialoq imkanları artardı. Bu fürsətin dəyərləndirilməməsi xeyli təəssüf doğurur.
Putini nə gözləyir?
Azərbaycan müxalifət liderlərindən birinin daha sərrast ifadə etdiyi kimi, Putin üçün artıq geriyə sayım başlayıb. Bu prosesin qarşısını almaq, sadəcə, mümkün deyil. Ona görə ki, Putin bir rəhbər kimi, təkcə xalq arasında deyil, həm də hakimiyyət daxilində birmənalı qarşılanmır. Onun yenidən hakimiyyətə dönəcəyi təqdirdə, kimləri necə cəzalandıracağını dəqiqləşdirmək çətindir.
Digər tərəfdən, xalq etirazları getdikcə güclənir. Parlament seçkisilə prezident seçkisi arasındakı vaxt məsafəsinin belə yaxın olması da Putinin əleyhinə işləyir. Birincisi, ona görə ki, indi etirazlara qarşı zor işlətsə, bu, seçkiqabağı zorakılıqlar kimi qiymətləndiriləcək. Söhbət təkcə beynəlxalq aləmin reaksiyasından da getmir. Ölkə daxilində də saxta legitimliyi maskalamaq mümkün olmayacaq. Üstəlik, narazılıqlar da getdikcə artacaq və Putinin şəxsinə ünvanlanacaq. Bu isə o deməkdir ki, baş nazir daha sərt etirazlar dalğası ilə üzləşməli olacaq. Güman ki, Rusiya özünün üçüncü variantına doğru gedir.
Qərb gözləyəcəkmi?
Azərbaycan hökumətinin ləngimə qərarını layihənin digər tərəfi olan Qərb necə qarşılayacaq? Bu siyasət onsuz da zəif olan etimadın sıradan çıxması ilə nəticələnə bilər.
Göründüyü kimi, Azərbaycan hakimiyyəti son şansını belə, dəyərləndirmək niyyətində və ya imkanında deyil. Istənilən halda, bu, yolverilməz addım idi və biz qarşılıqlı reaksiyaları çox gözləməyəcəyik.
Seymur Həzi