Müxalifət əhalinin mülkiyyət hüquqları uğrunda hərəkata başladı (VİDEO)
Sumqayıtdan bir qrup sahibkar kömək üçün Palataya üz tutdu
İctimai Palata dekabrın 13-də vətəndaşların mülkiyyət hüquqlarının pozulması problemi ilə bağlı dəyirmi masa keçirdi. Dəyirmi masada İP-in bu problemlə məşğul olmaq üçün 7 nəfərdən ibarət işçi qrup yaratdığı elan olundu.
Dəyirmi masanı giriş sözü ilə açan İP Koordinasiya Şurasının üzvü İlqar İbrahimoğlu bildirdi ki, qurum insan haqları sahəsindəki müxtəlif problemlərlə bağlı silsilə dinləmələr keçirir, bu problemlərdən biri də vətəndaşların mülkiyyət hüququnun pozulmasıdır.
Dəyirmi masada ilk çıxış edən Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli xatırlatdı ki, mülkiyyət hüquqları ilə bağlı İP bundan əvvəl də dinləmələr keçirib:
İctimai Palata imza kampaniyasına başlayır
– İctimai Palata bir neçə dəfə hüququ pozulan ayrı-ayrı təbəqələrin problemlərini müzakirə edib. O cümlədən mülkiyyət hüququ pozulan vətəndaşlarımızın problemlərini müzakirəyə çıxarmışıq. Bu müzakirədə tövsiyə olundu ki, İctimai Palata işini yalnız dinləmələr təşkil etməklə bitmiş saymasın. Biz əlavə tədbirlər nəzərdə tutmuşuq. Bu dəyirmi masa həm də həmin tədbirləri təqdim etmək üçündür.
İctimai Palata qərara gəlib ki, mülkiyyət hüquqları ilə bağlı işçi qrup yaratsın. İkincisi, İctimai Palata mühüm bir kampaniyaya başladığını elan edəcək. Azərbaycanda ilk dəfə məhz vətəndaşların mülkiyyət hüquqlarının təmin olunması tələbilə kütləvi imzatoplama kampaniyasına başlayacağıq. Həm indi mülkiyyət hüququ pozulan, həm də sabah belə bir vəziyyətlə üzləşə biləcək vətəndaşlarımızı bu kampaniyaya ciddi dəstək verməyə çağırırıq.
Əmanətlərin qaytarılmaması da pozuntudur
Mülkiyyət hüququ insanların ən mühüm hüquqlarından biridir. Mülkiyyət hüququ təmin olunmayan ölkədə bazar iqtisadiyatı, azad rəqabət yarana, inkişaf ola bilməz. Mülkiyyət hüququ təmin olunmayan ölkədə azadlıq, halalıq, mənəviyyat ola bilməz. Azərbaycanda bu məsələ son 18 ildə həmişə aktual olub. Amma son vaxtlar daha da aktuallaşıb. Hazırda Bakı və başqa şəhərlərdə on minlərlə sakinin evi sökülür, onalara ədalətli, bazar qiymətlərinə uyğun əvəz ödənilmir. Dövlət demək olar ki, zorakılıqla vətəndaşların evlərini, bəzilərinin isə obyektlərini əlindən alır.
Mülkiyyət hüquqlarının pouzlması yalnız bununla məhdudlaşmır, çox geniş arealı əhatə edir. Sovet dövründən qalma yüz minlərlə insanın əmanətləri hələ də ödənilməyib. MDB məkanında biz yeganə ölkəyik ki, bu əmanətləri ödəməmişik. Bu qədər pul var. Bütün Avropanı bəzəməyə, batan diktatorları xilas etməyə bu pul yetir. Amma bizim yaşlanmış əmanətçilərimizin vəsaitlərini bu dövlət qaytarmır.
Azərbaycanda yüz minlərlə insanın tikdikləri evlərin mülkiyyət hüququ təsdiq olunmur. Yazda ictimai-siyasi aktivlik dövründə Azərbaycan hökuməti xalqdan qorxmağa başladı. İctimai Palatanın aksiyalarının qızğın vaxtında tez çıxıb elan etdilər ki, bütün tikilmiş evlər qısa müddətə sənədləşəcək. Nə qədər keçib üstündən? Əmin edirəm sizləri, növbəti dəfə İctimai Palata aksiyalara başlamayana qədər bu mövzu aktualaşmayacaq.
Mübarizədən qalmayın
Son zamanlar mülkiyyət hüququnun talan edilməsi demək olar ki, bütün biznes təbəqəsini də əhatə edib. Bütün biznesmenlərdən hər mühüm kampaniya ərəfəsində xərac yığırlar. İndi də “Eurovision xəracı” meydana çıxıb. Müxtəlif dövlət orqanlarından gəlib sahibkarın biznesinin miqyasına uyğun qanunsuz cərimələr toplayırlar.
Bizim işçi qrup cəmiyyətin köməyi ilə çalışmalıdır dürüst statistik məlumatlar hazırlasın ki, nə qədər insanın bu ölkədə hüquqi tapdalanır. Çoxlu sayda vətəndaşlarımız öz hüquqlarını qorumağa qadir deyillər. Onlara hüquqi yardım, məsləhət lazımdır. Bununla da məsələ bitməyəcək. İşçi qrup vətəndaşları təşkilatlandırmalıdır. Amma bir yanlışdan hamını çəkindirmək istəyirəm. İctimai Palata işçi qrup yaradır deyə, öz haqqınız uğrunda mübarizədən qalmayın. İşçi qrup sizə kömək edə bilər, amma hüququ əlindən alınan minlərlə vətəndaş özü aktiv olmalıdır.
Məqsədimiz sadə vətəndaşı qorumaqdır
Bizim başlatdığımız böyük kampaniyanın məqsədi sadə Azərbaycan vətəndaşını qorumaq olacaq. Biz yüz minlərlə evə getmək, çoxlu sayda vətəndaşımızla söhbət etmək, onların imzalarını toplamaq niyyətindəyik. Bu əziyyəti özümüzə şərəf bilirik. Çünki siyasəti xalqa xidmət peşəsi hesab edirik. Bu imzalarla hakimiyyətə çatdırarıq ki, əndəzanı o qədər aşıb ki, artıq sadə insanlar öz haqlarını tələb edirlər və təşkilatlanacaqlar. Hər kəs yalnız öz mənzilini müdafiə etməyəcək. Başa düşəcək ki, hamımız birimiz, birimiz hamımız üçün mübarizə aparmasaq, növbə hamımıza çatacaq.
Məmur yox, mafioz, bandit…
İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal vətəndaşların mülkiyyət hüququna bu gün dövlət orqanlarının açıq qəsd etdiyini dedi:
– Bütün ölkələrin Konstitusiyalarında, qəbul olunan əlavə aktlarda belə bir ifadə işlənir – mülkiyyət toxunulmazdır. Bizim Konstitusiyada, Avropa İnsan Haqları haqqında konvensiyada da bu məqam öz əksini tapıb. Yəni mülkiyyət hüquqları çox geniş, əhatəli hüquq sistemidir. Sovet dövründən qalma mülkiyyət son illər dörd-beş mərhələ ilə yenidən bölüşdürülüb. 2000-ci ildən bu yana artıq əmlakın zorakılıq yolu ilə mənimsənilməsi prosesi başlayıb. Özü də bunu edənlər dövlət məmurlarıdır. Əgər məmur dövlətin inzibati resurslarından istifadə edib varlanırsa, ona mafioz, bandit demək lazımdır. Azərbaycanda 10-15 məmur var ki, Azərbaycanın bütün əmlakı onların arasında bölünüb. Onalarsa bilavasitə dövlət başçısının ətrafında olan şəxslərdir. Bu baxımdan İctimai Palatanın addımı mühüm əhəmiyyət daşıyır. Çünki burada bir hüquqi nonsens var. Dövlət vətəndaşları qorumalı olduğu halda onların əmlakını mənimsəyir.
Kür qurbanları tövlələrdə yaşayır
İP üzvü, Kür Vətəndaş Qərargahının koordinatoru Oqtay Güləliyev bildirdi ki, rəsmi statistikaya görə, Kür daşqınları nəticəsində 23211 insanın evinə xəsarət dəyib. Amma dövlət yalnız 2700 ailəyə yardım edib. Yeni evlərə köçənlərin isə ciddi problemləri var. İnsanlar yeni tikilmiş evlərini qızdıra bilmədikləri üçün tövlələrdə yaşayırlar.
İşçi qrupun digər üzvü Rövşən Quliyev bildirdi ki, hakimiyyət bütün mülkiyyət formalarına neqativ münasibət bəsləyir: “Azərbaycanda səhmdar cəmiyyəti adlı mülkiyyət forması yox dərəcəsindədir. Bu növ mülkiyyətin sadəcə formal adı var. Cəbhə hakimiyyəti dövründə dövlət mülkiyyətinin 1/3-nin bələdiyyələrə verilməsi nəzərdə tutulurdu, amma sonradan bu olmadı. Şəxsi mülkiyyət formasında durum isə ən eybəcər haldadır. Bu mülkiyyət hüququ hər addımda ciddi şəkildə pozulur”.
Sumqayıt sahibkarlarının haqları tanınmır
Dəyirmi masada Sumqayıtdan mülkiyyət hüququ pozulan bir qrup sahibkar da iştirak edərək, şikayətlərini dilə gətirdilər. Sahibkarların adından çıxış edən Məmməd Yusif bildirdi ki, 66 sahibkar Sumqayıtda «Şərq bazarı» deyilən ərazinin şəxsi sahibkarlara məxsus hissəsində neçə illərdir, ticarətlə məşğul idilər. Artıq bir neçə ildir ki, qanunla onlara məxsus ticarət obyekti ilə bağlı ağlasığmaz pozuntular baş verir (Sumqayıt sahibkarlarının dedikləri bu sayımızda ayrıca dərc olunub- red.).
Mənim artıq itirməyə heç nəyim qalmayıb
Evinin sökulməsinə cəhd olunan İP işçi qrupunun üzvü Başxanım Abbasova da tədbir iştirakçılarının diqqətinə tükürpədici faktlar çatdırdı:
– 1867-ci ildə tikilən, Səməd Vurğun 49-da yaşadığımız bina mədəni irs kimi Mədəniyət Nazirliyinin də siyahısındadır. Bizim binaya fasiləsiz şollar suyu gəlir və 4 aydır bu su binamızın zirzəmisinə axıdılır. Məqsəd binanı çökdürülməkdir. Binadan hamı zorla köçürülüb, yalnız mən 9 nəfərlik ailəmlə tək qalmışam. Evimin sökülməməsinə dair məhkəmə qərarı olsa da, bu ayın 4-də evimə hücum edib, başlayıblar sökməyə. Təkcə bu ay binamızda 11 dəfə yanğın törədiblər. Damı bilərəkdən zədələyiblər ki, yağış yağanda evin içinə tökülsün. Bu binanın yerində tkiləcək çoxmərtəbəli binanın 3 mərtəbəsi Zamin Banka, 16 mərtəbəsi isə ailəyə məxsus otelin olacaq.
Hakimiyyət quldurluğun son mərhələsinə daxil olub
Son çıxış edən Müsavat başqanı İsa Qəmbər oldu:
– Hər bir vətəndaş bilməlidir ki, Azərbaycanın demokratik qüvvələri onun arxasındadır. Bu baxımdan imzatoplama kampaniyası ciddi bir iş olacaq. İnsanlar görməlidirlər ki, tək deyillər.
Rüşvətxorluğun, insanların hüquqlarının pozulmasının başında dayanan İlham Əliyev və komandası üzun müddət hakimiyyətdə qala bilməyəcək. Bəzən deyirlər ki, bu hakimiyyət doyub, onun yerinə gələn hakimiyyət daha çox mənimsəməyə çalşacaq. Siz Əliyev hakimiyyətinin doyduğunun görürsünüz? Bunlar quldurluqla başlayıblar və hələ davam edirlər. Hazırda isə quldurluğun son mərhələsinə daxil olublar. Özləri də dərk edirlər ki, artıq son mərhələdir. Ona görə daha da azğınlaşıblar. Vaxtı ilə Elçibəy hakimiyyəti özəlləşdirmə proqramını həyata keçirib vətəndaşların mənzillərini özəlləşdirməsəydi, Əliyev hakimiyyəti bunu etməyə imkan verməzdi.
Müsavat başqanı çıxışının sonunda işçi qrupun fəaliyyəti üçün partiyanın qərargahında hər cür imkan yaradılacağını qeyd etdi.
Xəyal