Dövlət başçısı üç oliqarxa ABŞ-la münasibətləri yoluna qoymağı tapşırıb
Dünyada baş verən proseslər, ərəb inqilabları dalğasının regiona yaxınlaşması Qərblə münasibətləri arzuolunan səviyyədə olmayan rəsmi Bakını narahat etməyə bilməzdi. Azərbaycan hakimiyyəti özünün bütün resurslarından istifadə edərək ABŞ-la korlanan münasibətləri yoluna qoymağa çalışır. Artıq bu istiqamətdə müəyyən addımlar da atılmaqdadır.
Rəsmi məlumatlardan da bu hiss olunmaqdadır. Ancaq Vaşinqtonla münasibətləri yoluna qoymaq üçün hakimiyyət qeyri-ənənəvi üsullardan istifadə etməyə başlayıb. Əgər əvvəllər iki ölkə arasında əlaqələr Azərbaycanın bu ölkədəki səfiri və lobbi təşkilatları vasitəsilə qurulurdusa, bu dəfə işə oliqarxlar cəlb edilib. Ölkənin üç ən varlı oliqarxı Bakı ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılması üçün fəaliyyətə başlayıb. Hazırda ABŞ-da səfərdə olan ARDNŞ prezidenti Rövnəq Abdullayev Türkiyə-ABŞ alyansı xətti ilə iş aparır. Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan-ABŞ alyansı yaradılmasına nail olaraq lobbi təşkilatlarının büdcəsinə 2,4 mln dollar pul köçürüb. Bu hələ rəsmi məlumatdı. Qeyri-rəsmi köçürmələrin olması da istisna edilmir. Eyni zamanda nəqliyyat naziri oğlunu da bu işə cəlb edib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da Azərbaycan-ABŞ Ticarət Palatası xətti ilə bu istiqamətdə fəaliyyət həyata keçirir. O da öz növbəsində oğlunu işə cəlb edib və Britaniyada analoji iş aparır. Hər üç oliqarxan apardığı işlərdə isə bir məqsəd güdülür.
Qeyd etmək lazımdır ki, hakimiyyət ondan tələb olunan demokratik islahatlardan çəkinir. Çünki islahat yolu ilə Qərbə yaxınlaşmaqla vəziyyətinin daha da pisləşəcəyini düşünür. Bu səbəbdən də fərqli istiqamətdə işlər həyata keçirilir. Məqsəd isə Qərb mətbuatında, beynəlxalq təşkilatlarda Azərbaycan hakimiyyəti haqqında müsbət rəy formalaşdırmaq, həmçinin Ilham Əliyevin ABŞ-a rəsmi səfərini reallaşdırmaqdır. Çünki beynəlxalq təşkilatların Azərbaycanla bağlı rəyləri get-gedə sərtləşməkdədir. Təkcə bu il 17 nəfər vicdan məhbusu kimi tanınıb. Eyni zamanda ölkədə insan haqlarının, mülkiyyət hüquqlarının kobud şəkildə pozulması, mətbuata təzyiqlər bu təşkilatların və Qərb mətbuatının diqqətindən yayınmayıb. Oliqarxların ABŞ-la münasibətlərin yaxşılaşdırılması işlərinə cəlb edilməsi onu deməyə əsas verir ki, hakimiyyət ölkə daxilində yaranmış problemləri yoluna qoymaq əvəzinə beynəlxalq aləmin mövqeyini dəyişmək üçün korrupsiya yolu ilə əldə edilmiş neft pullarından istifadə etmək qərarına gəlib. Bəs bu səylər nəticə verəcəkmi?
“Hər hansı lobbi fəaliyyəti Amerikanın Əliyev rejiminə münasibətini dəyişə bilməz”
Konfliktoloq Elxan Mehdiyev artıq bu yollarla nəyəsə nail olmağın mümkünsüz olduğunu deyir. Buna səbəb isə dünyada cərayən edən son proseslərdi: “Əgər iki il bundan əvvəl bu addımlar atılsaydı, müəyyən mənada inanardım ki, lobbiçilik fəaliyyəti ilə Amerikanı bu rejimə loyal qalmağa məcbur edə bilərlər. Çünki əvvəllər lobbiçilik fəaliyyətinin böyük bəhrələri olub. Ancaq Amerikada, bütün dünyada vəziyyət kökündən dəyişib”.
Ekspertin sözlərinə görə, artıq ABŞ-da Ilham Əliyevə, onun rəhbərlik etdiyi rejimə Suriyadakı, Misirdəki, Yəməndəki rejim kimi baxırlar. Hər yerdə onun rejimlərlə, diktatorlarla eyni olduğu vurğulanır. Bunu həm ABŞ hökuməti, həm də beynəlxalq təşkilatlar, nüfuzlu ekspertlər də bilir: “Ona görə düşünmürəm ki, hər hansı lobbi fəaliyyəti Amerikanın Əliyev rejiminə münasibətini dəyişə bilər. Suriyaya, Bəşər Əsədə başqa cür baxıb, eyni rejim qurmuş Ilham Əliyevə fərqli yanaşmaq qeyri-mümkündü. Iki il əvvəl bu mümkün idi. Ancaq indi o məsələlərin hamısı kənara qoyulub. Ilk növbədə bu rejimin mahiyyəti nəzərə alınır”.
Ekspertin fikrincə, artıq heç bir lobbi təşkilatı Amerika hökumətini, konqresmenləri Ilham Əliyevin demokrat, islahatçı, Bəşər Əsəd kimi olmadığına inandıra bilməz. Onlar üçün artıq bu, gün kimi aydındı.
“Ona qalsaydı, Qəzzafinin, Mübarəkin pulu daha çox idi”
Siyasi ekspert Rahim Hacıyev hakimiyyətin problemlərin həllinin spesifik variantlarına üstünlük verdiyini bildirdi: “Problemləri ölkə daxilində zorakılıq yolu ilə həll etməyə üstünlük verən hakimiyyət xaricdə lobbi qruplarının vasitəsilə özü haqqında yaxşı fikir formalaşdırmağa çalışır. Bunun üçün korrupsiya yolu ilə əldə edilmiş vəsaitlərdən istifadə edilir”.
Ekspert hakimiyyətin artıq uzun müddətdir belə şəbəkə qurmağa çalışdığını da qeyd etdi. Bununla belə bu istiqamətdə ciddi uğurlar yoxdur. Buna səbəb isə son il yarımda beynəlxalq miqyasda hakimiyyətə qarşı pis münasibətin formalaşmasıdır. Belə münasibətin formalaşmasında isə beynəlxalq təşkilatların və ölkədə insan haqları, korrupsiya haqqında danılmaz faktlar dərc edən nüfuzlu mətbuatın ciddi rolu var.
Ekspertin sözlərinə görə, dünyanı əhatə edən demokratikləşmə prosesinin regiona yaxınlaşdığını görən hakimiyyət islahat aparmaq, demokratik dəyişikliklər etmək əvəzinə ölkənin təbii sərvətlərindən sui-istifadə etmək yolu ilə vəziyyətdən çıxmağa çalışır. Lakin bu yolla uğur qazanacaqları inandırıcı görsənmir. Çünki bu, bilavasitə dünyada gedən qlobal proseslərlə bağlıdır. Bəllidir ki, qlobal demokratikləşmə dalğasına stimul, xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verən Vaşinqtondu. Onların bizim regionun demokratikləşməsi ilə bağlı ciddi planları var. Digər tərəfdən, Azərbaycan hakimiyyəti artıq beynəlxalq aləmdə etibarını itirib.
R.Hacıyevin fikrincə, belə olan halda Azərbaycan hakimiyyətinin pulla xilas olması üçün heç bir əsas yoxdur. Ona qalsaydı, Qəzzafinin, Mübarəkin pulu daha çox idi. Artıq belə variantların tətbiqi ilə vəziyyətdən çıxmaq mümkün deyil: “Azərbaycan hakimiyyəti vəziyyətdən çıxmaq üçün təcili islahatlar həyata keçirməli, demokratik dəyişikliklər etməlidir. Yalnız bu halda vəziyyətlərini düzəldə, demokratik dünya ilə normal münasibətlər qura bilərlər. Əks halda onları başqalarının taleyi gözləyir”.
Fizzə