Sizin bacarıqsızlığınızın, acgözlüyünüzün, israfçılığınızın əziyyətini Azərbaycan gəncliyi çəkməli deyil
Ölkəmizin bütün universitetlərində sərt tələb qoyulub. Təhsil haqqının ən azı yarısını ödəyə bilməyən tələbələr imtahanlara buraxılmır. Beləliklə, hazırda 10 minlərlə tələbə (hər universitetdə minə yaxın tələbə olmaqla) imtahanlara buraxılmır, universitet koridorlarında qalıb, çarə axtarırlar. Müflis edilmiş ailələr ildən-ilə artan təhsil haqqını ödəyə bilmirlər. Azərbaycanda təxminən 150 min tələbə var və onların təxminən 65 faizi ödənişli əsaslarla təhsil alır. Söhbət təqribən 100 min ailənin üzləşdiyi problemdən gedir.
Bundan başqa xaricdə, o cümlədən Türkiyədə təhsil alan 10 minlərlə tələbələrimiz və onların ailələri də çox ağır duruma düşüblər. Onların bütün xərcləri dollarla hesablanır. Minlərlə tələbənin təhsilini yarımçıq qoymaq riski yaranıb. Anlamalısınız ki, əsl milli sərvət bizim yüksək təhsilli gəncliyimizdir. Sizin bacarıqsızlığınızın, acgözlüyünüzün, israfçılığınızın əziyyətini Azərbaycan gəncliyi (və onların ailələri) çəkməli deyil. Bu ailələrə mütləq kömək etmək lazımdır.
Pul yoxdur? Neft Fonduna, ARDNŞ-ə, digər dövlət şirkətlərinə milyardlarla manat pul xərcləyib tikdiyiniz, aldığınız yeni ofislərin birini satın. Onların əvvəlki ofislərinə qayıtması bir problem olmaz. Onsuz da gördükləri iş bu millətin sərvətlərini dağıtmaqdır. Onu da etmək istəmirsinizsə, bu il keçirməyi nəzərdə tutduğunuz Formula -1 və İslam Həmrəyliyi oyunlarına ev sahibliyindən imtina edib, həmin pullarla Azərbaycan gəncliyini xilas edin!