“Bu insanlar hərəkətlərinə görə yaxınları arasına çıxa bilməməlidir”
Ictimai Palatanın dünən düzənlədiyi dəyirmi masa “10 Dekabr – Beynəlxaq Insan Haqları Günü”nə həsr edilmişdi. Toplantını IP KŞ-nin üzvü Hacı Ilqar Ibrahimoğlu açaraq insan haqlarını insan şəxsiyyət və ləyaqətinin əsas amillərindən biri kimi dəyərləndirdi. “Ölkədə insan haqlarının bütün sahələri üzrə ciddi pozuntular yaşanmaqdadır. Heç zaman ölkəmizdə siyasi məhbusların göstəricisi hazırkı səviyyəyə qədər olmamışdır”- deyə Hacı Ilqar söylədi.
Bir hakimin kişiliyi çatmadı…
“Ölkədə 50-dən artıq siyasi məhbus var. IP-dən 18 nəfərədək, inanclı insanlardan 30-dan artıq siyasi məhbus var. Bundan başqa, hazırda Nemət Pənahlı kimi digər siyasi məhbuslar da var. Biz IP məhbuslarının azadlığı üçün işlər görürük. Inanclı kəsimdən də olan siyasi məhbusların IP olaraq hüquqlarını qorumağa hazırıq. Bu, ölkədə insan haqları ilə bağlı birinci mühüm problemdir” – IP KŞ-nin üzvü Vidadi Mirkamal bunları bildirdi. Vicdan məhbuslarının məhkəmə prosesində ciddi hüquq pozuntusu olduğunu qeyd edən V.Mirkamal prosesi aparan hakimlərin ünvanına sərt ifadələr işlətdi: “Saxta ittihamları rədd etməyə bir hakimin də kişiliyi çatmadı”.
O dedi ki, vətəndaşların hüquqları arasında ciddi pozulan həm də mülkiyyət hüququdur. On minlərlə vətəndaş bu əsas hüququndan məhrum edilib.
Hakimiyyətin heç bir dəyərə hörməti yoxdur
Müsavat başqanı Isa Qəmbər isə çıxışında Rusiyada insanların öz haqları uğrunda mübarizəyə qalxmasına toxundu və təklif etdi ki, toplantı adından Şimal qonşumuzdakı mübariz insanlara dəstək ifadə olunsun. Təklif yekdilliklə qəbul edildi. O dedi ki, Azərbaycan hakimiyyəti insan haqları anlayışını qəbul etməyənlərdən formalaşıb, onların heç bir dəyərə hörməti yoxdur. Başqan Ilham Əliyevin diktatorların faciəvi sonluğundan ibrət almamasına təəccübünü ifadə etdi: “Biz konsensus üçün müxtəlif yollar, yol xəritələri veririk. Lakin bunlar heç bir nümunədən dərs götürmür. Biz bu gün insan haqları dəyərlərini özümüz də qəbul edib, cəmiyyəti də bu dəyərləri qəbul edib yaşatmağa çağırmalıyıq”.
Başqan azadlıq və ləyaqət uğrundan mübarizədə konsensus əldə olunacağı halda tezliklə Ilham Əliyevi hakimiyyətdən uzaqlaşdırmağın da asanlaşacağını bəyan etdi.
Manyaklaşıblar…
Vəkil Əsəbəli Mustafayev isə ölkədə insan haqları ilə bağlı durumun kritikləşməsini hakimiyyətin manyaklaşması ilə əlaqələndirdi. Vəkil deyir ki, hakimiyyətin insan haqlarına biganəliyi, cinayətkar yanaşma onların əldə etdiyi böyük sərvətlərdədir: “Onlar sərvət hesabına azğınlaşıblar, manyaklaşıblar. Sərvət onları korlayıb”. Onun fikrincə, insanlarda öz hüquqlarını qorumağa cəhdlər azalır: “Biz insanları gündəlik hüquqlarını müdafiə edəcək istiqamətlərə təhrik etməsək, bu insanlar digər fundamental hüquqları uğrunda mübarizə aparmayacaq. Açığını deyim ki, insanlar partiyalara hakimiyyət uğrunda mübarizə aparan təsisatlar kimi baxır. Amma bu kimi mübarizə tədbirləri görülərsə, insanların bu fikirləri də dəyişər”.
Pənah Hüseyn QHT-lərə qarşı
Vəkilin çıxışına Pənah Hüseyn opponentlik etdi. O dedi ki, Azərbaycan kimi ölkədə başlıca olaraq siyasi hüquqlar uğrunda mübarizə aparılmalıdır. Onun sözlərinə görə, siyasi partiyalardan qaçıb QHT-lərə sığınan adamlar elə bilirdilər ki, avtoritar hakimiyyətin zülmündən yayına biləcəklər, amma bu gün sıra onlara çatıb. Pənah Hüseynin ehtimalına görə, siyasi partiya resurslarının QHT-lər vasitəsi ilə dağıdılmasında bəzi beynəlxalq təşkilatlar da fəal olub. Natiq ölkədə azadlıq və insan haqlarının bərqərarı üçün “özünü tanıyan” hər kəsin meydanlara çıxıb mübarizə aparmasının vacibliyini vurğuladı.
Intiqam Əliyev olayı
AXCP sədrinin müavini Nurəddin Məmmədli isə insan haqları konteksində tanınmış vəkil Intiqam Əliyevə qarşı törədilənlərdən danışdı: “Türkiyədə baş verən bu hadisə türk dünyasının 2 böyük tərəfi ilə ciddi narahatlıq yarada bilər. Intiqam bəyə qarşı törədilən bu hadisə bütün Azərbaycana vurulan bir sillədir. Türkiyə hakimiyyəti bu hadisənin səbəblərini araşdırıb, bunun səbəbkarlarını cəzalandırmalıdır. IP adından bu hadisə ilə bağlı Türkiyə prezidentinə, baş nazirə, TBMM-ə, AKP, CHP və MHP-yə təcili məktub yazılmalıdır”.
Çıxışa replika ilə cavab verən dəyirmi masanın aparıcısı Haci Ilqar olaya münasibət açıqladı: “Intiqam bəy Azərbaycanın milli sərvətidir. O, ölkənin dəyərli ziyalılarından biridir. O yalnız o zaman adekvat cavab verə bilər ki, ona qarşı alçaldıcı nəsə baş versin. Bu olaydan biriləri Türkiyəyə qarşı istifadə edir. Bu, Türkiyə-Azərbaycan münasibətlərinin bilərəkdən gərginləşdirilməsinə hesablanmış ola bilər. IP olaraq biz KŞ-də bu mövzunu müzakirə etmişik və hadisə qətiyyətlə pislənib”.
“Eynulla Fətullayev ictimaiyyəti çaşdırır”
IP üzvü, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli toplantı iştirakçılarını “Beynəlxalq Əfv” təşkilatının Azərbaycanla bağlı hesabatına ciddi diqqət ayırmağa səslədi. Bu hesabatda vicdan məhbuslarının dərhal azad olunması əks olunub. V.Hacıbəyli hüquq müdafiəçisi Eynulla Fətullayevi “siyasi məhbus” mövzusunda cəmiyyətdə çaşdırıcı fikirlər yaymaqda da ittiham etdi və ona tutarlı cavab verilməsinin gərəkliyini dedi.
***
IP üzvü Seyid Feyzulla insan haqları ilə bağlı durumu kökündən dəyişmək üçün yeganə yolun qəsbkar hakimiyyətdən qurtuluşda olduğunu dedi: “Bəzi xəstəliklərdən dərmanla, bəzisindənsə kəsib atmaqla qurtulmaq olur. Bizim hakimiyyətin də xarakteri elə bir xəstəliyə yoluxub ki, o, müalicəyə tabe olmur, kəsilməldir”. IP üzvləri Əli Quliyev, Mənsur Cəbrayılov da mövzu barədə fikirlərini bölüşdülər.
Bizim məhkəmələr aparteid rejimlərinkindən də betərdi
IP KŞ-nin üzvü, AXCP sədri Əli Kərimli insan haqlarının kütləvi pozulmasının səbəblərindən danışdı. O dedi ki, bunların əsas səbəbi Əliyevçi rejimlə bağlıdır: “Hər kəs bilir ki, ölkədə seçilməmiş, yalnız varlanmaq haqqında düşünən rejim var. Və onlar bizi bəhanəli-bəhanəsiz cəzalandırırlar. Amma tək rejimlə məsələ bitmir. Mən Azərbaycanda hüquq-mühafizə orqanlarının vəziyyətini qabartmaq istəyirəm. Azərbaycandakı rejimlərdən də sərt rejimlərin tarixini araşdırmışam. Hətta Cənubi Afrikadakı aparteid rejimində məhkəmələr bir çox hallarda həmin o rejimdən gələn sifarişlərin icrasından imtina ediblər. Hindistan Ingiltərənin müstəmləkəsi olanda məhkəmələr yuxarıdan gələn sifarişləri yerinə yetirməkdən imtina edirdi. Pakistanda bu yaxınlara qədər xuntaya qarşı mübarizənin önündə hakimlər gedirdi, ortaya iradə qoyurdular. Bunları niyə qabardıram? Əlbəttə, bizdəki rejimin nə qədər yaramaz olduğunu, mənfur və geri zəkalı olduğunu biz də, dünya da bilir. Amma bu fakt bütün toplumu məsuliyyətdən azad etməməlidir”.
Şərin qulluqçularını utandırmalıyıq
AXCP sədri dedi ki, ictimai-siyasi fəallar şərə xidmət edən insanları utandırmaqdan əl çəkməməlidir: “Azərbaycanın hüquq-mühafizə orqanlarında çox ciddi aşınma var. Bu aşınma yalnız peşəkarlıqla bağlı deyil, ən əsas insanlıq amili ilə bağlıdır. Elə edilməlidir ki, belə insanlar hərəkətlərinə görə öz ailəsi, qohumları, yaxınları arasına çıxa bilməsin”.
Sonda ölkədəki ciddi demokartik dəyişiklik, vəziyyətin yaxşılaşması üçün AXCP sədri maarifləndirmə və təşkilatlanma işinin paralel aparılmalı olduğunu dedi.
***
Daha sonra Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyi və Müsavat Partiyasının 100 illiyi münasibətilə apardıqları ictimai fəaliyyətə görə vəkillər Yavər Hüseyn, Osman Kazımlı, Kamran Musayev və Mənsum Bayramov diplomlarla təltif edildi. Dəyirmi masadakılar insan hüquqlarının acınacaqlı durumu ilə bağlı bəyanat da qəbul etdilər (bəyanatın tam mətni).
Natiq Güləhmədoğlu