Məhəmməd Talıblı: «Əhalinin alıcılıq qabiliyyəti aşağı düşdükcə xarici investorlar ölkədə biznes qurmaqda maraqlı olmur»
Manatın devalvasiyası daha bir zərbəni xarici investorlara vurmuş oldu. Manatın sürətlə dəyər itirməsi xarici investisiyanı risk altına atır. Artıq investisiyanın risk altına düşdüyünü komerssiya banklarının rəhbərliyi də etiraf edir.
“Unibank” ASC-nin Idarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, hər bir investor devalvasiya olan şəraitdə öz vəsaitindən, sərmayəsindən narahatdır. “Əlaqədə olurlar, müəyyən suallar verirlər. Sadəcə olaraq sualları düzgün cavablandırmaq lazımdır və biz bunu edirik. Biz izah edirik ki, yatırılan sərmayə, vəsait itib-batmır. Onların vəsaitləri dollarladır və manatın devalvasiyası həmin sərmayəyə təsir etmir. Biz investorlarımızla sıx əməkdaşlıq edirik. Biz bu çətinlikləri 2008-2010-cu illərdə keçmişik. Dəyişilən iqtisadi şərait bizə tanışdır”, – deyə F. Hüseynov qeyd edib.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, xarici investisiya ilə bağlı iki istiqamətdə problem hiss olunur. Birincisi, ölkədə əlavə devalvasiya olması, mili valyutanın mövqeyinin zəifləməsi dolların dəyərini artırır. Nəticədə bu tendensiya dollarla kredit alan təşkilatların maraqlarını ifadə etmir: “Əgər əvvəllər Mərkəzi Bank 35-40 milyon həcmində intervensiya edirdisə, hazırda bu göstərici ay ərzində bir milyard manata çatıb. Mərkəzi Bank manatın kursunun saxlanması üçün bu həcmdə vəsait xərcləyir. Bu isə o deməkdir ki, ölkədə dollar tələbi artır”.
Ikinci istiqamətə gəlincə isə M.Talıblı bildirdi ki, ölkədə bazar iştirakçılarının gəlirləri azaldıqca bu alıcılıq qabiliyyətinə təsir edir. Bu isə ölkə iqtisadiyyatında mənfi tendensiyadır: “Nəticədə daxildə mal və xidmətlərdən istifadə aşağı düşür. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşdükcə xarici investorlar ölkədə biznes qurmaqda maraqlı olmur. Çünki istehsal olunan mal və xidmətlər bazarda tez rializə olunmalıdır ki, yeni istehsal barədə düşünülsün. Istehsal olunan mal və xidmətlərin gəlirliyi aşağı olacaqsa, xarici investorlar bundan sonrakı fəaliyyəti həyata keçirməkdə maraqlı olmur”.
Xəyal