Yaponiya isə Tehrana yönəlik sanksiyaları sərtləşdirdi
İranla ABŞ arasında gərginlik davam edir. Bir neçə gün öncə ABŞ-a məxsus pilotsuz kəşfiyyat təyyarəsini öz hava məkanında vurğunu iddia edən İran Vaşinqtonun ünvanına növbəti təhdid səsləndirib. İran parlamentinin müdafiə və xarici siyasət komitəsinin sədr müavini Məhəmməd Kövsəri bildirib ki, ölkəsinin hava sahəsının ABŞ qırıcıları yaxud hərbi təyyarələri tərəfindən pozulacağı təqdirdə bu ölkənin bölgədəki bütün hərbi bazaları hücuma məruz qalacaq.
Deputat İran ordusunun müasir texnologiyalarla təmin olunduğunu və istənilən ölkəyə qarşı savaşa biləcəyini də xatırladıb. Onun sözlərinə görə, İran təyyarəsi ABŞ hava məkanının pozsaydı BMT TŞ sərt mövqe ortaya qoyacaqdı və Tehrana yönəlik sanksiyalar ağırlaşıdırlacaqdı. Lakin ABŞ-ın analoji addımı beynəlxalq ictimaiyyət tərəfindən sükutla qarşılandı.
Kövsəri ABŞ-a aid kəşfiyyat təyyarələrinin bundan sonra da İran hava məkanını pozması halında Tehranın daha ağır cavab verəcəyini və bununla bağlı beynəlxalq ictimaiyyətin də öncədən xəbərdar olunduğunu deyib:“Amerikalılar savaş vertolyotları ilə hava məkanımızı pozsaydı ABŞ-ın bölgədəki bütün hərbi bazalarını vurardıq. İkinci belə hal təkrarlansa hər bir amerikalı əsgəri böyük təhlükə gözlədiyini bilmələrini istəyirəm”.
Bu arada Yaponiya hökuməti apardığı nüvə fəaliyyətinə görə İrana qarşı sanksiyaları daha da sərtləşdirib. Yaponiyanın ticarət naziri jurnalistlərə açıqlamasında İranın şübhəli nüvə proqramı ilə əməkdaşlıq etməsi səbəbindən 106 müəssisəyə, 3 İran bankına və bir şəxsə sanksiya qoyulduğunu söyləyib. Sanksiyalara məruz qalan müəssisələrin və İran banklarının adları açıqlanmayıb. Mal varlığı dondurulan iranlıların siyahısına yeni 100 fiziki və hüququ şəxsi əlavə olunduğunu bildirib.
İnformasiya şöbəsi