Adətən hökumətin amansız və nəhəng korrupsiya əməllərindən heyrətlənsəm də, bu yaxınlarda adətimdən kənara çıxdım. Sabirabadda olarkən, evi ötən ilin Kür daşqınlarından salamat çıxan bir tanışımın “kaş bizim evi də sel basaydı” deməyinə gözlərim bərəldi.
Yox, bu adam canından bezən, dünyadan əl çəkənlərdən deyildi. Əksinə, dişi-dırnağı ilə dünyadan yapışan, daha yaxşı güzəran görmək istəyənlərdəndi. O, özü üçün ona görə bəddua edirdi ki, evini su basanlara hökumət yenisini tikib, bu tanışımız isə öz babasından qalma köhnə mənzilində yaşamaqla təzə ev şansını itirib.
Bəli, vəziyyət bu qədər gərgindir; insanlarımız öz dizi üstündə dayanmaq tabını itirib, onlar artıq qəzadan, fəlakətdən nicat umurlar.
Təəccübümün səbəbi isə başqa idi. Bizim bu “qəhrəman” minlərlə başqa sabirabadlı kimi dövlətin tikdiyi evlərdə böyük korrupsiya olduğunu bilir və deyir. Məsələn, deyirlər ki, bu evlərin hər biri təxminən 8-10 min manata başa gəlsə də, büdcədən hərəsi üçün 45 min manat pul silinib. Deməli, evlərin real dəyərindən 5 dəfə çox pul mənimsənilib. Bu pul büdcədən çıxarılıb, yəni, həmin o sadə vətəndaşın cibindən. Ancaq o, bunun fərqindədirmi? Əsla! Kim öz cibindən başqasının oğurluq etməsinə razı olar ki? Lap o pullar oğurluq qurbanının rifahına xərclənsə belə…
Göründüyü kimi, sadə vətəndaşımız korrupsiyaya aşkar laqeyddir. Daha doğrusu, nəinki laqeyddir, həm də o prosesdə iştirak üçün passiv tərəfdaş olmaq məqsədilə özünü təklif edir. Nə qədər çeynənilmiş ifadə olsa da, mən bu cinayətə meylin səbəbini maariflənmənin çox aşağı səviyyədə olmasında görürəm.
Insanlarımız korrupsiyanın necə dəhşətli bir bəla olduğunu anlamırlar. Hə, onlar korrupsiyanın yamanlığını hardansa eşidiblər, ancaq “korrupsiyanın dünyanın hər yerində mövcudluğu” barədə lap çox eşidiblər. Ona görə də bu ictimai bəlanı bal kimi dadmağa hazırdılar.
Azərbaycan insanı öz miskin kasıblığının səbəbini səmimi qəlbdən gözdəymədə, cinlərdə, qonşusunun cadugərlərə etdirdiyi duada olduğuna daha çox inanır, nəinki korrpusiyada olduğuna. Korrupsiya bizdə çox adiləşib. Hətta o qədər ki, bunu tanınmış siyasi xadimlərdən biri çox gözəl ifadə edib: “Azərbaycan bəlkə də dünyanın yeganə yeridir ki, burada korrupsiya Allahla eyniləşdirilib, ona tay tutulub. Bir işi gördürmək istədikdə adamdan soruşurlar ki, ”haqqı çatıb?” Haqq isə Allahın ən gözəl adlarından biridir”.
Mən korrupsiya barədə çətin iqtisadi terminlər, mürəkkəb hesablamalarla danışmağın tərəfdarı deyiləm. Nə qədər ki, belə edəcəyik, geniş xalq kütlələri də bu bəlanın mahiyyətindən uzaq olacaq. Olmaz ki, biz fikrimizi sadə sözlərlə izah edək? Məsələn, “korrupsiya nədir?” sualına, mən “səni kasıb edən səbəbdir” deyərdim.
Dünya ölkələrində korrupsiyanın miqyasını müəyyənləşdirən “Beynəlxalq Şəffaflıq” təşkilatının hesabatına görə, 183 ölkə arasında ən çox korrupsiyalaşanı Somalidir. Bu ölkənin adı yəqin, qulaqlarınıza tanış gəldi. Yanılmamısınız, insanları bir tikə çörək üçün dünyaya əl açan Somali…
Hesabatda biz korrupsiyanın səviyyəsinə görə qonşularımız Ermənistan və Gürcüstandan bərbad durumdayıq. 183 dövlət arasında Azərbaycan 143-cü, Ermənistan 129-cu, Gürcüstan isə 64-cü yerdə qərarlaşıb. Qeyd edək ki, siyahı ən az korrupsiyalaşmış ölkələrlə başlayır.
“Beynəlxalq Şəffaflıq”ın son hesabatı Azərbaycanda rüşvətxorluğa legitimlik qazandıranların bir ciddi arqumentini də əllərindən alıb. Bizimkilər Ermənistanın və Gürcüstanın korrupsiya siyahısında bizdən yuxarıda olmasına nə deyirdilər? Deyirdilər ki, o ölkədə pul olmadığından təbii, iqtisadi proseslər və buna bağlı olan rüşvət də azdır. Somali nümunəsi bu “arqumenti” darmadağın etmədimi? Hər halda, ən cığal adam da razılaşacaq ki, Somalidə iqtisadi durum və pulun miqdarı qonşularımızdan hədsiz azdır. Yuxarıdakı “arqumentə” inansaydıq, onda Somali “Beynəlxalq Şəffaflıq”ın hesabatındakı yerini 180 dərəcə dəyişməliydi.
Hesabatda öncüllük Norveç, Isveç, Danimarka kimi proqressiv və demokratik Qərb ölkələrinə məxsusdur. Indi ritorik sual yaranır: necə olur ki, “dünyanın hər yerində rüşvət ola-ola” Qərbin demokratik ölkələrindəki insanlara firavanlıq, bizdə isə fəlakət yaradır?