“Zorakılıq edənlər tezliklə tapılmalı, İntiqam bəydən üzr istənilməlidir”
Hacı İlqar İbrahimoğlu: “Bu olaydan Türkiyə əleyhinə istifadə olunmamalıdır”
İctimai Palatanın Koordinasiya Şurası tanınmış vəkil İntiqam Əliyevə qarşı yol verilən qanunsuzluqlarla bağlı münasibətini açıqlayıb. Koordinasiya Şurasının üzvü Hacı İlqar İbrahimoğlu baş verənlərdən təəssüfləndiklərini və ciddi narahatçılıq keçirdiklərini deyir: “Açığı, düşünmürdük ki, məsələ bu cür absurd həddə qədər böyüyə bilər. Dünən hava limanında İntiqam Əliyevi qarşılayan vətəndaş cəmiyyəti fəallarının arasında bizlər də var idik. İntiqam Əliyevə qarşı cinayətkarcasına bir davranış olub. Ona bir neçə dəfə fiziki təzyiq göstəriblər. Koordinasiya Şurası adından ilk olaraq onu bildirmək istəyərdim ki, İntiqam bəy Azərbaycanın milli xəzinəsidir. Sovetlər dövründən sonra Azərbaycanda hüquqi düşüncənin, hüquqi fikrin inkişafına töhfələr vermiş ən böyük şəxsiyyətlərdəndir. Müasir hüquq fikrinin inkişafında böyük xidmətləri olan barmaqla sayılacaq insanlardandır. İntiqam bəy ölkədə demokratiya, islahatlar, vətəndaşların fəallaşması sahəsində daim ardıcıl mübarizə aparıb. Onu hamımız savadlı, təmkinli, mədəni, yüksək intellekti olan şəxs kimi tənıyırıq. Onun hər hansı mənada etik qaydaları pozaraq sərhədləri keçə biləcəyini təsəvvür belə edə bilmirik. Təbii, bir şərtlə ki, insan ləyaqətini alçaldan davranışlarla üzləşməsin”.
İ.İbrahimoğlunun sözlərinə görə, Koordinasiya Şurası Türkiyə hökumətinə müraciət edərək bu məsələnin tezliklə araşdırılmasını, çözülməsini, cinayəti törədənlərin cəzalandırılmasını tələb edir: “Bu cinayəti törədənlər tez bir zamanda araşdırılıb tapılmalı və cəzalandırılmalıdır. Baş verənlərə görə İntiqam Əliyevdən üzr istənilməlidir. Türkiyə bizim üçün qardaş ölkədir. Hesab edirik ki, bu hadisədən Türkiyə əleyhinə istifadə olunmamalıdır. Sadəcə olaraq qardaş ölkə olduğu üçün Türkiyədən hadisənin araşdırılması ilə bağlı gözləntilərimiz daha böyükdür”.
Gültəkin