Bakıdakı “Atatürk” litseyində baş verənlərə görə bir həftədir ürək ağrısı tapmışam. Akademik Rafiq Əliyevin başına gətirilən müsibət lokal səviyyədə “Atatürk” litseyində təkrarlanıb. Akademik Rafiq Əliyevi ölkədəki həqiqətləri dilə gətirdiyinə görə işdən uzaqlaşdırdılar, “Atatürk”dən isə Isa Ərdoğan adlı müəllim litseydəki çatışmazlıq, özbaşınalıq hesab etdiyi halları dilə gətirdiyindən ona qapını göstəriblər.
Isa Ərdoğanın pedaqoji və insani qabiliyyətindən valideynlərin hamısı razıdır. Şagirdlərin bu nurani insanı necə hərarətlə sevdiyinə gözlərimlə şahidəm. Indi onu çox rahatlıqla, tədris prosesinin yarısında, valideynlərə heç bir rəsmi qərar göstərmədən litseydən atıblar. “Niyə belə edirsiniz?” soruşuruq, deyirlər ki, “amandır, qardaş, soruşmayın, dəhşətli bir şey var!”
Nədir o dəhşət? Bknu Allahın bir qulu açıqlamır. Oysa, bundan daha dəhşətlisi ola bilərmi? Tənqidi fikirlərini dediyinə görə sən parlaq bir müəllimi qov…
Biz Azərbaycan dövlət başçısının öz otağından alimi qovduğunu bilirdik, öyrəndik ki, o, tək deyilmiş. Atatürk adı keçən elm müəssisəsində də bu, mümkün imiş.
Camaat uşaqlarını Misir Mərdanovun mədrəsələrindənsə, “Atatürk” litseyinə qoymağa üstünlük verir ki, onlara azad düşüncə aşılasınlar, azad insan olmağı öyrətsinlər. Maşallah, onlar da azad sözü beşiyindəcə boğmağı əyani şəkildə bizlərə göstərdilər.
Nə qədər ki, Isa Ərdoğanın litseydən uzaqlaşdırılmasına rəsmi və ağlabatan izah verilməyəcək, deməli, onun işdən çıxarılması barədə arada dolaşan söhbətlərə daha çox adam inanacaq. Başqa sözlə, daha çox adam Atatürkün adı keçən yerdə haqqın ağzına daş basıldığına inanacaq və “heyflər olsun” söyləyəcək. Heyf!!!
Dövlət bizi qorumalıykən qırır
Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində döyülərək öldürülən Turac Zeynalovun valideynlərinin açıqlamalarından xəbər tutdunuz… Turacın Naxçıvan MTN-də işgəncədən öldürüldüyünü biz aylar öncə yazmışdıq. Həyasızcasına qalxıb deyirdilər ki, “dövlət orqanını gözdən salırsınız”. Hətta bizləri təkzib etmək üçün mərhum gəncə “qardaşlar” da tapmışdılar. O, “qardaş” mediaya bir-bir açıqlama verərək, yazılanları təkzib edirdi. Və bir gün hər şey ifşa olundu. Turacın valideynləri qaçıb Bakıya gəldilər və oğlanlarının başına gətirilən müsibətləri konkret faktlarla sübut etməklə bizləri heyrətə gətirdilər. Adamın oğlunu öldürüb, yerdə qalan doğmalarını da hədələyərək “şikayətim yoxdur” ərizəsi yazdırıblar.
Turacın telefonla çəkilən meyitini də gördük. Adam o mənzərəyə adekvat söz tapa bilmir. Biz kimlərin əlində qalmışıq? Dövlət idarələrinə doluşan bu vəhşilər, manyaklar necə, hansı mühitdə böyüyüblər? Mən indi sizdən soruşuram: bu video və ya işgəncə ilə dövlət orqanlarında öldürülən başqa gənclər haqqında xəbər tutan ermənilərə deməyə nə söz tapacaqsınız?
Ağlınızı başınıza yığın və bilin, ey Talıbovsevərlər! Azərbaycanlıların vəhşi obrazını yaratmaq üçün siz ermənilərə gözəl bəhanələr və əsaslar verirsiniz.
Nə deyirdilər? Deyirdilər ki, “Cəbhə-Müsavat” hakimiyyəti vaxtı evlərimizə meyit gəlirdi, anaların gözü yaşlı qalırdı. O hakimiyyətin dövründə meyitlər döyüş bölgəsindən gəlirdi, şəhid, qəhrəman kimi ehtiramla qarşılanırdılar. Ölüm acıdır, amma valideyn bilirdi ki, övladı böyük dəyər yolunda, vətənin müdafiəsi uğrunda vəfat edib. Indi gənclərimizi onları qorumağa borclu olan qurumlarda – polisdə, prokurorluqda, təhlükəsizlik orqanlarında öldürüb, meyitlərini evlərinə göndərirlər. Bəs onların anaları yoxdur? Yoxsa bu anaların gözündən yaş gəlmir?