Bəxtsizlikdi, ya nəsə başqa bir şey, bizimki heç gətirmir. Təbiətin bizə verdiyi sərvətlərdən Himalay dağlarındakı ərəbdovşanları da bəhrələnir, biz isə onlara tamarzı qalmışıq. Qara kürünü deyək, nərəni deyək, yoxsa nefti-qazı?
Bəs Türkiyə necə? Məni daha çox yandıran bizə milli, dini və coğrafi yöndən əlçatan olan bu dövlətdən yarımamağımızdır. Türkiyə indi uzaq Afrika ölkəsi – Somali üçün nicat yerinə dönə bilir, bizlərəsə – əliyevlərin zülmü altında əzilən azərbaycanlı çoxluq üçün isə yox.
Ərəb dünyası Türkiyədən demokratikləşmə, qardaşlıq mesajları ala bilir, bizlərsə yox.
Tam tərsini gördüklərimiz olur, Çavuşoğlu kimi Azərbaycandakı ədalətsizliyi avropalıların önündə malalayan türk siyasətçisi misalında.
Ancaq mən dünyada və Türkiyədə gedən proseslərin bizim üçün də xoş rüzgarlar əsdirəcəyinə inanmaqdayam. Optimistəm. Baxın, bu günlərdə Türkiyə gündəmi bir “üzrxahlıq” olayı ilə zəbt olunub. Baş nazir Ərdoğan 1938-ci ildə Tunceli vilayətində türk hökumətinin qırdığı 15 min üsyançı insana görə qurbanların varislərindən üzr istəyib. Cənab Ərdoğanın bu hərəkətini tənqid edənlər tapılsa da, hətta ona müxalifliyi ilə seçilən yazarlardan dəstək gəlməkdədir. Onlar “afərin” deyirlər və davamı gəlsin tələbində bulunurlar. Çünki Türkiyənin keçmişində öz xalqına qarşı aşırı şiddət işlənilən hadisələr, təəssüf ki az olmayıb.
R.T.Ərdoğan hələ ki, öz xalqından üzr istəyir, daxili inamım diqtə edir ki, bir gün o, mərhum Turqut Özalın üzrxahlıq nümunəsindən yararlanacaq. T.Özal nə etmişdi? 1985-ci ildə Əlcəzair səfərində o, dövəti adına əlcəzairlilərdən üzr diləmişdi. Ona görə ki, illər öncə BMT-də Əlcəzairin müstəqilliyə qovuşması üçün keçirilən səsvermədə Türkiyə bitərəf qalmışdı. Və Özal bunu dövləti üçün ayıb sayaraq üzr istəmişdi.
Şükürlər olsun ki, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Azərbaycan dövlətinin ayaq üstə durmasında Türkiyənin şəksiz rolu var. Lakin bu etdikləri ilə bərabər Azərbaycanın sivil dünyaya qovuşması, demokratikləşməsi, zülm və ədalətsizlikdən qurtulması üçün etdiklərini görmürük, görə bilmirik. Mən o böyük günün Çavuşoğlu və ona bənzərlərə azərbaycanlılardan Türkiyə dövlətinin üzr istəməsi ilə başlayacağına əminəm. O böyük, şanlı günə yetənəcən isə xırda işləri görmək lazımdır. Məsələn, bir zamanlar türk səfiri Yaqub Qədri Qaraosmanoğlunun Albaniyada gördüyü işləri.
1935-ci ildə Abaniya kralı Zoqu beynəlxalq aləmdə yaranan qarmaqarışıqlıqdan öz səltənətini gücləndirmək üçün istifadə edir, ona müxalif olanları, özünə düşmən saydığı minlərlə insanı öldürür, türmələrə doldurur. Keçmiş Osmanlı dövlətinin təbəələri olan albaniyalılar kömək üçün türk səfirliyinə üz tuturlar. Səfir hər gün onlarla gözüyaşlı anaları, ataları qəbul edir, insanlardan kömək üçün yazılan məktubların sayı-hesabı bilinmir. Yaqub Qədri isə acizdir, nə edə bilər ki. Türkiyə dövləti ona bu işlərə qarışmamağı tapşırıb. Onunsa ürəyi baş verən haqsızlığa dözə bilmir, bir gün o, kralın mürəbbisi və yaxını Əbdürrəhmanı qonaq çağırır. Əbdürrəhmanla insanlıqdan danışır və onu inandırır ki, törədilənlər dövlətə də, krala da hörmət gətirmir. Qonaq heç nə demədən gedir və… 20 gündən sonra kral Zoqu qeyri-şərtsiz ümumi amnistiya elan edir!
Azərbaycan həbsxanaları siyasi məhbuslarla dolduğu bir vaxtda, hətta Türkiyə hökumətindən rəsmi göstəriş gəlmədən cənab səfir Hulusi bəy, görəsən, yuxarıdakı addımı ata bilməz?
Hərçənd mən hələ bilmirəm ki, bizim insanlar kömək üçün Türkiyə səfirliyinə uz tuturlarmı? Onu ümid yeri olaraq, ən azı Iran səfirliyi qədər tanıyırlarmı?