Məhəmməd Talıblı: «Azərbaycanda problemli kreditlərin daha da dərinləşməsi üçün ciddi əsaslar var»
Azərbaycan Mərkəzi Bankının “üzən məzənnə” rejiminə keçməsi və manatın devalvasiyası bank olmayan kredit təşkilatları (BOKT) üçün ciddi problemlər yaradıb. Bunu mətbuata açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Idarə Heyətinin sədri Süleyman Kələşov deyib.
“Xarici investorlar 1-2 il vaxt vermişdi”
Süleyman Kələşov deyir ki, 1-ci devalvasiyadan sonra da BOKT-lara ödənişlə bağlı problem yaranıb. Buna görə də kredit təşkilatları əməkdaşlıq etdikləri xarici investorlara müraciət edərək onlardan möhlət alıblar: “O vaxt xarici investorlar Azərbaycandakı iqtisadi vəziyyəti nəzərə alaraq BOKT-lara 1-2 il vaxt vermişdi. Indi yenidən belə bir vəziyyət yarandı. Yəqin ki, gələn həftə AMFA-da bu məsələ ilə bağlı görüş olacaq və xarici investorlara yenidən müraciət ediləcək. Yəni onların bura qoyduğu pullar istənilən halda batmayacaq. Sadəcə bir qədər gec ödəniləcək”.
“Vaxtı keçmiş kreditlər 2 dəfə artacaq”
AMFA rəhbəri hesab edir ki, “üzən məzənnə” BOKT-larda vaxtı keçmiş kreditlərin payını azı 2 dəfə artıracaq: “1-ci devalvasiyadan sonra problemli mikrokreditlərin ümumi kredit portfelinə nisbəti 3%-dən 10%-ə qalxmışdı. Indi də yəqin ki, azı 20% olacaq”.
Bəs bu situasiya banklar üçün nə vəd edir? Hazırda 6-7 faiz səviyyəsində olan problemli kreditlər bankların onsuz da durumunu ağırlaşdırmışdı. Bu göstəricinin 20 faizə qədər qalxması bank sektorunu iflasa apara bilərmi? Vətəndaşların bu vəziyyətdən itkiləri nədən ibarət olacaq?
Ölkədəki kreditlərin 75 faizinin dollarda olduğunu deyən iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, belə olan vəziyyətdə vətəndaşlar daha çox vəsait xərcləyərək həmin pulları geri qaytaracaq. Belə olduqda isə vətəndaşların ciddi ziyana düşməsini qaçılmaz sayan M.Talıblı vurğuladı ki, banklar da problemli kreditlərin artmasını müşahidə edə bilər: “Problemli kreditlərin hətta 10 faizə qədər qalxması belə ciddi göstəricidir. Beynəlxalq normalar baxımından yanaşıldıqda bu, təhlükəlik həddini də keçir. Ona görə qırmızı xəttin keçilməsi onu deməyə əsas verir ki, Azərbaycanda problemli kreditlərin daha da dərinləşməsi üçün ciddi əsaslar var. Devalvasiyadan sonra iş yerlərinin itirilməsi, vətəndaşların gəlirlərinin azalması əhəmiyyətli təsir göstərəcək”.
M.Talıblı onu da bildirdi ki, problemli kreditlərin artması girovda olan mənzillərin və digər əmlakın bazara yenidən təqdim olunmasına səbəb ola bilər. Belə bir vəziyyətdə təklif çoxluğu nəticəsində qiymətlər daha da aşağı enə bilər: “Bu durumda banklar maraqlı olmalıdır ki, vətəndaşların, biznes qurumların götürdükləri kreditləri geri qaytarsınlar. Çıxış yollarından biri kreditlərin tarixinin uzadılmasıdır. Bu yol ilə kreditlərin alınmasına nail olmaq olar. Amma əks yol kreditlə bağlı məhkəmələrin artmasına səbəb olacaq”.
Xəyal