Eynulla Fətullayev: «Qətldən 15 dəqiqə əvvəl bir nəfər əlində qəzetə bükülü bir şeylə həmin tərəfə yollanıb»
«Ictimai fikir ancaq Iran versiyası üzərində cəmləşib, amma başqa versiyalar da var»
Rafiq Tağının qətli ilə bağlı yaradılmış Jurnalist Təhqiqat Qrupunun rəhbəri tanınmış jurnalist, hüquq müdafiəçisi Eynulla Fətullayev “Yeni Müsavat”a apardıqları araşdırma ilə bağlı maraqlı məqamlar açıqlayıb. R.Tağının qətlə yetirilməsi ilə bağlı videogörüntülərə baxış keçirdiklərini deyən E.Fətullayev şübhəli ipucları tapdıqlarını bildirib: “Rafiq Tağı qətlə yetirilməmişdən 15 dəqiqə öncə bir nəfər əlində qəzetə bükülü bir şeylə həmin tin tərəfə yollanır. Biz o kameranın yaddaşındakı yazıya baxandan bir gün sonra hüquq-mühafizə orqanları həmin videoyaddaşı götürüblər. O kameralar, videoyaddaşlar niyə götürülmürdü? Niyə bizdən dərhal sonra yığışdırıblar? Mən təəccüb edirəm ki, noyabrın 19-da baş verən bu hadisə ilə bağlı videogörüntülər istintaq tərəfindən dekabrın 1-də aparılıb. Həmin vaxta qədər baxış keçirilib, amma yaddaş götürülməyib”.
Bunun səbəbinə gəlincə, E.Fətullayev bildirib ki, onlarda daha ətraflı məlumatlar var. Amma bu, istintaqın gedişinə mane ola bilər deyə, hələ açıqlamırlar: “Bizim vəzifəmiz istintaqın işinə kömək etməkdir. Bu cinayət işində kifayət qədər ipucu var. Onların əməliyyat peşəkarlığını nəzərə alaraq hesab edirəm ki, nəticə əldə edilməlidir. Mənə indiyə qədər də aydın deyil ki, onun qətli baş verən yerdəki əsas kameraların fəaliyyəti niyə pozulub. Bu məqam araşdırılmalıdır.
Bizim gördüyümüz görüntüləri dükanın içindəki kamera çəkib. Biz ora gedəndə onlar düşündülər ki, hüquq-mühafizə orqanlarından gəlmişik. Ona görə də o kadrları asanlıqla verdilər. Ertəsi gün dedilər ki, prokurorluq məhkəmə qərarı ilə gəlib və həmin görüntüləri aparıb. Bu, kifayət qədər şübhələr yaradır. Biz məsələni təhlil etdik. Görüntüləri çəkən kamera dükanın içindədir. Vitrindən çəkir. Və təqribən hadisədən 15 dəqiqə öncə və sonra oradan başqa heç kim keçməyib. Bir şübhəli şəxs – əlindəki qəzetə bükülü nəsə gedir. Xüsusi avadanlıqla onun üzünü görmək mümkündür. Rafiq demişdi ki, həmin adamım üzü bağlı idi. Amma mən bir məqamı da deyim ki, Rafiq Tağının avqust ayında dərc olunan bir məqaləsi də vardı. Ona da diqqət yetirmək lazımdır. Mətbuat Rafiqin son məqaləsini təhlil etməyə başladı. Halbuki o məqalə 11 noyabrda dərc olunmuşdu. Demək istəyirəm ki, bu qətlin onun konkret bir məqaləsi ilə bağlı olduğunu düşünmürəm. Bütün ictimai fikir ancaq Iran versiyası üzərində cəmləşib. Mənim müşahidələrim göstərir ki, yalnız bu versiya üzərinə gedilsə də, ortada başqa versiyalar da var”.
E.Fətullayev deyir ki, bir müddət sonra bu barədə hansısa açıqlama vermək olar. Hələlik isə bunu bölüşmək üçün tezdir: “Qətlin baş verdiyi yerdə ancaq Iran mağazaları yerləşir. Iran niyə özünü bu qədər pis vəziyyətə qoysun ki? Yəni, bu qədər qeyri-peşəkardırlarmı? Vacib məqama nəzər yetirilməlidir. Başqa bir yerdə öldürə bilməzdilərmi? Hesab edirəm ki, bu cür qətllər isti izlərlə açılır. Təəssüf ki, hadisədən üç həftə keçib, amma ictimaiyyətə hələ də heç nə bildirilmir. Nədənsə yalnız bir versiya üzərində işlənilir. Biz istefada olan, peşəkar əməliyyatçıları da bu araşdırmaya cəlb etmişik. Demək istəyirəm ki, son yazı onun qətli ilə bağlı hansısa rol oynayıbsa da, onun qətlini belə tez zamanda çatdıra bilməzdilər. Həmin yazı noyabrın 11-də yazılıb, qətlsə 19-da baş verib. Bunu texniki cəhətdən də çatdırmaq mümkün deyildi. Rəhmətlik Elmar qətlə yetiriləndə biz 2005-ci ildə araşdırmaya başladıq, 2007-ci ildə bitirdik. Indi bizim vəzifəmiz istintaqa yardım etməkdir. Müşahidə edir və bölüşürük”.