Müzəffər Baxışov: “Bu addımlar baş prokurorluq tərəfindən törədilən təzyiq hesab edilməlidir”
Zərdab Rayon Prokurorluğunda müstəntiq vəzifəsindən siyasi bəyanatla istefa verən Rüfət Səfərov ətrafında yaranan vəziyyət diqqət mərkəzindədir. Xatırladaq ki, Səfərov (O, məşhur YAP-çı, keçmiş deputat və Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğludur) baş prokurora istefa ərizəsi ilə müraciət etsə də, baş prokuror onu öz ərizəsinə əsasən yox, xüsusi maddə ilə hüquq-mühafizə sistemindən kənarlaşdırıb. Dərhal da onun işini yoxlamaq üçün rayon prokurorluğuna komissiya göndərilib. Səfərova qarşı yoxlama əməliyyatı hazırda davam edir. Eyni zamanda, onun iş yerindəki şəxsi noutbuku götürülüb və mobil nömrələrinə baxış keçirilib. Bəs, keçmiş müstəntiqə qarşı yönəldilən bütün bu addımlar hüquqi cəhətdən nə qədər doğru hesab oluna bilər?
Hüquqşünas Müzəffər Baxışov söyləyir ki, prokurorluq orqanlarında bir neçə dəfə belə hal baş verib. Müzəffər bəy söyləyir ki, prokurorluq işçisi öz ərizəsiylə vəzifəsindən azad edilməsi barədə Baş Prokurorluğa müraciət edə və baş prokuror da bu məsələni nəzərə ala bilər: “Məsələnin mahiyyəti ondan ibarətdir ki, prokurorluq işçisinin öz ərizəsiylə işdən çıxma əsası göstərilsə də, onun hansı prosedur qaydalarının olması təsbit olunmayıb. Prosedur qaydaları Əmək Məcəlləsiylətənzimlənir. Məcəllənin 69-cu maddəsinə görə işçi işəgötürənə ərizə verəndən sonra bir ay gözləməlidir. Bir aydan sonra da ərizənin geri götürülmədiyi təqdirdə, işəgötürən onu işdən azad etməlidir. Işçinin təqaüdə çıxması, təhsilə getməsi, digər işə qəbul olunması və s. əsaslarda işəgötürən onu dərhal işdən azad edə bilər. Prokurorluqda bu məsələ çox çətinləşir və ərizəsiylə işdən çıxmaq istəyən şəxslərə 2000-ci ilin aprelindən etibarən, Zakir Qaralov baş prokuror təyin ediləndən sonra belə qanunsuz hərəkətlərə yol verilməyə başlayıb. Yəni ərizə verən şəxslərə sonradan cəza verərək onları işdən azad ediblər. Bütün qanunsuzluqların səbəbkarı baş prokuror Zakir Qaralovdur. Mən bunu tam məsuliyyətlə deyirəm. Bütün qanunsuz hərəkətlər törədən vəzifəli şəxslər kimi, o da belə qanunsuzluqlara görə cavab verəcək. Zərdab prokurorluğunun müstəntiqi haqqında cinayət işi başlanmayıbsa, onun şəxsi əşyalarının götürülməsi və baxış keçirilməsi qanunsuzluqdur. Cinayət işi başlanmadan belə hərəkətlərə yol verilibsə, bu sırf qanunsuzluqdur. Cinayət işi başlanıbsa, həmin işin heç bir hüquqi əsası yoxdur və həmin müstəntiqə qarşı olan addımlar baş prokurorluq tərəfindən törədilən təzyiq hesab edilməlidir. Baş prokuror belə qanunsuz hərəkətə görə dərhal həbs edilməli və barəsində cinayət işi açılmalıdır. Lakin burda belə qanunsuz əməllərə yol verən şəxslər ən yüksək vəzifələrdə təmsil olunurlar. Çünki ölkədə hüquqi dövlət qurulmayıb. Həmin müstəntiqə qarşı belə hərəkətlər tam qanunsuzdur və bu cür addımları lənətləyirəm”.