Yaşamak güzel şey doğrusu,
üstelik hava da güzelse,
hele gücün, kuvvetin yerindeyse,
elin ekmek tutmuşsa bir de…
(Melih Cevdet Anday)
Hərdən mənə elə gəlir ki, bu ölkədə hər şeyin adı simvolikdir. Hökumətin də, konstitusiyanın da, qayda-qanunun da, elə insanların özünün və əməkhaqqının da. Bu simvolika onda ifadə olunur ki, bir şey sözdə var, mahiyyətdə yox. Həqiqətən, düşünmək belə insanı vahiməyə salır – çörəyin qiyməti 40 qəpik, ictimai nəqliyyatın gediş haqqı 20 qəpik, ətin kilosu 10-15 manat olan məmləkətdə bir insan aylıq 93, 5 manatla necə yaşaya bilər? Buna yaşamaqmı deyilir?..
Hələ bu minimum əməkhaqqının artmış halıdır. Dünən ölkə başçısının məlum sərəncamına qədər o məbləğ 85 manat idi…
Maraqlıdır, bu artım sərəncamını düzüb-qoşanlar imza atdıqları sənəd üzərində o rəqəmi görüncə hansı hissləri keçirirlər? Onların yaşayış minimumunda, ümumiyyətlə, belə bir rəqəm yoxdur axı… Bu qədər təbii sərvəti olan ölkədə tənha və kimsəsiz bir insanı 93,5 manatın ümidinə buraxmaq onu ölüm aclığına məhkum etmək deyilmi?..
Bəli, ölkədə acından ölən ölür, qaçan qaçır, danışan susdurulur. Yadınızdasa, bir az əvvəl Moskvadakı səfirimiz Polad Bülbüloğlu 750 min azərbaycanlının Rusiya vətəndaşlığı aldığını demişdi. Doğrudan da, isti yuvasından kim qaçar…
1932-1933-cü illərdə sovet rejiminin Ukrayna xalqına qarşı törətdiyi “qolodomor” cinayəti haqqında oxumusunuz. Ukrayna dilində “aclıq” və “öldürmək” sözlərindən yaranan “qolodomor”un səbəbi açıq bəlli idi – tarixən milli mübarizələrə səhnə olan, müstəqillik savaşından heç bir halda vaz keçməyən xalqı əzmək və kölə halına salmaq. Sovetləşmə siyasətinə böyük əngəllərdən olan bir xalqı susdurmağın ən uyğun yolu onu aclıqla boğmaqdı və Stalin bunu açıq şəkildə etməkdən çəkinmədi.
Vikipediyada “qolodomor” cinayəti haqqında yazılır: “Düşünülmüş aclığın məqsədi milli elitanın və onun sosial dəstəyinin ləğv edilməsi yolu ilə Ukrayna milli ideyasının aradan qaldırılması, daha sonra isə ”Qolodomor”dan sağ çıxmış kəndliləri itaətkar kolxozçulara – dövlət qullarına çevirmək idi”.
O illər xalq arasında “Beş sünbül haqqında qanun” adını alan qətnaməyə əsasən hətta uşaqlar da valideynlərinə məxsus tarlalardan sünbül yığdıqda amansızcasına cəzalandırılırdılar. “Qolodomor” nəticəsində Ukrayna əhalisinin 20-30%-i məhv edildi və xalqın bir neçə nəsillik inkişafı dayandı.
Indi zaman dəyişib, xalqları əzməyin və acından öldürməyin formaları da “müasirləşib”. Daha qətnamələrdə beş sünbül cəza motivi kimi deyil, yaşamaq motivi kimi qiymətləndirilir. Elə bizim 93,5 manatı ayın otuz gününə böləndə də bir günə beş sünbül ancaq düşər. Bu beş sünbüldən bir çörək çıxar, ya çıxmaz, onu da özünüz hesablayın.
Indi ölkəyə böyük pulların axdığı məqamdır və Azərbaycan bu il korrupsiya göstəricilərinə görə beynəlxalaq siyahılarda xeyli irəliləyib. 5-10 il sonra neft və qazdan belə pullar gəlməyəcək. Ölkənin milyardlar qazandığı bir dövrdə əhalinin günü belə qalmaqda davam edəcəksə, onda millət özünə gün ağlamaq haqqında yaxşı-yaxşı düşünməlidir.
Axı Konstitusiyamızda da ölkənin bütün yerüstü və yeraltı sərvətlərinin xalqa məxsus olduğu yazılıb. Amma hər halda, bu da bir simvolikadır…