Ekspertlər bunu əlverişsiz investisiya mühiti ilə əlaqələndirir
Nemət Əliyev: «Vergilərin ağır olması, qeyri- rəsmi ödənişlər xarici sərmayəni ölkəmizdən uzaqlaşdıran faktorlar siyahısına daxildir»
Bu ilin 10 ayı ərzində Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1,4 mlrd. dollardan çox olub. Idxalın həcmi 990 mln. dollar, ixracın həcmi isə 400 mln. dollar olub. Ötən ilin analoji dövrü ilə müqayisədə ticarət dövriyyəsi 85%, idxal 64%, ixrac 2,7 dəfə artsa da, ekspertlərin fikrincə, ümumilikdə mənzərə bir o qədər ürəkaçan deyil. Bundan başqa, 10 il ərzində Türkiyədən Azərbaycan iqtisadiyyatına 2 mlrd. dollar investisiya yatırılıb. Türkiyədə isə 850 Azərbaycan şirkəti fəaliyyət göstərir. Həmin şirkətlərin Türkiyə iqtisadiyyatına sərmayəsi isə 4,5 mlrd. dollar olub. Rəqəmlərdə diqqət çəkən məqamlar ondan ibarətdir ki, Türkiyənin Azərbaycandan daha qüdrətli iqtisadiyyata sahib olmasına baxmayaraq, ölkəmizlə müqayisədə Türkiyənin istər Azərbaycana investisiya yatırımı, istərsə də ölkəmizdən idxalı iki dəfə azdır.
AXCP iqtisadiyyat komissiyasının rəhbəri Nemət Əliyevin fikrincə, iki ölkənin iqtisadi göstəricilərində kəskin fərqin olmasına səbəb Azərbaycan hakimiyyətinin yanlış iqtisadi siyasət yürütməsidir. Azərbaycanda əlverişli investisiya mühitinin olmadığını deyən N.Əliyev vurğuladı ki, məhz bu üzdən istər xarici, istərsə də yerli investorlar kapitallarını ölkəmizdən xaricə yatırırlar: “Hakimiyyətin yürütdüyü siyasət Azərbaycanda xarici sərmayənin fəaliyyət göstərməsinə imkan vermir. Vergilərin ağır olması, qeyri-rəsmi ödənişlər xarici sərmayəni ölkəmizdən uzaqlaşdıran faktorlar siyahısına daxildir. Ona görə türk iş adamları da Azərbaycana investisiya yatırmağa tələsmirlər. Azərbaycan iqtisadiyyatı yalnız birtərəfli şəkildə inkişaf edir. Qeyri-neft sektoruna isə heç bir diqqət ayrılmır. Nəticədə ölkənin büdcəsinin formalaşması yalnız neft sektorundan gələn gəlirlərdən asılıdır. Məhz bütün bu faktorlar üzündən ölkəyə sərmayənin gəlişi ciddi problemlərlə üzləşir. Azərbaycanda indiyə qədər fəaliyyət göstərən investorlar isə bizneslərini burada yarımçıq qoyaraq ölkəni tərk edirlər”.
Azərbaycanın da iş adamlarının Türkiyəni yaxın ölkə kimi seçərək ora investisiya yatırmasında qəribə heç nəyin olmadığını deyən N.Əliyev bildirdi ki, Türkiyədə sahibkarlara yaradılan normal mühit iş adamlarını cəlb edir. “Rüşvətin, korrupsiyanın tüğyan etdiyi Azərbaycan kimi məmləkətlərə heç kim pulunu yatırmaq istəməz. Çünki yatırım və fəaliyyət göstərmək üçün mühit əlverişli deyil”, – deyə N.Əliyev vurğuladı.
Xəyal