Əli Əlirzayev onlara qarşı ögey münasibətə görə Əli Əhmədovu ittiham edir
YAP-ın qurulmasında iştirak edənlər və Heydər Əliyevin dövründə partiyada söz sahibi olanlar sıxışdırılmaqda davam edir. Bu proses hakim partiya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəzarətinə keçəndən sonra başlanıb. Sirus Təbrizli, Alqış Həsənoğlu, Ariz Abduləliyev partiyadan kənarlaşdırılıb. Əli Əlirzayev, Şahlar Əsgərov kimi partiyada qalan qocaman YAP-çılar isə artıq söz sahibi deyil.
Bu günlərdə bəlli olub ki, iki məşhur YAP-çı da faktiki olaraq hakim partiyadan uzaqlaşdırılıb. Bunlar Səyyad Aranla, Əli Nağıyevdir. Doğrudur, hər iki şəxs diplomatik fəaliyyətə görə partiya sıralarını tərk ediblər. Lakin onlar, səlahiyyət müddətləri başa çatandan sonra yenidən YAP-a üzv olmaq üçün ərizə ilə müraciət etsələr də, müsbət cavab almayıblar. Səyavuş Novruzov bildirib ki, Səyyad Aran sıravi üzv kimi partiyaya qəbul olunub. Əli Nağıyevdən isə müraciət daxil olmayıb. Səyavuş Novruzov Səyyad Aranın partiyaya sıravi üzv kimi qəbul olunmasını belə izah edib: “Seçkili orqanlara üzvlər qurultayda seçilir. Yəni Idarə Heyətinin, yaxud Siyasi Şuranın üzvü diplomatik fəaliyyətlə əlaqədar partiyadan çıxıbsa, yenidən qayıdanda artıq seçkili orqana bərpa oluna bilməz, yalnız sıravi üzv ola bilər”. YAP-ın qurulmasında iştirak etmiş bir adama hər halda partiyada vəzifə vermək mümkün idi. Lakin görünür, Səyyad Aran “köhnələr”dən olduğuna görə onun partiyada sıravi üzv kimi fəaliyyət göstərməsi məqsədəuyğun sayılıb. Əli Nağıyevə gəlincə, onun partiyaya üzv olmaq üçün müraciət etdiyini Səyyad Aran bildirmişdi.
Ramiz Mehdiyevin komandasından kənarda olan YAP-çılar, hətta partiyanın 19 illik tədbirinə də çağırılmayıb. Qocaman YAP-çı Əli Əlirzayev bu məsələdə partiyanın icra katibi Əli Əhmədovu ittiham edib. O, “Yeni Müsavat” qəzetinə açıqlamasında deyib: “Yeni Azərbaycan Partiyasının yaranmasının 19 illiyi ilə bağlı tədbirlərə dəvət olunmamışam, görünür, məsləhət görməyiblər. Mən obyektiv danışan adamam. Bu da onların xoşuna gəlmir. Məsləhət bilmirlər ki, tədbirlərdə iştirak edim. Bunda da bir neçə adam günahkardır.
Birinci elə Əli Əhmədovdur, dəvət etmək istəmir. O, məsləhət bilsə, tədbirə dəvət edər”.
Əli Əlirzayev Əli Əhmədovun adını çəkməklə əslində bütün bunların arxasında Ramiz Mehdiyevin dayandığına işarə vurub. Sirr deyil ki, icra katibi partiyada PA rəhbərinin bir nömrəli adamıdır.
Sirus Təbrizli, Ariz Abduləliyev və Alqış Həsənoğlu da tədbirə dəvət edilməyib.