Parçalanmış siyasi və hərbi-siyasi qüvvələr özlərini qoruyarkən, Iranı itirəcəklər
Iranın vurulub-vurulmayacağı dilemması sərtləşir. Artıq bu proses Tehran üçün nə qədər cansıxıcıdırsa, Vaşinqton və müttəfiqləri üçün də bir o qədər həyəcanvericidir. Və biz bu həyəcanı qətiyyən Liviya proseslərindəki ürək döyüntüləri ilə eyniləşdirməməliyik. Çünki Iran Liviya deyil. Iranın siyasi hakimiyyəti də atadan oğula ötürülmüş Suriya deyil. Bu ölkənin qədim dövlətçilik ənənəsi (Türk və fars hakimiyyətlərinə əsaslanan) kəşfiyyat sistemi, elmi-texnoloji nailiyyətləri, quru qoşunları, havada və suda döyüşlər aparmaq üçün gəmiləri, uzaq mənzilli raket sənayesi, ciddi enerji resursları var.
Iran Yaxın Şərqdə ən böyük müharibə potensialı olan bir ölkədir. Iranı hərbi cəhətdən sıradan çıxarmağın tək yolu kimi hərbi müdaxilə seçilsə, təbii ki, bu ölkə ilə qarşılaşma asan keçməz. AntiIran koalisiyasının ümumi gücünü və siyasi iradəsini sözsüz ki, nəzərə almaq lazımdır. Eyni zamanda, regiondakı mövqeyinə görə Iranın qlobal əhəmiyyətinin başqa bir göstəricisi də budur ki, Rusiya və Çin kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan nüvə dövlətləri Tehrana birbaşa güc tətbiqinin əleyhinə çıxırlar. Aydındır ki, bu durum da Iran üçün hər hansı nəfəsliyin mövcudluğu deməkdir. Bizim hesablaya bilmədiyimiz məqam odur ki, ABŞ və Avropa Birliyinin birgə təzyiqləri qarşısında Iraq, Misir, Tunis və Liviyada tam geri çəkilən, Suriyada isə mövqesiz qalmağa üstünlük verən Çin və Rusiya Iranı hansı həddə qədər müdafiə edəcəklər? Başqa bir sual odur ki, bu müdafiə təkcə siyasi olaraq qalacaq, yoxsa başqa keyfiyyət müstəvisinə keçəcək? Söhbət hərbi və iqtisadi aspektlərdən gedir.
Iran daxilində tarazlıq pozulub
Iranın bu qarşıdurmaya hazırlıq vəziyyətinə nəzər yetirsək, görərik ki, dini rejimin çətiri artıq bütün siyasi çevrələri bir arada tuta bilmir. Dini hakimiyyətin başlıca fiqurlarından sayılan Rəfsəncani və Hatəminin Ali Dini Şuranın başçısı Xamneyi ilə münasibətlərinin kəskin pisləşməsi mühafizəkar qanadın zəifləməsinə səbəb olub.
Hatəmi bir qədər islahatçı sayılsa da, o, Iran rejiminin ən samballı fiqurlarından hesab olunur və ölkədə nüfuz bölgüsündə ciddi payı olan bir siyasətçidir. Üstəlik, dini rejimin silkələnməsi ərəfəsində hakimiyyətə gələrək rejimi yumşaldıb və ömrünü uzatmaq imkanları qazandırıb.
Rəfsəncani böyük siyasi fiqur olmaqla yanaşı, ölkə iqtisadiyyatına ciddi təsiri olan şəxslərdən sayılır. Onun dini rejimin başçıları ilə bölüşə bilmədiyi əsas məqam hakimiyyətin əvvəlki kollegiallıqdan çıxması məsələsidir. Başqa sözlə, o, özünün idarəetmədən uzaqlaşdırılmasını həzm edə bilmir və hakimiyyətə nəzarət imkanlarına iddia edir.
Hər iki siyasi lider Iranda baş qaldırmış vətəndaş etirazlarına dəstək verdi və insan haqlarının təmin olunmasını, demokratik azadlıqların bir an öncə xalqa qaytarılmasını tələb etdi. Bu isə o deməkdir ki, hakim rejimlə bu qüvvələr arasında körpü artıq yanıb.
Kərrubi və Musəvi “barıt çəlləyi”dir
Iranda sönmək bilməyən alovun əsas qırx düyünlü kötükləri isə ötən prezident seçkilərində dini rejimi sarsıdan iki namizəddir. Musəvi və Kərrubi Iran Islam Respublikasının 32 illik tarixində ilk dəfə siyasi zəmində qarşıdurmanı din sistemini silkələyəcək səviyyəyə qaldırdılar. Onların ətrafındakı qüvvələrin əsas ideoloji tezisləri insan azadlıqları və təbii hüquqların qorunmasıdır. Yaşamaq və işgəncəyə məruz qalmamaq hüququ artıq Iranda siyasi müxalifətin başlıca silahı oldu. Edamlar və insanın bədən üzvlərinin kəsilməsi kimi cəzaların dözülməz həddə çatması vətəndaş qiyamına əsas yaradır. Müxtəlif fasilələrlə bu şüarlarla etirazların davam etməsi deməyə əsas verir ki, bir qədər rejimdaxili boşluq sözügedən nüvənin aktivləşməsinə səbəb olacaq. Demokratik dünyanın Musəvi və Kərrubiyə dəstəyi isə söyləməyə əsas verir ki, Iranın gələcəyilə bağlı bu qüvvələrin fikirləri dünya ictimaiyyətində ciddi qəbul olunacaq.
Əsas parçalanma – Mollalar və Prezident
Iranın keçmiş xarici işlər naziri Manuçöhr Möttəkinin istefasının əsas səbəblərindən biri kimi nazirin mollalarla ciddi münasibətlərinin olması və xarici siyasət məsələlərində prezident Mahmud Əhmədinejadın müəyyən etdiyi suverenlik həddindən kənara çıxması olub. Əhmədinejad isə bir müddət onu yaxın qohumu ilə əvəzləyib, ardınca da Möttəkini istefaya göndərib. Elə bu qarşıdurmanın ilk olayından sonra dini rejimin “uzun əlləri” prezidentin köməkçilərini və müşavirlərini ard-arda həbsə atdırıb.
Əhmədinejad özünü neft naziri elan etdi və Ali Dini Şuranın sarkaztik vetosu ilə üzləşdi. Hətta bir neçə gün işə çıxmayan prezidentin sonradan təzyiq nəticəsində rəsmi iqamətgahına gəldiyi barədə xəbərlər yayıldı. Bununla belə, Iranın daha ciddi siyasi fiqurlarından sayılan parlamentin başçısı dini rejimin rəhbərlərilə sıx əlaqədə olsa da, özünü daha çox müstəqil və klerikallıqdan kənarda göstərməyə meyllidir. Onun daha çox hərbi dairələrlə məsləhətləşdiyi bildirilir.
Hərbi hakimiyyət və iki qolu
Iranda rəsmi kəşfiyyat fəaliyyətini həyata keçirən ETTELAAT regionda nüfuzlu təşkilatlardan olsa da, MIT və MOSSAD-la müqayisədə qabaqcıl yerlərdə deyil. Iranın mühacirlərini və ölkəyə daxil olanları süzgəcdən keçirmək bu qurumun əsas fəaliyyəti çərçivəsindədir. Bu qurumun siyasətə marağı rejimin qapalı mahiyyətindən asılı olaraq, böyükdür. Xarici siyasət demək olar ki, ETTELAAT-ın məruzələri əsasında formalaşdırılır. Təşkilatın hazırkı rəhbərliyi dini və siyasi hakimiyyət arasındakı qarşıdurmadan istifadə edərək, xeyli müstəqilləşib. Onların bir-birinə qarşı sifarişli əməliyyatlarını həyata keçirməklə demək olar ki, hər iki qanad üzərində məlumat təhdidlərinə malikdir. Başqa sözlə, rejimin partlayışı üçün ən həssas materiallar bu qurumun əlindədir.
SEPAH – dini rejimin solaxay vuran sağ əli
Könüllülük əsasında formalaşan təşkilat həm hərbi, həm hərbi-kəşfiyyat, həm də hərbi əks-kəşfiyyat funksiyalıdır. SEPAH-ın açıqlaması Islam Inqilabı Keşikçiləri Korpusudur. Bu təşkilatın bir çox ölkələrdə terroru dəstəklədiyi, diversiyalar təşkil etdiyinə dair məlumatlar yayılıb. Başlıca vəzifəsi isə Iran daxilində dini hakimiyyətə qarşı çıxanlara divan tutmaqdır. SEPAH zirzəmilərində minlərlə qadının və kişinin zorlandığı haqda məlumatlar dünya mediasında yer alıb.
Bu təşkilatın hazırkı konyunkturada tutduğu yer isə daha maraqlıdır. Daha çox hərbi-siyasi fəaliyyət yerinə yetirdiyi və mənsublarının (“Bəsic” adlanır) yüksək imtiyazlara malik olması təşkilatın demoralizasiyasını sürətləndirib. Bir neçə dəfə təşkilat daxilində rejim əleyhdarlarının da olduğu sübuta yetirilib və bu qurum hazırda mənəvi bağlılığa deyil, daha çox maddi qazanca üstünlük verənlərdən ibarət bir təsisata çevrilib.
SEPAH dini rejimi qoruyan təşkilat olsa da, ayrıca bir struktur şəbəkədir və rəhbərliyi itirmək istəmədiyi biznes resurslarına malikdir. O ki qaldı ölkənin milli ordusuna, Iranın silahlı qüvvələri içərisində xüsusi yer tutsa da, bu, kəmiyyət ölçülərindən başqa bir şey ifadə etmir. Çünki bütün qapalı sistemlər kimi, Iran da əsas hərbi gücünü kəşfiyyatın xidmətinə verib.
Regionda dayaq qaldımı?
Iran hərbçisinin son isterik bəyanatı Türkiyəyə qarşı oldu. Bununla da Tehran rejimi əlindəki ipi boynuna keçirdi. Ankaraya qarşı hərbi təhdid Iranın son dərəcə çaşqın olmasının göstəricisi idi. Çünki Ankara indiki vəziyyəti yumşaltmağa çalışan və buna az-çox qadir olan yeganə mərkəzdir. Raketdən müdafiə sistemlərini hədəfə alacağını bəyan etməklə Iran artıq özünün məğlubiyyətilə barışdığını, sadəcə, ətrafa daha çox ziyan vurmaq haqqında düşündüyünü elan etmiş oldu.
Iraq istiqamətindən Iran üçün daha ciddi təhlükənin olduğunu deyə bilərik. Çünki burada ABŞ ordusunun piyada kontingenti yerləşir. Pakistan Irana müdaxilə etməsə də, bu ölkəyə heç bir dəstək vermək barədə də düşünmür. Əfqanıstandakı vəziyyət isə aydındır. Bəsrə körfəzi ölkələri Ərəb Ölkələri Liqasının aktiv üzvləridir və onlar siyasətlərini Qərblə uzlaşdırırlar. Xüsusən də Iranla münasibətləri yaxşı deyil. Tehran rejimi özünün əsəbi davranışları ilə həm daxildə, həm də yaxın ətrafında ciddi antipatiya qazanmaqla, özünü çox dar bir çevrədə təkləyib. Hətta xatırlatmaq yerinə düşər ki, bu ölkənin ruhaniləri Islam dini ilə bağlı bəyanatlarında daha çox “şiə” termininə üstünlük verirlər, nəinki “Islam”. Bu da onunla nəticələnir ki, rejim, hətta din daxilində də manevr imkanlarını məhdudlaşdırıb.
Israil və Azərbaycan üçün təhlükə
Irana ehtimal olunan hərbi müdaxilə Azərbaycan və Israil üçün xüsusi təhlükə yaradır. Azərbaycan üçün əsas motiv odur ki, burada Qərb ölkələrinin enerji layihələri var. Ikinci əsas məqsəd də illərdir rejimi parçalayıb, öz milli azadlığına qovuşmaq istəyən Güney Azərbaycanlıların hərəkatına ciddi zərbə vurmaq ola bilər.
Israil isə regionda Irana qarşı həm ideoloji, həm də faktiki baxımdan ən sərt mövqeyi olan dövlətdir və Iran bütün imkanlardan istifadə edərək, bu ölkəyə məhvedici zərbələr vurmaq istəyəcək.
Başlayırmı, bitirmi?
Tehran mənsubları Irana hərbi müdaxiləni “Böyük Yaxın Şərq müharibəsinin başlanması” kimi təqdim etsələr də, ABŞ bu regiondakı işini Islam Respublikası ilə yekunlaşdıracağına eyham vurur. Vaşinqton üçün daha sonrakı və ya paralel mərhələ isə Avropanın sonuncu avtoritar rejimlərində yumşalmalara və islahatlara nail olmaqdır.
Qafqaz Araşdırmalar Dərnəyi