Dünən – 11 dekabr Azərbaycanın tanınmış yazıçılarından biri Bayram Bayramovun doğum günü idi. Yeni nəsil onu yaxşı tanımır.
Necə tanısın? Onun adı hər yerdən silinir.
“Xalq yazıçısı” kimi bir zamanlar üçün kifayət qədər önəmli fəxri ad daşıyıb.
Bu gün isə adı heç yerdə çəkilmir. Ədəbiyyat tarixçiləri barəsində heç nə yazmırlar. Kitabları yenidən – hökumət xətti ilə latın qrafikası ilə nəşr olunmur.
Səbəb hamıya bəllidir, 24 il əvvəl, 1991-ci ildə Ali Sovetdə Heydər Əliyevlə bağlı tənqidi çıxışı hələ də unudulmayıb, o çıxış Bayram Bayramovun bir yazıçı kimi unudulmasının – unutdurulmasının əsas, daha doğrusu, yeganə səbəbidir. Heç bilmirəm, bu mərhum yazıçının ssenarisi ilə çəkilən, bir vaxtların məşhur filmləri olan “Mən ki gözəl deyildim?”, ya da “Onun bəlalı sevgisi” telekanallarda nümayiş olunurmu?
Bunu ona görə yazıram ki, Bayram Bayramovun adı ilə bağlı hər şey 23 il əvvəlki o çıxış səbəbi ilə qeyri-rəsmi yasaqla üzləşir. Heç ötən il 95 illiyində belə, çox sayda hekayə, roman, povest müəllifi olan bu yazıçını xatırlayan tapılmadı. Yubileyi bir zamanlar nəsr üzrə məsləhətçi kimi çalışdığı, sonralar Şura üzvü olduğu Yazıçılar Birliyinin belə yadına düşmədi. 90 illiyində də belə olmuşdu. Səbəb? Yuxarıda yazdıq, təkrarlamağa ehtiyac varmı?
Hardasa bir il öncə yazmışdım: mən özüm də son illər Bayram Bayramovdan nəsə oxuduğumu xatırlamıram. Çox əvvəllər onun “Arakəsmələr” romanını oxumuşdum, bir də avtobioqrafik romanını – “Üzlü-astarlı dünya”nı oxuduğumu xatırlayıram. Bu yaxınlarda rayonda olarkən kəndimizdəki şəxsi kitabxanamdan “Seçilmiş əsərlər”ini tapdım, özümlə Bakıya gətirdim, yaxın vaxtlarda oxumağa başlayacağam. Sözüm onda deyil. Bayram Bayramovun kitabını görəndəağlımdan ilk o keçdi ki, ey dadi-bidad, əslində mən özüm də onun “unutdurulmasında” iştirak edirəm: 20 ildir bir siyasi tənqidin “qurbanı” olan bu yazıçıdan uzun zamandır heç nə oxumamaqla!
Bayram Bayramov “xalq yazıçısı” titulu, Dövlət Mükafatı laureatı olmasına rəğmən çox sakit, səssiz dəfn edildi. Onunla vida mərasiminin Dövlət Filarmoniyasında keçirilməsinə icazə verilmədi. Hətta dövlət televiziyası da ölümü barədəxəbəri yaymır. Dəfnində nə rəsmilər gözə dəyir, nə üzvü olduğu Milli Məclisin adından məzarı üstə çələng qoyulur. Rəsmi dövlət qəzetinin son səhifəsində şəkli verilmədən yalnız Yazıçılar Birliyi adından kiçik nekroloq dərc olunur. Ən maraqlısı bilirsiniz nədir? Ovaxtkı rəsmi senzura hətta “Azadlıq” qəzetinin 12 noyabr 1994-cü il tarixli sayında B.Bayramovun ölümü barədə ürək yanğısı ilə qələmə alınmış misraları qayçılayaraq götürüb. Iki gün sonra “Azadlıq”da gedən daha bir yazı da senzuranın “qayçısı” ilə kəsilib-doğranılıb.
Son nəfəsində 1994-cü ilin soyuq payız çağlarında, bağışlanılması üçün “rəhbərdən” üzr istəməsini təklif edən qələm dostlarına şirin Qarabağ ləhcəsi və özünəməxsus ötkəm səsi ilə belə cavab veribmiş: “Ayə, qoymazsınızmı öləndə də adam kimi ölək?!”.
Təkcə bu bir cümləyə görə Bayram Bayramov hər cür hörmətə və yüksək fikirə layiqdir.
Təkcə bu bir cümlə insan ləyaqətinin əslində necə olmalı olduğu haqqında çox şeyi deyir.
Həyatda indi bircə arzum var: kiməm, nəçiyəm, heç dəxli yoxdur.
Adam kimi ölüm, başqa heç nə və heç kim vecimə deyil!!!