Prokuror keçmiş məhkəmə sədrinə verilmiş 7 illik həbs cəzasının qüvvədə saxlanılmasını istədi
2000-ci ildən 2007-ci ilə qədər Binəqədi Rayon Məhkəməsinin sədri, bundan sonra isə 2013-cü ilə qədər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş, hazırda isə ona verilmiş 7 illik həbs cəzasını çəkən Həsən Əliyev yenidən məhkəməqarşısına çıxarılıb.
Dünən Gəncə Apelyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyilə Həsən Əliyev, eləcə də onunla birlikdə mühakimə olunan Elman Məmmədov və Taleh Süleymanovun şikayəti üzrə məhkəmə iclası keçirilib. Dövlət ittihamçısı çıxış edərək, apellyasiya şikayətlərinin təmin olunmamasını və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib. Həmin hökmə əsasən, CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə təqsirli bilinən Həsən Əliyev 7 il azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərdən Taleh Süleymanov da 7, Elman Məmmədov isə 8 il həbs cəzası alıb.
Xatırladaq ki, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsdən onu icra başçısı təyin etdirmək adı ilə 600 min manat pul almaqda ittiham olunur. Keçmiş hakimlə Səlimovu hər ikisinin ortaq tanışı olan Elman Məmmədov tanış edib. Digər təqsirləndirilən Taleh Süleymanova gəlincə, o, Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. Ittihama görə, Ramazan Səlimov nə icra başçısı təyinatından xəbər olduğunu, nə də verdiyi pulun geri qaytarıldığını görəndə Nərimanov rayonu, 16-cı polis bölməsinə şikayət edib. Bir qədər sonra məsələ böyüyüb və prokurorluğa gedib çıxıb. Elman Məmmədov prokurorluqda işləyən tanışı Taleh Süleymanov vasitəsilə prokurorun müavini Cavid Quliyevlə görüşüb, HəsənƏliyevin Ramazan Səlimovun pulunu hissə-hissə qaytaracağını bildirib, bunun üçün ona zaman verilməsini istəyib. Iş materiallarında o da qeyd olunur ki, keçmiş hakim 600 minin bir qismini qaytarıb.
Amma Həsən Əliyev ittihamı qəbul etmir. O, məhkəmədə ifadəsində Ramazan Səlimovun yalan danışdığını bildirib: “Şərəfimə and içirəm ki, mən ondan o pulu almamışam. O, dələduzluq edib məni aldadaraq qəbz və borc müqaviləsi əldəedib. Bu qədər sadəlövh olduğum, belə səhlənkarlıq etdiyim üçün özüm də özümü qınayıram.
Mənə qarşı bu çirkin oyunu quran və həyata keçirən şəxslər elə düşündülər ki, onların arxalarında duran qohumları, vəzifəli şəxslər qüdrətlidir və hər şeyə qadirdir, ürəkləri istədiyi hər şeyi edə bilərlər, istədikləri insanın taleyi ilə oynayıb onun həyatını məhv edə bilərlər.
Ramazan Səlimovun iddia etdiyi icra başçısı vəzifəsinə təyinat Prezident Aparatının səlahiyyətinə aiddir. Ən önəmli fakt budur ki, icra başçısı vəzifəsinə namizəd sonda möhtərəm prezident tərəfindən qəbul olunur, müvafiq söhbətlər aparılır, sonra isə təyinat barədə sərəncam verilir. Məhkəmə araşdırması zamanı hamını tanıdınız, baxın görün ki, bu Ramazan Səlimovu möhtərəm prezidentə təqdim etmək olarmı?”
Onu da qeyd edək ki, Həsən Əliyev şikayətinə Gəncədə yox, Bakı Apellyasiya Məhkəməsində baxılmasını istəyirdi. Lakin Ali Məhkəmə keçmiş hakimin vəkillərinin bu barədə kassasiya şikayətini təmin etmədi.
Bu iş üzrə məhkəmə prosesi dekabrın 21-də davam edəcək.
Aytən Məmmədova