Diktaturanın çöküşünə gedən yol
2005-ci ilin seçki saxtakarlığına etiraz olaraq 26 noyabrda keçirilən müxalifətin son icazəli mitinqindən artıq 6 il ötür. Həmin gün Əliyevlər hakimiyyətinin demokratiya imitasiyasından imtina etdiyi, diktaturaya keçid dövrünün bitdiyi və ölkədə tam monarxiyanın elan olunduğu gün kimi Azərbaycanın qara tarixinə düşdü. Məhz ona görə də Əliyevlər hakimiyyətini iki dövrə bölmək olar: 2005-ci il noyabrın 26-a qədər və ondan sonra. 2003-cü il prezident seçkilərində Ilham Əliyevin etirazları qan içində boğaraq hakimiyyətə gəlməyinə və yüzlərlə etirazçını türmələrə saldırmaqla siyasi təfəkkürünü ortaya qoymağına baxmayaraq, müxalifətin fəaliyyət imkanları tam məhdudlaşdırılmamışdı. Hələ sərbəst toplaşmaq azadlığından istifadə hüququ qüvvədəydi, hələ siyasi partiyalar maliyyə mənbələrindən və ofislərindən tam məhrum edilməmişdi, hələ beynəlxalq ictimaiyyətin tövsiyələrinin nəzərə alındığı məqamlar var idi… Hələ parlament seçkilərində seçki şəffaflığı baxımından “irəliyə doğru bir addım” atılacağı ehtimalı vardı.
26 noyabra qədər
2005-ci il seçkisi “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə ən qaynar məqama daxil oldu. Ilham Əliyev teraktdan dərhal sonra Təhlükəsizlik Şurasının toplantısını keçirdi, faktiki olaraq dövlətin mövqeyini ortaya qoymaqda israrlı olduğunu görüntülədi, qətlin açılması üçün Federal Təhqiqatlar Bürosundan (FTB) mütəxəssislərin cəlb edilməsinə belə, razılıq verdi (Rafiq Tağının qətli ilə müqayisə edin!).
Hacı Məmmədovun həbsi ilə çoxsaylı cinayət faktlarının açılması və Daxili Işlər Nazirliyinin içində kök salmış, bir ucu hakimiyyətin ən yüksək pilləsinə qalxan cinayətkar şəbəkənin faş olması cəmiyyətdə hüquqi və siyasi islahatların aparılması ehtimalını irəli sürənlərin mövqelərini gücləndirirdi. Seçki Məcəlləsində nəzərdə tutulmamasına baxmayaraq, “karusellərin” qarşısını almaq baxımından barmağın rənglənməsi üçün Ilham Əliyevin sərəncam verməsi, 2003-cü ildə qeyri-qanuni olaraq həbs edilən siyasi məhbusların buraxılması və seçkiyə qatılmaq istəyən namizədlərə heç bir problem yaradılmaması, Ictimai Televiziya ilə bağlı Avropa Şurası qarşısında götürülən öhdəliyin, nəhayət, yerinə yetirilməsi və avqustun 29-da ITV-nin efirə çıxması… demokratik seçki keçirmək niyyəti kimi qiymətləndirilirdi.
Gürcüstan və Ukrayna rəngli inqilablarından sonra Azərbaycanda aparılan bu siyasi islahatlar seçkiyə böyük inam yaradırdı. Görünür, güclü təbliğatla “gənc və perspektivliyə” etimad formalaşdırmaq və seçkidə nisbətən də olsa, ədalətli qələbə istəyilə 2003-cü il biabırçılığından xilas olmaq niyyəti də vardı.
Ancaq seçkilər yaxınlaşdıqca ictimai rəydə ciddi şəkildə uduzduqlarının, üstəlik, komanda daxilindəki ciddi çatların əks düşərgəyə işlədiyinin fərqinə varan hakimiyyət əsl mahiyyətini büruzə verdi: oktyabrın 17-də “siyasi çevriliş” şousu ilə iqtisadi inkişaf naziri və səhiyyə naziri də daxil olmaqla, komandadakı qruplaşma sıradan çıxarıldı və repressiyaların əsası qoyuldu. Oktyabrın 26-da isə Ilham Əliyevin razılığı ilə Prezident Aparatında hazırlanmış “deputat siyahısı” Dairə Seçki Komissiyalarına göndərildi.
Beləliklə, seçkiyə 10 gün qalmış seçkilərin taleyinin həll olunduğu, deputatların “seçildiyi” və bu seçkilərin 2000-ci il seçkisindən daha acınacaqlı bir şou olduğu artıq kimsədə şübhə oyatmırdı.
Təbii ki, 6 noyabrda seçki saxtakarlığını istədikləri formada həyata keçirdilər.
26 noyabrdan sonra
2003-cü il siyasi repressiyalarının ən ciddi “əsaslandırmalarından” biri də “Bizim Azərbaycan” blokunun icazə verilən yerdə – “Qələbə” kinoteatrının qarşısında mitinq keçirməməsi, “Azadlıq” meydanına yığışmaqla, yəni qeyri-qanuni aksiyaya cəhd etməklə hakimiyyətin əlinə fürsət verməsi idi.
Bu dəfə belə bir bəhanə hakimiyyətə tanınmadı. 26 noyabrda seçki saxtakarlığına etiraz edən birləşmiş müxalif qüvvələrin tərəfdarları icazəli yerdə oturaq aksiyada israrlı olduqlarını nümayiş etdirdilər. Ancaq…
26 noyabrda icazəli mitinq zorakılıqla dağıdıldı və Müsavata qarşı 2003-cü ildə başlayan nisbətən yumşaq təzyiq daha da aqressiv formada pik nöqtəsinə çatdı. Əgər Müsavat partiyasını şəhərin mərkəzindəki qərargahından çıxarmaq müqabilində ucqarda bir qərargah ayrıldısa, AXCP-ni “Azadlıq” qəzeti ilə birgə yerləşdiyi ofisindən zorla bayıra atmaq müqabilində heç bir yer təklif etmədilər. AXCP hazırda da ofissizdir.
Siyasi fəalların özlərinə və yaxınlarına qarşı da total təzyiq başlandı: liderlərin qohumlarının iş yerlərindən uzaqlaşdırılması, maliyyə qaynaqlarının tamamilə məhv edilməsi, sərbəst toplaşma azadlığına qoyulan qadağa və…
Azad Söz təqibi…
2005-ci ilin sonlarına doğru müstəqil mətbuatın satın alınması prosesi tam başa çatmışdı. Artıq yeni dönəm başlayırdı: alınması mümkün olmayanların susdurulması!
Susdurulma “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin timsalında özünü aydınlığı ilə göstərdi. B.Həziyev ölümünə döyüldü və yataq xəstəsinə çevrildi, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev həbs edildi. Görünən və daha çox diqqət çəkən bu terror və həbslərin arxasında böyük təzyiq mexanizmləri – məhkəmələr, işdən qovulmalar, ölkədən didərgin salınmalar vardı.
“Zülfüqarlı qardaşları olayı”ndan sonra 2007-ci ildə azad sahibkarlara qarşı ikinci və daha dəhşətli dalğa başlandı: ölkədəki bütün azad sahibkarlar həbs edildi və onların əmlakları türmədə ikən “alqı-satqı” yoluyla mənimsənildi.
Ən ciddi təzyiqlər isə əlbəttə ki, yenə də AXCP-nin və “Azadlıq”ın üzərinə düşürdü.
Azadlığın Əlincə qalası
2005-ci ildən 2009-cu ilin sonuna qədər davam edən dəhşətli siyasi repressiyanın ən ciddi hədəfi, əlbəttə ki, “Azadlıq” qəzeti və AXCP idi. Təbii ki, Müsavat partiyasının illər uzunu mübarizə təcrübəsi olan fədakarlarının əməyini heç bir halda nəzərə almamaq olmaz. Ancaq etiraf edək ki, diktaturanın önündə Xalq Cəbhəsi və Əli Kərimli dayanırdı.
Bu müddət ərzində AXCP bir neçə dəfə təkbaşına olsa belə, sərbəst toplaşma azadlığının təmin olunması yönündə dalbadal piketlər təşkil etməyə cəhd etdi. Ən azı, xalqın müqavimət qabiliyyətinin itmədiyini, etirazın mövcudluğunu nümayiş etdirmək baxımından bu piketlərin və etirazların böyük əhəmiyyəti vardı. Təsadüfi deyil ki, həmin dövrdə həbsdə yatan 18 siyasi fəalın 16 nəfəri AXCP üzvü idi.
“Azadlıq” qəzeti isə total repressiyanın qarşısında diktaturanın nüfuz edə bilmədiyi tək söz qalası olaraq qaldı. Bu arada qəzetin tanınmış imzaları – Mirzə Sakit, Qənimət Zahid həbs olundu, Fikrət Hüseynli və Aqil Xəlil bıçaqlandı, bütün əməkdaşlar ciddi psixoloji və fiziki təzyiqlər altında işlədi, amma azad sözün son qalasının alınmasına imkan vermədilər.
Hazırda da “Azadlıq” qəzetində çalışmaq ən böyük təhlükə sayılır: Seymur Həziyev və Ramin Dekonun oğurlanaraq döyülməsi faktları bunu bir daha sübut edir.
Beynəlxalq dəstək və Azərbaycan cəmiyyəti
2010-cu ilin martında nəhayət, Azərbaycanın despotik hakimiyyətinə qarşı ilk beynəlxalq reaksiya verildi. “Vaşinqton Post”dakı yazı da illərlə aparılan müşahidələrdən sonra Ilham Əliyev hakimiyyətinin islahatlara getməyəcəyinə və diktatura qurduğuna heç bir şübhə qalmadığını anlayan beynəlxalq aləmin verdiyi ilk reaksiya idi.
Bunun ardınca artıq dünyanın nüfuzlu qurumları enerji maraqları fonunda ölkəmizdəki totalitar recimə qarşı loyal münasibət bəsləməyəcəklərini tədricən gündəmə gətirməyə başladılar.
Bunun fonunda illərlə ümidsizliyə qapılan Azərbaycan cəmiyyətinin daxilində bu gün bir oyanış hiss olunmaqdadır: artıq hamı birmənalı olaraq Ilham Əliyevin heç də islahatçı olmadığını, hakim komandanın ölkənin sərvətlərini talan etməkdən başqa bir şey düşünmədiyini, hakimiyyətin xalqı uçuruma apardığını etiraf edir. Ümidsizlik isə çox dərinə işləmişdi: hətta bəzi siyasi çevrələrdə “praqmatik” maraqlar meydana gəlmiş, Avropa Şurasına müraciət göndərilmişdi ki, Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsin; bir başqaları 2008-ci ildə keçirilən prezident seçkilərinin nəticələrini ədalətli və legitim saydıqları haqqında bəyanat vermişdilər… Amma o pessimist mərhələ keçdi. 2006-cı ildən sonra millətin passionarlıq alovunu sönməyə qoymayan insanlar bu ağır və üzücü mərhələni bütün cəmiyyətin üzərindən atdılar.
Ölkədə yeni bir dalğa başlayır: ən nüfuzlu ziyalıların cəmləşdiyi Ziyalılar Forumuna qarşı hakimiyyətin əndişəli reaksiyasını da məhz ictimai etiraz fiaskoya uğratdı. Son 6 ildə ilk dəfə hakimiyyət xalqla, xalqın ziyalıları və işıqlı insanları ilə təhqiredici tonda, hədə ilə danışmağın dəhşətli aqibətini öz üzərində hiss etdi.
Artıq belə yaşamağın mümkün olmadığını hər bir Azərbaycan vətəndaşı anlayır;
Artıq Ilham Əliyevə öz komandasının belə, inanmadığını hamı görür;
Artıq talançılığı, korrupsiyanı, rüşvəti dövlət idarəetmə mexanizminə çevirən və bir neçə ailənin inhisarında olan Azərbaycan hakimiyyətinin mahiyyətini hamı duyur.
Və ən əsası: artıq anladıqları, gördükləri və duyduqları bu özbaşnalığa qarşı Azərbaycan cəmiyyəti öz iradəsini ortaya qoymağa başlayıb. Maraqlı məqam isə odur ki, bu etirazlar təkcə (hər gün baş verən!) lokal sosial toqquşmalar səviyyəsində özünü göstərmir, indi ölkənin taleyindən narahat olan ziyalılar önə çıxmaqda, xalqın iradəsini ifadə etməkdədirlər.
Ictimai Palatada siyasi baxımdan koordinasiya edilən, ziyalılar səviyyəsində etiraz olunan bu proses, bütün hallarda, Azərbaycanın sosial partlayışdan qorunmasına və hakimiyyətin daha sivil formada dəyişməsinə yönəlib. Heç kim şübhə etməsin ki, bu təşkilatlanma dövlətçiliyin, xalqın və ölkənin gələcəyi üçündür.
***
Ancaq kimsə şübhə etməsin ki, bu mübarizənin əsas aparıcı qüvvəsi də, siyasi təzyiqləri qarşılayan da 26 noyabrdan sonra xalqın mübarizə əzmini qorumaq üçün fədakarlıq edən, son AZADLIQ OCAĞINI sönməyə qoymayan yenə də həmin insanlar olacaq. Ona görə yox ki, onlar əzmkardırlar, mübarizdirlər, sınmayıblar və s. Belə pafoslu sözlərin tərəfdarı deyiləm. Bu paassionarlığın yalnız bir izahı var: ONLAR bu cür despotik rejimdə yaşaya bilmirlər, yaltaqlıqla, riyakarlıqla ömür sürməyi bacarmırlar, onlar ideyalı demokratlardır.
Amma, az qala unutmuşdum…
Əliyevlər hakimiyyətinin son dönəmi
başlanıb artıq. Böyük siyasi dəyişikliyin ərəfəsində olduğumuz kimsəyə sirr deyil.
Bu dönəmi də illərin mübarizləri, Azərbaycanın demokratik dəyərlərə sahib olduğunu ən dəhşətli repressiya maşınının altında belə, qoruyan və dünyaya bəyan edən insanlar sona çatdıracaq – şübhəniz olmasın! Üstəlik, inzibati zəhmi sındırılmış, beynəlxalq etimadını itirmiş Azərbaycan avtoritarizminə qarşı vətəndaş cəmiyyəti sektorunun dirənişinin başlanması bu mübarizənin arealını genişləndirməkdədir.