Əsəd rejimi Ankaranın demokratiya tələblərinə silahla cavab verdi
Ərəb Ölkələri Liqası bu təşkilatın təkliflərini rədd edən Suriya ilə əlaqədar fövqəladə toplantı keçirəcək. Toplantının bu gün Misirin paytaxtı Qahirədə keçiriləcəyi gözlənilir. Toplantıda Əsəd rejiminə qarşı sanksiyaların tətbiqi və hərbi müdaxilə məsələsi müzakirə olunacaq. Iclasdan əvvəl Iraq, Iordaniya və Livan bəyan edib ki, Ərəb Ölkələri Liqasının gündəmə gətirəcəyi sanksiyaların əleyhinədir.
Iraq prezidenti Cəlal Tələbani Qərbin və ya Türkiyənin Suriyaya hərbi müdaxiləsinin əleyhinə olduqlarını söyləyib.
Tələbani Suriya xalqının haqlı demokratik tələblərinin yanında olduqlarını, bu ölkədəki problemlərin hərbi yolla həllindənsə, danışıqlar yolunun faydalı olacağını bildirib.
Toplantıya dəvət olunan Türkiyəni isə baş nazirin müavini Əli Babacan və xarici işlər naziri Əhmət Davudoğlu təmsil edəcək.
Bu arada, “Reuters” agentliyinin Fransanın ötən həftə gündəmə gətirdiyi Suriyaya humanitar yardım məqsədilə dəhliz yaradılması təklifilə bağlı yayılan xəbərdə Türkiyənin “dəhlizin qapısı” olaraq görüldüyü vurğulanıb. Müəllifin yazdığına görə, gündəmə gələn humanitar yardım dəhlizi ətrafında aparılan müzakirələr zamanı yaranacaq dəhlizin başlanğıc nöqtəsinin Türkiyəyə pənah aparan suriyalıların sığındığı Hatay ola biləcəyi nəzərdən keçirilib.
Bir türk rəsmisi Fransa xarici işlər naziri Alan Jüpenin Türkiyə səfəri zamanı aparılan müzakirələr barədə bunları deyib: “Fransızlarla bir çox variantı nəzərdən keçirdik. Əgər vəziyyət nəzarətdən çıxarsa, nə edəcəyimizi götür-qoy elədik? Əlbəttə bəzi ”B” planlarımız var, amma hələ o nöqtədə deyilik”.
Fransanın humanitar dəhliz planının əsasında Suriyanın Türkiyə, Livan kimi qonşuları vasitəsilə bir aerodrom, ya da liman üzərindən girişin təmin edilməsi dayanır. Plan Beynəlxalq Qızıl Aypara kimi yardım təşkilatlarının ziyan çəkmiş əhaliyə kömək və tibbi vəsaitlərini çatdırmaq, silahsız müşahidəçilərə suriyalı rəsmilərin müdaxiləsinin qarşısını almağı nəzərdə tutur.
Ancaq belə bir planın tətbiqi üçün Suriyanın təsdiqi lazımdır. Ərəb Ölkələri Liqası və Qərb ölkələrinin Suriya ilə bağlı siyasətinə bələd olan bir diplomatın sözlərinə görə, Əsəd rejimi indiyə qədər bu plana “yox” deməyib. Buna görə də Suriya hakimiyyətinin humanitar yardım dəhlizilə bağlı plana müsbət cavab verməsi gözlənilir.
Bundan başqa, Suriya hakimiyyətini sərt tənqid edən və Bəşər Əsədin dərhal istefasını tələb edən Türkiyəyə Dəməşqdən “cavab” gəlib. Bəşər Əsədin əmrilə ABŞ və Israilin “qorxulu röyası” adlandırılan, Rusiya istehsalı olan “Scud” raketləri Türkiyə ilə sərhəddə yerləşən Qamışlı və Ayn Divar ərazisinə yerləşdirilib. Suriya ordusunun ən çox güvəndiyi silahlar arasında olan “Scud” və “Sam” raketləri 1500 km. uzağı vura bilmək gücünə sahibdir.