PA rəhbəri «qara siyahısında» olanlara zərbə məqamını qaçırmadı
“Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov dünən “Şərq” qəzetində noyabrın 24-də hava şəraitinin pisləşməsi nəticəsində Bakının iflic olmasına görə, bəzi məmurları tənqid atəşinə tutub.
Baş redaktor ad çəkməsə də, aydın görünür ki, ittihamların ünvanı paytaxt meri Hacıbala Abutalıbov, nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis”in şefi Cavid Qurbanov, neft şirkətinin prezidenti Rövnəq Abdullayev və “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevdir. YAP-çı deputat hələ həmin kəskin havadan bir gün sonra rəhbəri olduğu qəzetdə “Məsuliyyətsizlik iflici” başlıqlı məqalə ilə adıçəkilən məmurları sərt tənqid etmişdi. Bəxtiyar Sadıqovun tənqidləri, ittihamları ilə işimiz yox. YAP-çı deputatın söylədikləri yarımçıq olsa da, həqiqətdir. Lakin məsələ burasındadır ki, adətən rəsmi qəzetlərin, eyni zamanda Bəxtiyar Sadıqov kimi YAP-çı deputatların müstəqil şəkildə fikir söyləmək, ortaya mövqeyə qoymaq hüquqları yoxdur. Bu hüquqlar müxtəlif “mükafatların” müqabilində onlardan alınıb. Onlar tənqidi fikir söyləmək istəyəndə bu mütləq yuxarı səviyyələrin razılığı əsasında baş verir. Deməli, Bəxtiyar Saldıqovun da ard-arda iki gün məmurları “yıxıb-sürüməsi” müəyyən razılığın əsasında baş tutub. Bəs YAP-çı deputat bu razılığı kimdən alıb? Bunu aydınlaşdırmaq üçün Bəxtiyar Sadıqovun daxil olduğu komandaya və onun tənqid etdiyi məmurların siyahısına nəzər salmaq kifayətdir. “Azərbaycan” qəzeti Milli Məclisin orqanı olsa da, daha çox Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin nəzarətindədir. Elə Bəxtiyar Sadıqov da PA rəhbərinin deputat qvardiyasının üzvüdür. Onun tənqid etdiyi məmurların hər biri isə Ramiz Mehdiyevin “qara siyahısı”na düşmüş şəxslərdir. Ona görə də ehtimal etmək olar ki, PA rəhbəri fürsət düşmüşkən bu məmurlara yerini göstərmək istəyir. Hətta Bəxtiyar Sadıqovun adıçəkilən məmurlara xitabən “işin öhdəsindən gələ bilmirsənsə, ver ərizəni çıx get” deyərək onları istefaya səsləməsi Ramiz Mehdiyevin daha ciddi planlarından xəbər verir. Biz bütün bunlarla Bəxtiyar Sadıqovun tənqidlərinə kölgə salmaq istəmirik. Bir daha qeyd edirik ki, baş redaktor haqlıdır. Bəs səmimidirmi? Bu suala təsdiq cavabı verilə bilərdi, əgər Bəxtiyar Sadıqov adıçəkilən məmurların məsuliyyətsizliyində Ilham Əliyevin də məsuliyyət daşıdığını vurğulasaydı. Bunun üçün həm də müstəqil olmaq lazımdır…
Vidadi