Polislər kameraların işləmədiyini, ərazidəki mühafizəçilər isə əksini deyir
Yazıçının ailəsi Oqtay Şirəliyevi və həkimləri məhkəməyə verib
Prokurorluq cinayət hadisəsinin Ilham Əliyevin nəzarətində olması ilə bağlı açıqlama yayıb
Rafiq Tağının ailə üzvləri başda Səhiyyə naziri olmaqla 1 saylı Bakı Klinik Xəstəxananın baş həkimini, cərrahları və müalicə həkimlərini məhkəməyə verirlər. Bunu noyabrın 26-da yazıçı-publisist Rafiq Tağının ölümünün 3 mərasimində qardaşı Alim Tağıyev jurnalistlərə deyib.
R.Tağı noyabrın 19-da çoxsaylı bıçaq yarası ilə bağlı cərrahi əməliyyat olunub. Əməliyyatdan sonra noyabrın 24-də adıçəkilən xəstəxanada dünyasını dəyişib. Doğmaları hesab edirlər ki, R.Tağı tibbi heyətin biganə münasibəti, müalicənin səhv aparılması və vaxtından əvvəl reanimasiyadan palataya keçirilməsi nəticəsində vəfat edib. Mərhumun ailəsi həmçinin hesab edir ki, R.Tağının cəsədindən alınmış nümunələr xaricdən dəvət olunmuş müstəqil ekspertlər tərəfindən müayinə olunmalıdır. Çünki yazarın doğmaları azərbaycanlı ekspertlərə etibar etmir. A.Tağıyev həmçinin əlavə edib ki, Rafiq Tağının həyat yoldaşı və övladları hələ də təhlükədədirlər. Ona görə də ailə üzvləri Avropa ölkələrindən sığınacaq istəyirlər. Ailə üzvlərinə istintaqla bağlı heç bir məlumat verilmir. Istintaqçılar R.Tağıya məxsus kompüteri aparıblar. Jurnalistlər isə R.Tağının bıçaqlanmamışdan əvvəl keçdiyi yerlərə (Rafiq Tağının yaşadığı evə yaxın dəmiryol ərazisinə) baxış keçiriblər. Məlum olub ki, onun keçdiyi yerlərdə 5 müşahidə kamerası olub. “Turan”ın məlumatına görə, R.Tağı həmkarlarına və istintaqa bildirib ki, noyabrın 19-da axşam 1a nömrəli avtobusdan enərək, evinə doğru gedirdi. O, Xətai prospektini keçmiş “Fioletov” stansiyası yaxınlığında dəmir yolu tərəfə gedib. Amma dəmir yolundan 10-15 metr aralıda naməlum şəxs ona hücum çəkib, bıçaqla zərbə endirib və Xətai prospektinə doğru qaçıb. Bu yolda 5-7 kamera yerləşir. Onlardan biri mağazaya məxsusdur, ikincisi “təhlükəsiz şəhər” sisteminə aiddir, üçüncüsü və dördüncüsü tikilən obyektdə, beşincisi isə avtobus dayanacağında yerləşir. Obyektin mühafizəçiləri kameralarının gün ərzində fasiləsiz işlədiyini təsdiq ediblər. Mağazanın kamerası da 24 saat işləyir. R.Tağının qardaşı isə deyir ki, polis ailəyə həmin müşahidə kameralarının işləmədiyini bildirib. Yazıçının ailəsi videomüşahidə kamerasının söndürülməsinin səbəblərini aydınlaşdırmağı tələb edir.
R.Tağıya qarşı sui-qəsddən bir həftə keçməsinə baxmayaraq, hüquq-mühafizə orqanları heç kimi saxlamayıb və cinayətin mümkün versiyaları ilə bağlı şərh vermirlər.
Dünən Baş Prokurorluq və Daxili Işlər Nazirliyi R.Tağının qətli ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, məlumatda bildirilir ki, 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan R.Tağıya yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Fakt üzrə Xətai Rayon Polis Idarəsinin Istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1 – qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq polis və prokurorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilən tədbirlərin gedişini ciddi nəzarətdə saxlayan Baş Prokurorluğun və Daxili Işlər Nazirliyinin rəhbərliyi tərəfindən R.Tağıya yetirilmiş həyatı üçün təhlükəli olan bədən xəsarətlərinin xarakteri və onların ağırlıq dərəcəsi ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi nəzərə alınaraq törədilmiş əməl Cinayət Məcəlləsinin 29,120.1 – qəsdən adam öldürməyə cəhd maddəsinə tövsif olunub və cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin icraatına verilib. 2011-ci il noyabrın 23-də R.Tağı xəstəxanada öldüyündən işin istintaqı Cinayət Məcəlləsinin 120.1- qəsdən adam öldürmə maddəsinə tövsif olunaraq davam etdirilir. Noyabrın 26-da baş prokuror və daxili işlər naziri istntaq-əməliyyat qrupunun hesabatını dinlənib, cinayətin bütün iştirakçılarının qısa müddətdə tutulub məsuliyyətə cəlb olunması üçün zəruri olan əlavə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri müəyyən edilib, konkret tapşırıq və tövsiyələr verilib. Ictimai rezonans doğuran bu hadisə ilə əlaqədar cinayət təqibi üzrə görülən işlər Azərbaycan prezidentinin xüsusi nəzarətindədir. Istintaq araşdırmalarının nəticələri haqda əlavə məlumat veriləcək.