PA rəhbəri rusiyalı həmkarı Sergey Narışkinlə görüşüb
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin Moskvaya səfər etdiyi barədə yaydığımız məlumat təsdiqini tapıb. Dünən APA məlumat yayıb ki, Kremldə Rusiya və Azərbaycan prezident administrasiyalarının rəhbərləri Sergey Narışkin və Ramiz Mehdiyev arasında görüş keçirilib.
Görüş zamanı administrasiyalar arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib.
Ikitərəfli əlaqələrin səviyyəsini yüksək qiymətləndirən Sergey Narışkin bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Humanitar Forum zamanı Ramiz Mehdiyevlə görüşdüklərini xatırladaraq qeyd edib ki, həmin tədbir hər iki ölkədə və xarici ölkələrdə əks-səda doğuran beynəlxalq və dünya əhəmiyyətli tədbir olub: “Hesab edirik ki, bu layihəni birgə səylərlə davam etdirəcəyik. Sizin gəlişiniz Ümumrusiya Azərbaycan Konqresinin qurultayı ilə əlaqədardır və bu da böyük hadisədir”.
Ramiz Mehdiyev isə Moskvada olmaqdan və öz həmkarı ilə görüşməkdən çox məmnun olduğunu bildirib: “Biz sizinlə tez-tez görüşürük. Hesab edirəm ki, bu, Rusiya ilə Azərbaycan və prezidentlərimiz arasında mövcud olan əlaqələrin təzahürüdür”.
Görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Prezident Administrasiyası Ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, administrasiyanın Regionlarla əlaqələr şöbəsinin müdiri Zeynal Nağdəliyev, Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov iştirak ediblər.
Xatırladaq ki, Ramiz Mehdiyevin Moskva səfəri barədə heç bir rəsmi məlumat verilməmişdi. Bu, “Azadlıq”a daxil olan məlumatlarda səfərin məxfi xarakter daşıması ilə izah edilirdi. Görünür, qəzetimiz bu məxfiliyi ictimailəşdirəndən sonra səfər barədə geniş məlumat verilməsinə ehtiyac duyulub.