Yəmən diktatoru hakimiyyətin təhvil verilməsi sazişini imzaladı və müalicə üçün ABŞ-a üz tutdu
Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyən üsyan dalğasının 8 aydır tüğyan etdiyi Yəməndə nəhayət ki, 33 illik Əli Abdulla Saleh erası bitdi. Salehin Körfəz Ölkələri Əməkdaşlıq Şurasının irəli sürdüyü “yol xəritəsi”ni Səudiyyə Ərəbistanının paytaxtı Ər Riya şəhərində imzaladığı açıqlandı.
“Yol xəritəsi”nə əsasən Saleh hakimiyyəti vitse-prezidentə təhvil verərək postundan getməli və 2012-ci ilin yanvarında Yəməndə yeni prezident seçkiləri keçirilməlidir. Saleh isə seçkilərdə öz namizədliyini irəli sürməməlidir. BMT-nin baş katibi Pan Gi Mun Əli Abdulla Salehin müalicə üçün ABŞ-a gedəcəyi və Nyu York klinikalarından birinə yerləşəcəyini bildirib.
Xatırladaq ki, ötən gün səhər saatlarında Salehin Körfəz Ölkələri Əməkdaşlıq Şurasının (KÖƏŞ) hazırladığı “yol xəritəsi”ni imzalamaq məqsədiylə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada getdiyi açıqlanmışdı. Salehin Ər Riyada sürpriz səfərindən öncə Yəmənin BMT-dəki təmsilçisi Camal ben Ömər aylardır davam edən qarşıdurmaların dayandırılması üçün müxlaifət və iqtidar arasında razılıq əldə olunduğunu, razılaşmanın imzalanma mərasiminin isə Səudiyyə Ərəbistanının paytaxtında baş tutacağını bildirmişdi.