Hökumət sığorta ilə bağlı vədini tutmadı
Məhəmməd Talıblı: «Əvvəl büdcədən xarici kreditlərin ödənilməsi üçün 300 milyon ayrılırdısa, gələn il bu rəqəm 1.2 milyard manata qalxıb»
Azərbaycanda 2016-cı ilin sonlarına doğru və ya 2017-ci ilin əvvəlində icbari tibbi sığortanın tətbiqi məqsədilə pilot layihənin həyata keçirilməsinə başlanılacaq. Bunu Nazirlər Kabineti yanında Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
Z.Əliyev qeyd edib ki, icbari tibbi sığorta üzrə pilot layihə rayonlardan birində və yaxud hər hansı peşə işçiləri arasında tətbiq oluna bilər: “Biz hər iki pilot layihənin müsbət və mənfi cəhətlərini qiymətləndirib qərar verəcəyik. Əlbəttə ki, qanunvericilikdə dəyişiklik seçilən modeldən asılı olacaq”.
Agentlik direktorunun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilkin olaraq dövlət xəstəxanalarından başlayacaq.
Z.Əliyev bildirib ki, icbari tibbi sığorta üzrə vahid qiymət cədvəli olacaq. Agentliyin baş direktoru hesab edir ki, gələn ili tibbi sığortanın tətbiqinə hazırlıq mərhələsi də adlandırmaq olar. Hazırlıq mərhələsində maliyyələşmənin necə həyata keçiriləcəyi, vəsaitlərin toplanması, əsas xidmət paketinin tərkibi, vahid qiymət cədvəli müəyyən ediləcək. Bununla yanaşı, əhalinin qruplara bölünməsi, iqtisadi fəal olan əhalinin, uşaqların, əlillərin, pensiyaçıların, dövlət və özəl sektorda işləyənlərin sayı məlum olacaq: “2016-cı ilin ilk yarısında seçəcəyimiz modelin əsas məqamlarını, mərhələlərini müəyyən edəcəyik. Daha sonra qanunvericilikdə dəyişikliklər ediləcək, tibb müəssisələrinin icbari tibbi sığortaya hazırlanmasını başa çatdıracağıq. 2016-cı ilin ilk yarısında seçəcəyimiz modelin əsas məqamlarını, mərhələlərini müəyyən edəcəyik. Daha sonra qanunvericilikdə dəyişikliklər ediləcək, tibb müəssisələrinin icbari tibbi sığortaya hazırlanmasını başa çatdıracağıq”.
Z.Əliyev qeyd edib ki, icbari tibbi sığorta edilmə prosesində aztəminatlı ailələrə, əlil və pensiyaçılara müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlərin hansı formada olacağına isə modelin tətbiqinə başlayandan sonra aydınlıq gətiriləcək.
Amma maraqlıdır ki, uzun müddət idi ki, hakimiyyət təmsilçiləri icbari tibbi sığortanın tətbiqinə məhz gələn ildən start veriləcəyini deyirdi. Bəs bu cür yubanmaya səbəb nədir?
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, icbari tibbi sığortanın tətbiqi dövlət büdcəsindən iri vəsaitlərin həmin sahəyə yönəldilməsi anlamına gəlir. M.Talıblının sözlərinə görə, hazırkı büdcə böhranı zamanı isə bu istiqamət üzrə vəsaitin olmaması bu cür layihələrin reallaşmasının ertələnməsinə səbəb olur: “Əvvəllər Neft Fondundan büdcəyə böyük transfertlər həyata keçirmək mümkün idi. Amma hazırda bu mümkün deyil. Gələn ilin dövlət büdcəsində gəlir hissə 25, xərclər isə 22.1 faiz azaldılıb. Belə bir şəraitdə əlavə xərc hissəsinin əlavə edilməsi büdcə üçün iri bir yükə çevrilə bilər. Ona görə hökumət daha çox bu xərcləri təxirə salmaq barədə düşünür. Belə layihələri borclanma hesabına həyata keçirmək də doğru olmazdı. Çünki əvvəlki illərdə büdcədən xarici mənbələrdən alınmış kreditlərin ödənilməsi üçün 200-300 milyon vəsit ayrılırdısa, gələn ilin büdcəsində bu rəqəm 1.2 milyard manatdır. Belə bir vəziyyətdə büdcə kəsirinin böyüdülməsi, borclanma hesabına belə layihələrin reallaşdırılması olduqca çətindir”.
M.Talıblı bildirdi ki, əgər hökumət çox çətinliklə müdafiə olunan xərcləri təmin edə bilirsə, investisiya xərclərinə vəsaiti çətinliklə tapırsa, deməli tibbi sığorta üçün də vəsaitin tapılması çox çətindir. “Ona görə mən baş verənləri büdcədə yaranmış vəsait qıtlığı ilə əlaqələndirirəm”, deyə M.Talıblı bildirdi.
Xəyal