“Taraf” qəzeti sülh sazişinin hazır olduğunu, Ankaranın PKK qarşısında şərt qoyduğunu yazıb
Türkiyə dövləti ilə PKK terror təşkilatı arasında sülh müqaviləsinin imzalandığı və hazırda bunun necə elan edilməsi istiqamətində ağır müzakirələrin getdiyi haqda iddialar yayılıb.
Türkiyənin Ərdoğan hökumətinə yaxın sayılan “Taraf” qəzetində yer alan iddiaya görə, PKK belə bir anlaşmanın imzalandığını təşkilatın həbsdəki lideri Abdulla Öcalanın elan etməsini istəyir. Türkiyə hökuməti isə təkid edir ki, sülh sazişi haqda məlumatı PKK-nın Qəndildəki baş qərargahı açıqlasın. Çünki PKK-nın Türkiyəyə qarşı indi davam edən müharibəsini Öcalanın başlatmadığı və onun da bu müharibəni dayandırmaq gücündə olmadığı bəllidir.
Qəzet yazır ki, Türkiyə hökuməti 2011-ci ilin iyununda Öcalanla razılığa gəlsə də, PKK Silvanda əsgərlərə hücum və muxtariyyət elan etməklə bu razılaşmanı pozub. Qəzet Türkiyə dövlətinin hazırkı mövqe üstünlüyü qarşısında PKK-nın barışdan başqa yol görmədiyini yazır: “PKK Suriyada da yanlış hesablamalara yol verdi. Buna görə də 6 ay sonra yenidən danışıq masasına dönüb. Dövlət artıq müvəqqəti atəşkəsi qəbul etmir, silahlı mübarizəyə son verildiyi bəyanatının səslənməsini zəruri sayır. Keçən həftə Şimali İraqda Levje kəndində görüş keçirilib və şərtləri artıq Türkiyə dövləti irəli sürür. Türkiyə dövləti barış anlaşması barədə ilk açıqlamanı məhz PKK-nın verməsini tələb edir”.