“Hakimiyyət Avropa Birliyinə üzvlüyə ona görə cəhd etmir ki…”
“Avropa Birliyinə üzvlük Azərbaycan xalqı üçün çox vacibdir”
İctimai Palata noyabrın 22-də növbəti dinləmə təşkil etdi. Budəfəki dinləmənin mövzusu “Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramında Azərbaycanın iştirakı, Avropaya inteqrasiya prosesində qarşıya çıxan problemlər” idi.
Mövzu üzrə məruzəçi politoloq Leyla Əliyeva idi. Dinləmələrin aparıcısı İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli açılış nitqində bildirdi ki, Avropa Birliyinə inteqrasiya Azərbaycan üçün çox ciddi əhəmiyyət daşıdığından bu mövzunun ictimai müzakirəyə çıxarılması da vacibdir.
Azərbaycanın perspektivi Avropaya bağlıdır
Ə.Kərimli xatırlatdı ki, Azərbaycanın Avropa Birliyi ilə münasibətləri artıq rəsmi hüquqi müstəviyə keçib: “Avropa Birliyinin ən güclü proqramlarından olan “Yeni qonşuluq üzrə tərəfdaşlıq Proqramı”nda Azərbaycan 2005-ci ilin noyabrından iştirak edir. Azərbaycanla Avropa Birliyi arasında Assosiasiya sazişi üzərində iş gedir. Sirr deyil ki, cəmiyyətimizin böyük bir hissəsi Azərbaycanın perspektivini məhz Avropada görür. Amma eyni zamanda biz onu da anlayırıq ki, bizim Avropaya inteqrasiya barədə söhbətlərimiz olduğu kimi başa düşülməlidir, şişirdilmiş başa düşülməməlidir. O mənada ki, hazırda gündəmdə Azərbaycanın Avropa Birliyinə üzv olması məsələsi yoxdur. Amma biz Avropa Birliyinə inteqrasiya istiqamətində fəaliyyətimizi davam etdirməkdə maraqlıyıq.
Biz Avropanı niyə istəyirik?
Bizim İctimai Palata olaraq Avropa Birliyinə inteqrasiya məsələsində maraqlı olmağımız ilk növbədə xalqımızın maraqları ilə bağlıdır. Biz Avropaya kiməsə xoş gəlmək üçün inteqrasiya olunmaq istəmirik. Biz xalqımızın daha yaxşı həyat səviyyəsinə nail olması, Azərbaycanda Avropa standartlarının həyatın müxtəlif sahələrində tətbiqi üçün, Avropadakı təhsil, səhiyyə, sosial müavinət sisteminin ölkəmizdə də qurulması, Avropada mövcud olan hüququn aliliyinin, Avropadakı müstəqil məhkəmə sisteminin Azərbaycana gəlməsi üçün çalışırıq. Xalqımızı daha yüksək xidmətə layiq hesab edirik və o yüksək xidmətə nail ola bilməsi üçün Avropa standartlarını Azərbaycana gətirmək istəyirik. Avropa standartlarını Azərbaycana gətirmək üçün Avropa Birliyi çox yaxşı mexanizmlər təklif edir”.
İnkişaf yolu Avropadadır
Mövzu ilə bağlı məruzəçi Leyla Əliyeva isə bildirdi ki, Azərbaycan Avropa Birliyinə üzvlüyə cəhd göstərməlidir. Çünki bunun üçün Azərbaycanın potensialı var. Yalnız mövcud siyasi sistem Avropa Birliyinə üzvlük üçün uyğun deyil. “30 ildir Türkiyəni Avropa Birliyinə qəbul etmirlər. Amma Türkiyə bir an da olsun cəhdlərini dayandırmır. Həm Türkiyə, həm Azərbaycan 20-ci əsrin əvvəlində öz müasir dövlətini quranda məhz Avropa ölkələri kimi qurmuşdu. Azərbaycan öz mövcudluğunu və inkişafını Avropa Birliyinə inteqrasiya ilə təmin edə bilər. Azərbaycan hazırda çox mürəkkəb geosiyasi vəziyyətdədir. Rusiyadan, İrandan, ərəb ölkələrindən Azərbaycana ciddi təsirlər var. Amma Azərbaycan məhz Avropa Birliyində inkişaf edə bilər. İnkişaf yolu budur. Keçən il Oksford Universitetində bir konfransda çox təcrübəli ingilis eksperti dedi ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü çox böyük sual altındadır. Amma “Şərq tərəfdaşlığı proqramı”nı imzalayan 5 postsovet respublikasının Avropa Birliyinin üzvü olmağa şansları var. Keçən il Gəncədə keçirilən konfransda təcrübəli Türkiyəli ekspert dedi ki, Azərbaycan Avropa Birliyinə Türkiyədən tez üzv ola bilər. Ekspert səbəbləri də izah edib demişdi ki, Azərbaycanın əhalisinin sayı az, ehtiyatları çoxdur. Bu faktor Avropa Birliyinin Azərbaycanı qəbul etməsinə stimul verən amillərdəndir. Azərbaycan özü istəsə, lazımi islahatlara getsə, Avropa Birliyinin üzvü ola bilər. Təəssüf ki, rəsmi Bakı Avrointeqrasiyaya o qədər də cəhd göstərmir. Hakimiyyət ona görə cəhd etmir ki, Avropaya dərin inteqrasiya Azərbaycanda siyasi institutların dəyişilməsini, siyasi, iqtisadi, sosial idarəetmənin Avropa standartlarına uyğunlaşmasını zəruri edəcək. Hakim elita isə hazırkı status-kvonun dəyişməsini istəmir. Azərbaycan xalqı üçünsə Avropa Birliyinə inteqrasiya və üzvlük məsələsi çox vacibdir. Bu, müasir milli Azərbaycan dövlətinin saxlanması demək olardı”.
Avropa Birliyinin verəcəyi üstünlüklər
L.Əliyeva Avropa Birliyinə üzvlüyün üstünlüklərindən biri kimi viza məsələsinin asanlaşdırılacağını, qiymətlərin ikiqat ucuzlaşacağını və bununla da gediş-gəlişin asanlaşacağını göstərdi.
Politoloq Şərq Tərəfdaşlığına daxil olan ölkələr arasında araşdırma aparıldığını və Avropa Birliyinə inteqrasiyanın indeksinin müəyyənləşdirildiyini qeyd etdi. Nəticələrə görə, Şərq Tərəfdaşlığına daxil olan ölkələr sırasında Azərbaycan geridə qalır. Moldova birinci, Gürcüstan və Ukrayna ikinci, Azərbaycan üçüncü, Belarus dördüncü yeri tutur. Göründüyü kimi, Azərbaycan Belarusla eyni sıraya düşmək üzrədir.
“Beş ölkənin içərisində ancaq Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Bu təşkilata üzv olmayınca, Avropa ilə Assosiativ sazişə imza atılmayacaq.
Avropanın bu proqramları bizim üçün bir sınaqdır. Avropa Birliyi bununla bizə imkan yaradır ki, avropalılığınızı sübut edin”, – deyə L.Əliyeva bildirdi.
Qrantların əksərini hökumət “yeyir”
L.Əliyeva Avropa Birliyini Avrointeqrasiya üçün ayırdığı qrantların böyük hissəsini rəsmi dövlət qurumlarına verməkdə, müstəqil ictimai qurumlara, vətəndaş cəmiyyətinə isə cüzi vəsait ayırmaqda qınadı. O bildirdi ki, bu təcrübə Azərbaycanda faktiki olaraq müsbət effekt vermir.
Avropa Birliyi – təhlüksizliyin dayağı
Mövzunun müzakirəsi zamanı AXCP sədrinin müavini, İP üzvü Nurəddin Məmmədli Cənubi Qafqazda və Azərbaycanda demokratik ənənələrin az-çox yaranmasına, inkişafına görə Qərb dünyasına borclu olduğumuzu bildirdi. Lakin, o təəssüflə dedi ki, son çağlar Avropa təşkilatlarının Azərbaycanla bağlı apardığı ikili siyasət Avropa dəyərlərinə inamı azaldıb. Azərbaycanın demokratikləşmə ilə bağlı sanki qara dairəyə düşdüyünü söyləyən N.Məmmədli dedi ki, avtoritar Belarusa göstərilən münasibtin Azərbaycana tətbiq olunmaması anlaşılan deyil. Natiq bəyan etdi ki, Avropa qurumları ölkədə demokratiyanın inkişafına yardım üçün ümumilikdə ölkələrə yox, ayrı-ayrı hakimiyyət mənsublarına sanksiyalar tətbiq etməlidir. AXCP yetkilisi demokratiyanın əsas atributu olan söz azadlığı və medianın inkişafı üçün beynəlxalq donor təşkilatlarının müstəqil bir mətbəə yaratmasını da çıxışında təkilif olaraq səsləndirdi. O dedi ki, donor təşkilatların belə bir addımı minlərlə formal layihələrdən daha faydalı və funksional olardı.
İP üzvü, AXCP Gənclər Komitəsinin sədr müavini Ramil Qafarlı sivil, demokratik dəyərlərin Azərbaycanda bərqərar olması üçün investisiya layihələrinin vacibliyini vurğuladı. O dedi ki, ölkədə qeyri-neft sektorunda qərbdən gələn nə qədər çox azad biznes qurumu fəaliyyət göstərsə, orda daha çox çağdaş dəyərlərə sahib olan insanlar yetişəcək.
İP üzvü, politoloq Rahim Hacıyev çıxışında bildirdi ki, 5 keçmiş SSRİ dövlətinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna) Avropa Birliyinə üzv olmaqla bağlı Böyük Britaniyanın və ABŞ-ın müsbət israrlı mövqeyi var, onlar bu işin maksimum sürətlə başa çatdırılmasında maraqlıdırlar. O, Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyü və təhlüksizliyi üçün çox mötəbər dayaq ola biləcəyini vurğulayaraq cəmiyyətin üzərinə bu üzvlüyü reallaşdırmaq üçün böyük məsuliyyət düşdüyünü də qeyd etdi.
İP üzvü, AXP lideri Pənah Hüseyn isə çıxışında bir neçə dəfə avropalı yox, asiyalı olduğunu vurğuladı. Lakin o dedi ki, bu sözə görə kompleksə düşməyə gərək yoxdur. Çünki asiyalı olmaq hələ demokratiyadan və insan haqlarından uzaq olmaq, bu dəyəri qiymətləndirməmək anlamına gəlmir. Pənah Hüseynin çıxışında daha bir məqam Türkiyə ilə bağlı oldu. O dedi ki, Azərbaycan Avropa Birliyinə ayrıca deyil, Türkiyə ilə birgə getməlidir. Cənab P.Hüseyn “nə qədər ki, Azərbaycanda Əliyevçi rejim var, Azərbaycan Avropa Birliyinə üzv ola bilməyəcək” sözləri ilə fikrini tamamladı.
İP KŞ-nin üzvü, publisist Mehriban Vəzir isə çıxışında Avropa Birliyinə üzvlük üçün hakimiyyətlə yanaşı cəmiyyətin də təfəkküründə müəyyən dəyişikliklərin olmasını vacib saydı. O dedi ki, cəmiyyətə Avropa dəyərlərinin yanlış və qara təqdimatı aparılıb, indi avropalaşma deyəndə çoxları əxlaqsızlıq başa düşür. M.Vəzir belə yanlışlıqların aradan qaldırılması üçün ciddi maarifləndirməyə ehtiyac olduğunu dedi.
İP üzvü Zərifə Məhəddinova hakimiyyətin Avropa dəyərlərini gözdən salması barədə çıxış etdi. O, Avropa ölkələrində olduğu vaxt topladığı müşahidələri tədbirdəkilərlə bölüşdü və dedi ki, mədəni Avropa hər kəsin fərqli dini və milli duyğularına hörmətlə yanaşır, orda heç bir diskriminasiyadan söhbət gedə bilməz.
AXCP sədrinin müavini Razi Nurullayev isə İP daxilində Avrointeqrasiya ilə bağlı bir qurumun yaradılmasını təklif etdi. O bildirdi ki, İP hakimiyyətdən fərqli olaraq cəmiyyətin Avropaya Birliyinə üzvlükdə maraqlı olmasını nümayiş etdirməlidir. Bunun üçün o təklif etdi ki, ən azı tədbirlərdə, evlərdə milli bayraqla yanaşı Avropa Birliyinin bayrağı asılmalıdır. İP üzvü Yeganə Hacıyeva İP daxilində Avrointeqrasiya komissiyasının yaradılması təklifini dəstəklədiyini bildirdi.
İP üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə çıxışında dedi ki, Avropa Birliyinin Azərbaycanı üzvlüyə maliyyə yardımı yolu ilə təşviq etməsi yanlışdır, çünki iqtidarın pul sarıdan korluğu yoxdur. O, Avropa Birliyinin inteqrasiya üçün təkcə hökumətlə birtərəfli iş aparmasını tənqid etdi və dedi ki, AB müxalifət və vətəndaş cəmiyyəti ilə də müntəzəm görüşlər, tədbirlər keçirməlidir.
İP üzvləri Bəhmən Sultanlı, Arifə Kazımova, İmamverdi Cəfərov da Avrointeqrasiyaya əsas maneə kimi Əliyevçi hakimiyyəti göstərərk tənqidi çıxışlar etdilər.
Natiq Güləhmədoğlu