“Ərəb Baharı”nın beşiyi sayılan Tunisdə siyasi partiyalar hakimiyyətin bölüşdürülməsi ilə bağlı konsensus əldə edib.
Ölkənin 3 aparıcı partiyası dövlətdə əsas postlara kimin sahib olacağını müəyyənləşdirib. Tunisin yeni prezidenti “Respublika naminə konqres” solçu partiyasının lideri Mönsif Marzuki olacaq.
Ötən ay parlament seçkisində səs çoxluğu qazanan “Ən-Nahda” islamçı partiyasının lideri Hamadi Cebali baş nazir vəzifəsinə təyin olunacaq.
Tunis parlamentinin yeni spikeri isə “Ettakatol” partiyasının lideri Mustafa bin Cəfər olacaq. Bu, hökumət koalisiyasına daxil olan üçüncü partiyadır.
Parlamentin bu günə planlaşdırılan birinci iclasında bu vəzifə təyinatlarının təsdiqlənəcəyi gözlənilir.