Ölkəyə mal-qara idxalının kəskin azalmasının səbəblərindən biri də budur
Bu ilin 9 ayında Azərbaycana 56,1 min iri və xırda buynuzlu mal-qara gətirilib ki, bu da ötən ilin eyni dövründəkindən üç dəfə azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən xaricdən 19 milyon dollarlıq 9420 baş cins mal alınıb. Bir baş cins mal 2014-cü ilin eyni dövründəkindən 300 dollar ucuz alınıb.
Dövlət Gömrük Komitəsi bu ildən iribuynuzlu mal-qaranın bəyannamə qiymətinə daha ciddi yanaşmağa başlayıb. 2014-cü ilin yanvar-sentyabrında 85 min baş idxal inəyi və buzov gömrükdə orta hesabla 216,7 dollara bəyan edilibsə, bu il göstərici 473,3 dollar olub.
Həmçinin, bu ildən bir qoyun 23 dollar baha (89 dollar) qiymətə idxal olunur. Məlumata görə, bu il mal, qoyun, donuz və keçi əti idxalı (4258,4 ton) 2,3 faiz artıb. Bir kiloqram ət gömrükdə 2 dollara bəyan edilir, onun pərakəndə satış qiyməti isə 5-10 dollardır.
Maraqlıdır, mal-qara idxalının üç dəfə azalmasının əhalinin alıcılıq qabiliyyətinin düşməsilə əlaqəsi varmı?
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, azalmanın müxtəlif səbəbi var. Əvvəla, əhalinin alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Bundan başqa, idxal olunan mal-qara bəslənmək üçün gətirilibsə, onların yemlə təminatı da sual doğuran məsələdir: “Otlaq sahələri, yem bazasında kəskin problemlər meydana çıxıb, idxal olunan mal-qara sayının tələbatı necə qarşılanacaq?! Ciddi səbəblərdən biri budur. Yem problemi məsələyə ciddi təsir edir. Əhalinin alıcılıq qabiliyyəti də çox aşağı düşüb. Ət və ət məhsullarının qiymətində ciddi bahalaşma müşahidə olunur. Gəlirlərin azalması fonunda bu məsələ daha da qabarır. Xaricdən idxal olunan mal-qaranı kəsərək bazarlara çıxarmaq və gəlir götürmək lazımdır. Gömrükdə baş verən olaylardan sahibkarlar da bezib. Burda psixoloji faktorları da istisna etmək mümkün deyil”.
Nigar