Hakimiyyət bir qayda olaraq tənqidçilərinə qarşı bu arqumentdən istifadə edir
Həqiqətən də ölkəmizdə baş verənlər təəssüf doğurur. Mövcud hakimiyyət üçün heç bir mənəvi sədd qalmayıb. Istənilən adamı şərləmək, haqqında yalan təbliğat qurmaq adi işə çevrilib. Bir sözlə, hökumət heç bir kompleks keçirmədən istənilən vətəndaşı ləkələyə bilər. Yetər ki, kimsə hakimiyyəti tənqid etsin, rejimin qanunsuz əməllərinə etiraz bildirsin.
Ümumiyyətlə, uzun illərdi ölkədə belə bir təbliğat hökm sürür ki, dindar haqqın tələb edirsə Irana, müxalifət etiraz edirsə Avropaya, ABŞ-a işləyir.
Bəli, Azərbaycan yeganə ölkədir ki, ləkələnmədən haqqını tələb edə bilməzsən. Qiymət artımına, korrupsiyaya, monopoliyaya, saxta seçkiyə etiraz etsən də, rəsmi təbliğat səni “ermənipərəst”, “vətən xaini” kimi təqdim edəcək. Deməli, heç bir halda nöqsanları dilə gətirmək, neqativ hallara etiraz bildirmək olmaz. Ancaq çirkaba bulaşmış hakimiyyəti tərif etməli, yalançı inkişafı alqışlamalısan.
Hökumətin ən sevimli arqumenti isə “xarici qüvvələr”, “bəzi dairələr” ifadəsidir.
Indi də Nardaranda baş verən hadisələrdə “xarici qüvvələr” axtarmağa başlayıblar. Guya, Tale Bağırzadə bəzi qüvvələrin, bəzi xarici dövlətlərin sifarişin yerinə yetirirmiş.
Doğurdan da Tale Bağırzadə hansısa xarici dövlətin sifarişi ilə terror törətmək istəyirmişsə və bu dövlətin adı hökumətə məlumdursa, bu faktı aydınlaşdırsın. Xalq da bilsin ki, Azərbaycanda terror dalğası əsdirmək istəyən hansı dövlətdir. Gecə-gündüz “xarici dövlət” deməkdən hakimiyyətin dili yara olub. Amma heç kim bilmir ki, bu hansı dövlətdir.
Əgər hökumət bu “xarici dövlət”in kimliyini açıqlamırsa, deməli səslənən fikirlər sadəcə daxildə çaşqınlıq yaratmaq məqsədi güdür. Çünki, bu günə qədər rəsmi təbliğat bu “xarici qüvvələr”in heç vaxt adını açıqlamır.
Ya da hökumət bu xarici dövlətin adını açıqlamaqdan qorxur. Əgər dövləti sarsıtmaq istəyən qüvvənin adını açıqlamaqdan qorxurlarsa, deməli müstəqil deyillər və dövlətçiliyin keşiyində durmaq missiyasından kənardadılar.
Göründüyü kimi hər iki versiya hakimiyyətin arqumentini sıradan çıxardır. Sadəcə olaraq hakimiyyət məchul təbliğatla işini bitmiş hesab edir və ölkədə müstəqil məhkəmə olmadığından heç kim həqiqətin izinə düşə bilmir. Böyük ehtimalla Nardaranda həbs olunanlara ağır cəzalar veriləcək və məhkəmələr əsas məqamlardan yan keçəcək.
Bir sözlə, bu ölkədə bütün neqativlərin başında duran bir qüvvə var, o da mövcud hakimiyyət və onun yarıtmaz siyasətidir.
Samir