Gültəkin Hacıbəyli: «Hakimiyyətin güvəndiyi yəhudi lobbisi artıq nəinki Azərbaycanın, İsrailin öz problemlərini həll etmək iqtidarında deyil»
Xəbər verdiyimiz kimi Avropa Birliyi ilə İsrail arasında münasibətlər son zamanlar kəskinləşib. Buna səbəb AB-nın İsrail ilə bağlı qəbul etdiyi qərardır. İsrail-Fələstin sülh prosesində Avropa Birliyi İordan Çayının Qərb sahilində və İsrailin zəbt etdiyi digər ərazilərdə istehsal etdiyi məhsulların alışına qadağa tətbiq etdikdən sonra, etiraz olaraq İsrail Avropa İttifaqı ilə diplomatik əlaqələri dayandırıb.
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Avropa Birliyinin rəsmiləri və onların nümayəndələri ilə əlaqələrin kəsilməsi münaqişəyə dair prosesi yenidən qiymətləndirilənədək qüvvədə qalacaq.
İsrailin dünya birliyi ilə münasibətlərinin pisləşdiyi və Tel-Avivin yaranmış situasiyanı həll etməkdə aciz olduğu görünür. Amma proseslərin bu formada davam etməsi Azərbaycan hakimiyyəti üçün də yaxşı heç nə vəd etmir. Çünki Rusiyadan sonra Azərbaycan hakimiyyətinin arxalandığı xarici ölkələrdən biri məhz İsraildir. Hakimiyyət məhz İsrail lobbisi ilə sıx əməkdaşlıq hesabına Azərbaycandakı seçki saxtakarlığını ört-basdır etməyə çalışıb.
AB-nın bu qərarının ədalətli yanaşma olduğunu deyən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, nəhayət ki, illərdən sonra Fələstin məsələsinə ədalətli yanaşma sərgiləndi. İsrailin fələstinlilərə qarşı doğurdan da böyük müsübətlər yaşatdığını söyləyən G.Hacıbəyli qeyd etdi ki, bəzən fələstinlilər də mübarizələrində yolverilməz vasitələrə əl atır. Amma G.Hacıbəylinin sözlərinə görə, bütün bunlar işğal faktına görə İsrailin dövlət məsuliyyətini aradan qaldırmırdı: «Əslində fələstinlilərin aqressiyası ondan irəli gəlirdi ki, onlar İsrailin işğal faktı ilə barışmaq istəmirdilər. Analoji durum Qarabağda da mövcuddur. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Belə olan halda fələstinlilərin uzun müddət yaşadıqlarını anlamaq olur. Avropa Birliyinin bu qərarı uzun illərdən sonra İsrail-Fələstin məsələsinə ədalətli baxılmasının sübutudur. Artıq BMT səviyyəsində Fələstin dövləti və onun ərazilərinə hörmət ifadə edilib. Bir çox ölkələr Fələstinlə həmrəyli ifadə ediblər. İşğalçı kimliyindən asılı olaraq dayandırılmalıdır. Ümid edirik ki, Avropa Birliyi Qarabağla da bağlı oxşar mövqedən çıxış edəcək».
İsrailin beynəlxalq aləmdə reytinq itirməsinin Azərbaycanın durumuna necə təsir edəcəyinə gəlincə isə, G.Hacıbəyli vurğuladı ki, Rusiyadan sonra İsrail Azərbaycanın dayağıdır: «Rusiya hazırkı iqtidarın hakimiyyətə gəlməsində müstəsna rol oynayıb. Bu günə kimi də hakimiyyətin davamlılığını təmin edən əsas qüvvədir. Amma Rusiyanın durumu göz qabağındadır. Rusiya ciddi şəkildə çarsılıb. Rusiyadan sonra Azərbaycan hakimiyyətinə ən ciddi dəstək verən ölkə İsraildir. İsrail insan haqları və demokratiya ilə bağlı problemləri üzündən birbaşa Qərbə, ABŞ-a çıxa bilməyən Azərbaycan hakimiyyətinin bu dairələrlə dolayısı təmasını təmin edən ölkə idi. Amma hazırda anlayırıq ki, İsrailin özünün bu dairələrlə problemi var. Artıq hakimiyyətin güvəndiyi yəhudi lobbisi də nəinki Azərbaycanın, İsrailin öz problemlərini həll etmək iqtidarında deyil».
Xəyal