Bu yaxınlarda Dövlət Statistika Komitəsi “2015-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri” adlı hesabat yaymışdı. Hesabatda göstərilirdi ki, bu ilin ilk on ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 45,9 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib. Bu da ötən ilin müvafiq dövründəkindən 3,3 faiz çoxdur.
“Azadlıq” qəzetində tanınmış yazar Şahvələd Çobanoğlu “Qırmızı yalan” adlı yazıda komitənin bu hesabatını təhlil edərkən Dövlət Statistika Komitəsinin “2014-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri” hesabatına istinad edib. Ötənilki hesabatda qeyd olunub ki, 2014-cü yanvar-oktyabr dönəmində ölkədə 49.2 milyard manatlıq umumi daxili məhsul istehsal edilib. Rəqəmləri müqayisə edən müəllif yazıb ki, əgər ötən ilin müvafiq dövründə 49,2 milyardlıq ümumi daxili məhsul istehsal olunubsa, builki 45,9 milyard manatlıq istehsal ondan necə 3,3 faiz çox ola bilər?
Dövlət Statistika Komitəsi sözügedən yazıdakı fikirlərlə razılaşmır. Komitənin sədr müavini Rauf Səlimovun adından “Azadlıq”ın redaksiyasına həmin yazı ilə bağlı şərh daxil olub. Komitənin məktubunda göstərilib ki, statistik göstəricilərə səthi yanaşılıb və nəticə də səhv olub. Ona görə də komitəyə qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdu.
“Məqalədə bütün dünya tərəfindən qəbul olunmuş metodologiya kənara qoyularaq, ÜDM-in hesablanmasına cəhd göstərilib. Istehsal həcminə görə yox, məhsulun dəyərinə istinad edilərək, sensasiya xarakterli əsassız nəticələr oxuculara təqdim olunub. 2014 və 2015-ci illərin yanvar-noyabr aylarında istehsal edilmiş ÜDM-in dəyərində 3,3 milyard manatlıq azalmanın demək olar ki, yeganə səbəbi ötən illə müqayisədə dünya bazarında xam neftin qiymətinin iki dəfəyə yaxın azalması olub. ÜDM-in bu dövrdə real artımı isə 3,3 faiz, o cümlədən neft sektorunda 0,5 faiz, qeyrit-neft sektorunda isə 5,2 faiz təşkil edib.
Bu cür yazılarda komitənin ünvanına irəli sürülən bütün ittihamları rədd edir, onları komitənin işinə qara yaxmaq, onu nüfuzdan salmaq, ölkə ictimaiyyətini çaşdırmaq cəhdləri kimi qiymətləndiririk”, – deyə məktubda qeyd olunur.