Hakimiyyət ictimai-siyasi tədbirlərə imkan vermir, amma başıaşağı sallanmış qızların «şərab şousu»na həvəslə yer ayırır
Xəbər verildiyi kimi Türkiyənin pop ulduzu Tarkanın yeni il gecəsi Bakıda konserti olacaq. Tarkanın 90 dəqiqəlik konsert proqramı ilə çıxış edəcəyi bildirilir. Yeni il gecəsində Tarkanla bərabər, səhnəyə rəqqasəsi Byanka, dc-i Ozan Çolakoğlu, Rusiyanın “Blestyaşie” və “Trapes” şou-rəqs qrupu da çıxacaq.
Gecənin aparıcısı şoumen Ilkin Həsəni deyib ki, yeni il gecəsini Tarkanla birlikdə qeyd edən bakılılara göydən kəndirlə ayaqlarından başıaşağı sallanmış qızlar xidmət göstərəcəklər. Onlar göydən şərab tökəcəklər.
Azərbaycan hökumətinin bu cür əyləncələrə geniş yer verməsi artıq adıi hala çevrilib. Əlbəttə heç kim Tarkanın Bakıda konsert verməsinə etiraz etmir. Bu konsertin qeyri-adiliklərini bir kənara qoyuruq. Amma axı nədən hakimiyyət Azərbaycan üçün əlamətdar günləri belə həvəslə keçirmir. Yaxud keçirmək istəyənlərə imkan vermir. Bakını Islam mədəniyyəti paytaxtı elan edir. Amma dini bayramların keçirilməsinə əngəl olur. Elə bir neçə cün əvvəl dindarların “Qədir-xum” bayramının keçirilməsinə imkan verilmədi. Amma ayaqlarından başıaşağı sallanmış qızların “şərab şou”suna həvəslə yer ayrılır. Hətta buna xeyli pullar sərf edilir.