Jurnalistə Nyu-Yorkda «Azad media» mükafatı veriləcək
Tanınmış jurnalist, “Insan Haqları Uğrunda” Ictimai Hərəkatın rəhbəri Eynulla Fətullayev noyabrın 18-də Amerikaya yola düşür. E.Fətullayevin səfərinin məqsədi Jurnalistləri Müdafiə Komitəsinin “Azad media” mükafatının noyabrın 22-də Nyu-Yorkda keçiriləcək təqdimat mərasimində iştirak etməkdir. E.Fətullayev bu mükafata həbsdə olarkən layiq görülüb. O, dünya üzrə bu mükafatı alan dörd jurnalistdən biridir. Digər jurnalistlər Meksika, Belarus və Şri-Lankadandır: “Çox möhtəşəm bir tədbir olacaq. Tədbirdə ABŞ-ın rəsmi nümayəndələri, tanınmış jurnalistlər, birləşmiş ştatların elitası iştirak edəcək”.
E.Fətullayev bildirib ki, bir həftə davam edəcək səfər çərçivəsində bir çox maraqlı görüşlər də keçirəcək: “Nobel mükafatı laureatı Jozef Stiqlits məni öz evinə dəvət edib. Noyabrın 19-da mən onlarda olacam. Eyni zamanda, ”Numan Rights Watsh”un rəhbərliyi də məni görüşə dəvət edib. Noyabrın 23-də də onlarla görüşəcəm. Daha sonra Jurnalistləri Müdafiə Komitəsinin ofisində həm mətbuat konfransı olacaq, həm də Azərbaycanda ifadə azadlığı sahəsində yaranmış vəziyyət müzakirə olunacaq”.
Gültəkin