Rusiya bu münaqişəyə daha çox batacaq, vaxtilə SSRİ Əfqanıstanda batdığı kimi
Vurulan təyyarəyə görə Putinin Türkiyəni cəzalandırmaq hədələri, çox güman, Kremlin qonşuları ilə münasibətləri gərginləşdikdə istifadə etdiyi ənənəvi formaya keçəcək. Çox güman ki, Türkiyəyə qaz satışına xitam verilməsini və ya Ankara ilə iqtisadi əməkdaşlıqdan imtina etməsini gözləmək olmaz. Yəqin ki, ruslar növbəti dəfə Türkiyəyə istirahətə getməməyə çağırılacaq, Rusiyada isə Türkiyə sahibkarları sıxışdırılacaq.
Bütün vasitələr, çox güman ki, elə bundan ibarətdir. Doğrudur, bir də Jirinovski var, amma onun növbətçi ifadələri da artıq gümləli görünür.
Lakin Ankaraya qarşı istifadə edilə biləcək daha ciddi siyasi məsələlər də var. Ilk növbədə bu, Moskvanın həmişə Ankaraya qarşı oynadığı kürd kartdır. Kürd separatizminin fəallaşdırılması, eyni zamanda Bakı-Ceyhan, Bakı-Kars layihələrinə hədələr tamamilə realdır.
“Türk axını” layihəsindən imtina da kifayət qədər realdır, baxmayaraq ki, Moskva bu layihədə Ankaradan daha çox maraqlıdır. Lakin eyni zamanda Moskva Transxəzər qaz kəmərinə münasibətdə də öz mövqeyini sərtləşdirəcək və Xəzərdə qılınc oynadaraq, ona hər yolla mane olacaq.
Bakıda analitiklər və ekspertlər Moskvanın indi impulsiv olduğu və Putinin hər hansı dəqiq proqramının olmadığı haqqında ümumi rəy bildirir. Çox güman ki, indi Kreml müşavirləri hansısa planlar cızır.
Lakin ən ciddi problem “bundan sonra nə olacaq” sualıdır. Suriyadakı müharibədə iştirak edən Rusiya bu münaqişəyə daha çox batacaq, vaxtilə SSRI Əfqanıstanda batdığı kimi. Müharibənin davam etdirilməsi sadəcə qaçılmaz itkilər, Qərb və digər ölkələrlə münasibətlərin pisləşməsi deyil. Bu, ciddi vəsait itirilməsidir ki, Rusiyanın vəsaiti o qədər də çox deyil.
Rusiya silahlı müxalifətin ləğvinə və Əsədin mövqeyinin möhkəmlənməsinə nail olduqdan sonra Suriyadan çıxa bilər ki, bu da bu gün həll olunmayacaq vəzifə kimi görünür. Moskvanın Ankaranın da, ABŞ-ın da, Avropanın da qarşısına doqquzluq çıxartmaq cəhdi qeyri-ciddi görünür, çünki bu cəhdlər əks-reaksiyaya səbəb olacaq. Bundan başqa, islam radikalları Rusiyaya qarşı müharibəni fəallaşdırır, onlar yeni düşmən və dinsizlərə qarşı mübarizə üçün yeni poliqon əldə edəcək.
Təcrübədə Putinin xarici siyasətinin ciddi nöqsanları və uğursuzluğu müşahidə olunur. Bu, Krım və Donbasdakı macəradan sonra ən böyük uğursuzluqdur, amma görünür, sonuncu deyil.
“Turan”