Koordinasiya Şurası gündəmin vacib məslələrini müzakirə edib
Hakimiyyətin Avropanı da rüşvətə şərik etməsinə qarşı bəyanat verilib
Noyabrın 16-da İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib. KŞ-nın üzvləri toplantıdan əvvəl İctimai Palataya daxil olan partiyaların gənclər təşkilatlarının rəhbərləri ilə görüş keçirib, Palatanın Gənclər Komitəsinin işinin təşkili ilə bağlı onların təklifləri dinlənilib.
KŞ-nin iclasında isə hakimiyyətin korrupsioner fəaliyyətinin beynəlxalq problemə çevrilməsi ilə əlaqədar bəyanat qəbul olunub. İctimai Palata Azərbaycan hakimiyyət təmsilçilərinin Avropa strukturlarında da rüşvət yolu ilə mənafelərini təmin etməyə çalışmaları barədə son vaxtlar dünyanın bir sıra nüfuzlu KİV və siyasətçilərinin səsləndirdikləri fikirlərə diqqət cəlb edib. Bununla bağlı bəyanatda vurğulanır ki, Azərbaycan hakimiyyətinin bu addımları ölkənin nüfuzuna ciddi ziyan vurur. İctimai Palata Avropa strukturlarını da Azərbaycanla bağlı mövqe sərgiləyən zaman diqqətli olmağa çağırır.
Bəyanatın tam mətni informasiyanın sonunda
KŞ gündəmdə olan başqa mövzuları da müzakirə edib. Dini Etiqad Azadlığı Haqqında qanuna edilən son dəyişikliklər ölkədə hökumətin vicdan azadlığına qarşı basqıları artırmaq cəhdi kimi qiymətləndirilib.
Palata İslam Partiyasının təşəbbüsü ilə «Aktyorlar evində» Qədir-Xum bayramının keçirilməsinə yaradılan maneəni də müzakirəyə çıxararaq narahatlığını ifadə edib. Bunu vətəndaşların həm dini etiqad, həm də sərbəst toplaşmaq azadlığının pozulması kimi dəyərləndirilib.
KŞ noyabrın 15-də gənclərin təşkil etdiyi piketin nəticələrini də müzkirə edib. Qeyd olunub ki, aksiyaya qarşı polis zorakılığı və həbslər Azərbycan iqtidarının bütün beynəlxalq təzyiqlərə baxmayaraq sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaqda qərarlı olduğunu göstərir.
İctimai Palata həmçinin vicdanlı mövqe nümayiş etdirən ziyalılara qarşı son günlər başlanan təzyiq kampaniyasını da müzakirə edərək pisləyib. Bunu Sovet dövrünə xas təbliğat, inzibati resurslardan istifadə ilə fərqli düşünənləri gözdən salmaq və avtoritarizmi gücləndirmək cəhdi kimi qiymətləndirib.
Ölkədə sosial problemlər, qışa hazırlıq səviyyəsinin yarıtmazlığı,bölgələrdə xüsusilə Nardaranda elektrik və istiliyin olmamasından
əhalinin dözülməz şəraitdə yaşamağa məhkum edilməsi də müzakirə mövzusu olub.
İnformasiya şöbəsi
Azərbaycan hakimiyyətinin korrupsioner fəaliyyətinin beynəlxalq problemə çevrilməsi ilə bağlı İctimai Palatanın Koordinasiya Şurasının
Bəyanatı
16.11.2011, Bakı şəhəri
Son günlər Azərbaycan hakimiyyətinin korrupsiya arealını Avropanın mərkəzinə qədər genişləndirməsi barədə silsilə xəbərləri İP ciddi narahatlıqla qarşılamaqdadır.
Dünyanın nüfuzlu media orqanları, siyasətçi və diplomatları Azərbaycan hakimiyyətinin korrpusiya cinayətlərini göstərən faktları ümumi sözlərdən uzaq, konkret detalları ilə ictimailəşdiriblər. Həmin faktlardan bəlli olur ki, Azərbaycan daxilindən korrupsiyanı əsas idarəetmə vasitəsinə çevirən və pik həddə çatdıran Əliyevçi hakimiyyət bu “uğurlu təcrübəsini” Avropa sərhədləri daxilinə də tətbiq etməkdədir.
Təkcə son iki həftədə ortaya çıxan müsahibə və yazılar göstərir ki, Azərbaycan hakimiyyəti insan hüquq və azadlıqlara qarşı etdiyi qanunsuzluqları ört-basdır etmək, milli maraqlar adı altında əslində avtoritar rejimi möhkəmləndirmək üçün bir sıra Avropalı məmurlara pul ötürmüş və ya belə çirkli oyuna ortaqlar axtarmışdır. Qeyd edilən faktlar AŞ PA-nın məruzəçisi K.Ştrasselin açıqlamasında, Beynəlxalq Boks Fedarasiyasına rüşvət verilməsi ilə bağlı BBC-nin reportajlarında və “The Guardian” qəzetinin bir neçə sayında əks olunub.
İP KŞ təəssüflə bəyan edir ki, Azərbaycan hakimiyyətinin yağlı təkliflərinə bəzi Avropalı siyasətçilər “yox” deyə bilmir, korrupsioner sövdələşməyə gedilir, demokratik prinsiplərin əzilməsinə göz yumulur.
İP KŞ hakimiyyətə korrupsioner fəaliyyətinin milli sərhədləri aşması ilə bağlı çağırış edərək bu əməlin ölkəmizin beynəlxaq səviyyədə rüsvay olunması ilə nəticələndiyini xatırladır və Əliyevçi hakimiyyətə bir azca da olsa Azərbaycanın imicini düşünməyi tövsiyyə edir.
İP KŞ dünya birliyinə də Azərbaycan iqtidar təmsilçiləri ilə davranışda ehtiyatli və diqqətli olmağa çağırır. İP KŞ bəyan edir ki, şirnikləndirici təkliflərin qarşılığında ümumbəşəri dəyərlərin satılması cinayət olmaqla yanaşı həm də demokratiyanın gələcəyini sual altında qoyur; bu hal avtoritar rejimlərə xalqı əzmək üçün münbit şərait yaradır, avtoritar idarəetmə həvəsində olanlara isə stimul verir.
İP KŞ Azərbaycan hakimiyyətinin korrpusioner fəaliyyətinin Avropa daxilinə sirayət etməsini beynəlxaq bəla kimi dəyərləndirir.
Azərbaycanda köklü dəyişikliklər, demokratik idarəetmə və prinsiplərin bərpası üçün mübarizə aparmağı əsas məqsəd seçən İctimai Palata
dünya birliyini qlobal miqyas alan avtoritar-korrpusiyaçı Əliyev rejiminin əməllərinə biganə qalmamağa, aparılan mübarizədə Azərbaycan xalqına mənəvi dəstək olmağa səsləyir.